Media nümayəndələri ilk olaraq Xocavənd rayonunun Xocavənd kəndində olublar. Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Fidan Məmmədli kənddə görülmüş bərpa-quruculuq işləri bağlı məlumat verib. Bildirib ki, Xocavənd rayonunun Xocavənd kəndi 2023-cü ilin sentyabrında Silahlı Qüvvələrimizin antiterror tədbirləri nəticəsində işğaldan azad edilib.
Burada ümumilikdə 278 fərdi ev var. Onlardan 128-i yararsız, 150-si isə qismən yararlıdır. Qismən yararlı evlərin 20-si artıq təmir olunub, bu il daha 130 evdə təmir işləri aparılacaq.
Bu ilin fevralında Xocavənd kəndinə 20 ailə - 94 nəfər qayıdıb. Cari ilin mart-dekabr aylarında kəndə daha 130 ailə - 533 nəfərin qayıtması planlaşdırılır.
Ötən müddət ərzində kənddə bir sıra sosialyönümlü işlər görülüb. Belə ki, 5 kilometr uzunluğunda daşıyıcı qaz xətti çəkilib, 1500 metr uzunluğunda mövcud xətt bərpa edilib. Bundan başqa, 2100 metr uzunluğunda 0,4 kV-luq mövcud xətlər və 2 transformator məntəqəsi bərpa olunub. Kənddaxili yollar asfaltlanıb, piyada yolları çəkilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. (APA)