Bunu Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elmir Mehdiyev bildirib.
"Ümumilikdə stadionun tikintisi üçün 19 hektar torpaq sahəsi ayrılıb. Tikintinin alt sahəsi 66 min kvadratmetrdir, ümumi sahəsi 90 min kvadrat metrdir. Stadionda UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun, bütün tələblər nəzərə alınaraq, futbolçular üçün müvafiq paltardəyişmə otaqları, hakimlər üçün otaqlar, konfrans zalları, media zonası və sair bu kimi tələb olunan sahələr nəzərdə tutulub. Ümumilikdə stadion 11 700 tamaşaçı tutumuna malik olacaq. Əsas meydandan əlavə, bir ədəd köməkçi meydança da nəzərdə tutulub. Həmçinin şəhər əhalisi buradan park zonası kimi də istifadə edə biləcək. Bunun üçün stadionun ərazisində müvafiq şərait yaradılacaq. Stadion ərazisində fitnes zalı, restoranlar və digər ictimai iaşə obyektləri inşa ediləcək ki, şəhər əhalisi bundan rahat və tam şəkildə istifadə edə biləcək".
O, stadionun tikinti layihəsinin Gənclər və İdman Nazirliyinin sifarişi ilə hazırlandığını vurğulayıb:
"Layihə Gənclər və İdman Nazirliyinin sifarişi ilə hazırlanıb. Sentyabrın 19-da bu möhtəşəm memarlıq quruluşuna malik olan stadionun təməli qoyulub". (Report)