Füzuli şəhərinin planlaşdırılması ilə bağlı hədəflərdə dayanıqlı inkişaf, "Ağıllı şəhər" modelinin qurulması əsas istiqamətlər içərisində yer alıb.
Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov Bakıda keçirilən Zəfər Gününə həsr olunmuş elmi-praktiki konfransda deyib.
Onun sözlərinə görə, şəhərin mərkəzi hissəsində "Blue Zone" yanaşmalarının tətbiqi təklif edilir: "Blue Zone" planlaşdırmada yeni bir istiqamət olaraq nəzərdən keçirilir. Şəhər ərazilərində mütəxəssislərin araşdırması nəticəsində uzun ömürlüyü şərtləndirən kriteriyalar müəyyənləşib və bu kriteriyalar əsasında şəhər planlaşdırmaları həyata keçirilir".
Sədr müavini əlavə edib ki, Füzuli şəhərinin Baş Planında dəmir yolu və avtovağzal əraziləri də nəzərdən keçirilib: "Füzuli şəhərinin bir xüsusiyyəti budur ki, burda Zəfər yolundan başqa, Füzuli-Şuşa avtomobil yolu şəhərə bitişik ərazidən keçir, həmçinin Füzuli -Şuşa dəmir yolu xətti də burdan keçəcək ".