Panel iclasının aparıcısı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov olub.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxışında Şuşada emosional çıxış etməyin çətin olduğunu söyləyib: “Bu gün Prezident İlham Əliyevin qurultayda çıxışı konseptual xarakter daşıdı, qarşıya qoyulan vəzifələri müəyyənləşdirdi. Bəzən deyirlər ki, dünyada möcüzə olmur. Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman övladlarımız bizə bu Zəfəri bəxş etdi”.
Hikmət Hacıyev qeyd edib ki, 44 gün ərzində diasporun qəlbi Azərbaycanla döyünüb: “Postmüharibə dövründə də qarşımızda bir sıra vəzifələr durur. Bizim Azərbaycan kimi xoşbəxt bir Vətənimiz var. Qürbətdə həyat şəraitinin nə qədər çətin olduğunun mən də şahidi olmuşam. Misirdə, digər ölkələrdə diplomatik vəzifələrdə işləmişəm. Mən bu gün sizin üzünüzdə təbəssümün dəyişdiyini görürəm. Çünki biz qalib xalqıq”.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva diasporu yaşadıqları ölkələrdə istedadlı diaspor nümayəndələrinin layiqli yer tutmasına dəstək verməyə çağırıb: “Biz erməni diasporunun, lobbisinin yaşadıqları ölkələrdə müvafiq qurumlarda yüksək yer tutmasından, o cümlədən qərarların qəbuluna təsir göstərə bilməsindən danışırıq. Bizim yeni nəsil diaspor nümayəndələri də fəaliyyətlərində bu məqamı nəzərə almalıdırlar”.
Almaniya Azərbaycanlıları Alyansın sədri, tibb elmləri doktoru Nuran Abdullayevə söz verən Fuad Muradov Almaniyadakı diasporumuzun Vətən müharibəsi dövründə fəaliyyətinin xüsusən aktiv olduğunu vurğulayıb.
Nuran Abdullayev nəzərə çatdırıb ki, diaspor fəaliyyətindəki inkişafın yeni mərhələsinə çatmışıq: “Gələcək fəaliyyət istiqamətləri akademik və qeyri-akademik səviyyələr olaraq ayrılmalıdır. Vəzifə və məqsədlərdən danışarkən düşünürəm ki, Vətən müharibəsi zamanı yaşadıqlarımızı göz qabağına gətirmək və bizə qarşı doğru olmayan mövqeləri düşünərək yola çıxmaq lazımdır. Belə ki, bundan sonrakı mərhələdə bizi tanımayanlara Azərbaycanın necə sülhpərvər ölkə olduğunu və cənab Prezidentin dediyi kimi düşmənə yalnız döyüş meydanında beynəlxalq qanunlar çərçivəsində cavab verən ləyaqətli bir ölkə olduğumuzu göstərməliyik. Fəaliyyət istiqamətində bizim Vətən müharibəsində ləyaqət prinsipini əsas tutmağımız önə çıxarılmalıdır. Bu cür fəaliyyətlərin intensivliyini daha da aktiv etmək üçün bu gün ölkədə olan, amma xarici ölkələrdə dövlətçilik prinsiplərini əsas tutaraq müvafiq ixtisaslarda təhsil ala biləcək gənclərə şərait yaradılmalı və onların seçiminə xüsusi diqqət yetirilməlidir. Bu yol xəritəmizin önəmli meyarlarındandır. Bundan əlavə, Azərbaycan diasporunun yol xəritəsində çox önəmli yer tutacaq digər məsələlərdən biri də xarici ölkələrdəki media gücümüzü inkişaf etdirməkdir ki, bunun da önəmini bir daha Vətən müharibəsində gördük. Buna da ən üst səviyyədə ixtisaslı kadrlara və eləcə də gənclərə jurnalistika sahəsində xaricdə təhsil almaq şəraiti yaratmaqla, onlara dəstək olmaqla ən etibarlı şəkildə nail olmaq mümkündür. Gəlin, diaspor nümayəndələri olaraq Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq və lazım olanda bəzi qüvvələrin yalanlarını ifşa etmək məsələsində cənab Prezidentdən nümunə götürək!”.
Gürcüstanın İş Adamları Birliyinin sədri Nəriman Qurbanov tarixi Zəfər nəticəsində bu gün Şuşada qurultayın keçirildiyini söyləyib: “Vətən müharibəsində Gürcüstan əsilli azərbaycanlılar da şəhidlik zirvəsinə ucalıblar. Ötən il Azərbaycanın Gürcüstandakı səfirliyi ilə birlikdə Vətən müharibəsinin ildönümü ilə bağlı tədbir keçirilib. Onu da qeyd edim ki, Azərbaycan və Gürcüstan arasında münasibətlər yüksək səviyyədədir və bunun əsasını Ümummilli lider Heydər Əliyev qoyub. Bu gün iki ölkə arasında əlaqələr Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində daha da inkişaf edib. Mən Gürcüstandan olan iş adamlarının da iştirakı ilə Şuşada biznes-forumun keçirilməsini təklif edirəm”.
Türkiyənin “Star” qəzetinin xarici siyasət yazarı, araşdırmaçı jurnalist Sevil Nuriyeva bu gün Şuşada olmaqdan qürur duyduğunu vurğulayıb: “Bu gün jurnalistlərimizin səsi böyük ölkələrin KİV-indən gəlməlidir. Yeri gəlmişkən, Diasporla İş üzrə Dövlət Komitəsi son illər müxtəlif baxışlara malik insanları da bir araya gətirib. Buna görə Dövlət Komitəsinə təşəkkür edirəm”.
Qurultay iştirakçıların sual və təklifləri ilə davam edib. Sualları cavablandıran Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, bu gün dünyada bir super güc var, bu, ictimai rəydir.
Hikmət Hacıyev deyib ki, sosial media ictimai rəylə bağlı məsələləri gücləndirir: “Bizə qarşı çirkin kampaniyalar aparılır. Dünən məğlub, bu gün qalib dövlətik. Qalib dövlət kimi bizə qarşı daha çox çirkin kampaniyalar aparılacaq”.
Hikmət Hacıyev qeyd edib ki, bu günə qədər faciə amili bizi birləşdirib: “Bu faciənin, humanitar fəlakətin aradan qaldırılması üçün diasporla birgə mübarizə apardıq. Bu gün bizi birləşdirən dəyər nədir? Azərbaycançılıq məfkurəsidir. Digər tərəfdən, bu gün Qarabağın yenidən qurulması Azərbaycanın yeni inkişaf mərhələsi olacaq. Ən müasir modellər məhz Qarabağda tətbiq olunacaq. Bu məfkurə ətrafında sizlərin də bu prosesə töhfənizi verməniz vacibdir”.
Hikmət Hacıyev iqtisadi diplomatiyanın önəmli olduğunu vurğulayıb: “İqtisadi diplomatiya Azərbaycanda istehsal olunan malların ixracı, xaricdən yeni texnologiyaların Azərbaycana gətirilməsini ehtiva edir. Bu istiqamətdə sistemli fəaliyyət aparılmasına ehtiyac var və diasporumuzun da bu istiqamətdə fəaliyyəti önəmlidir”. (APA)