12.03.2026, 15:44
AZ EN
12.03.2026, 14:36 201

İşğaldan azad edilmiş ərazilərdə tibbi xidmətin təşkili

QARABAĞ
  • Qarabağ və Şərqi Zəngəzurda səhiyyə infrastrukturun yenidən qurulması və tibbi xidmətin təşkili “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilir. Hazırda həmin ərazilərdə planlı şəkildə müasir tibb müəssisələri qurulur.

TƏBİB tərəfindən yaradılan ailə sağlamlıq mərkəzləri, modul tipli xəstəxanalarda əsasən təcili yardım, terapevtik, pediatrik, stomatoloji və mama-ginekoloq xidmətləri təqdim olunur. Bəzi ərazilərə köçürülən vətəndaşlara isə müvəqqəti olaraq hərbi hospital və ya tibbi məntəqələrdə xidmət göstərilir. Şuşa Modul Tipli Xəstəxana Qarabağda açılan ilk səhiyyə müəssisəsidir. Burada təcili tibbi yardım, laboratoriya, reanimasiya və cərrahiyyə xidmətləri göstərilir. Həmçinin Şuşa Müalicə-Sağlamlıq Mərkəzi də 2025-ci ilin mayından fəaliyyətə başlayıb. Ağalı Ailə Sağlamlıq Mərkəzi (Zəngilan) "Ağıllı kənd" layihəsi çərçivəsində 2022-ci ildə qurulub. Laçın və Xocalı şəhərlərində fəaliyyət göstərən xəstəxanalar həm ambulator, həm də stasionar xidmətlər göstərir. Kəlbəcər və Hadrutda qurulmuş  tibb məntəqələri və xidmət qrupları isə doğma yurduna köçürülmüş ailələrin və burada çalışan işçilərin sağlamlığının keşiyində dayanır. Hazırda işğaldan azad edilmiş ərazilərdə TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 80-dən çox tibb işçisi işlə təmin edilib. Tibb ocaqları  ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsi, ilkin cərrahi müdaxilələr üçün avadanlıq, cihaz, alət və ləvazimatlarla təchiz olunub. Paralel olaraq həmin ərazilərdə tibbi xidmətin təşkili ilə məqsədilə infrastrukturların qurulması və ya genişləndirilməsi prosesi davam edir.  İşğaldan azad edilmiş ərazilərdə ən böyük tibb ocaqlarından biri Ağdamda qurulur. Hazırda Ağdam şəhərində müasir standartlara uyğun Mərkəzi Xəstəxananın tikintisi davam edir. Həmçinin Füzuli, Cəbrayıl və Qubadlı rayonlarında da analoji tibb müəssisələri qurulur. 

Röya SALMANQIZI

Oxşar xəbərlər