31.07.2025, 12:42
AZ EN
30.07.2025, 16:06 217

Qəlbi işıqlı həkim

YAZILAR
  • Mən deyərdim ki, Murad Muradov deyəndə Qubadlı, Qubadlı deyəndə Murad Muradov yada düşür...

Ona görə ki, Murad Muradov doğma Vətənə, Qubadlıya qanıyla, canıyla bağlı bir insandır...Vətənin dərdi ilə dərdlənən, Zəfəri ilə qürurlanan bir insandır...

O, təkcə həkim deyil, eyni zamanda insanların dərd ortağıdır, sevinc qaynağıdır... O, həm də səbrli dinləyicidir, müdrik məsləhətçidir...Xeyirxahdır...

85-86-cı illərdə rayon qəzetində bir neçə dəfə onun haqqında məqalə yazmışdım.

Haqqında yazdığım ilk məqaləm belə başlayırdı:

Sənin hər gəlişindən,

Ümid, təsəlli yağır.

Mehriban gülüşündən,

Xəstələrin ruhlanır.

Şirin sözlərinlə sən

Hər qəlbə yol tapırsan.

Gecələr yatmayırsan,

Arayıb axarırsan,

Sən ən ağır xəstəni həyata qaytarırsan.

Şəfalı əllərinlə xəstəni sağaldırsan.

Çöhrəsi nurlu həkim,

Əli şəfalı həkim!

Qəlbi işıqlı həkim!

...O vaxtlar kəndimizdə 2 savadlı həkim vardı: Murad Muradov və Ağamalı Babayev. Sonradan istedadlı həkim Kamilə Allahverdiyeva da bu sıraya qatıldı. Çətin dövr idi. Kəndimizin bu 3 bacarıqlı həkimi elə bir qapı olmazdı ki, o qapıdan içəri girməsinlər, xəstələrə tibbi yardım göstərməsinlər. Özü də təmənnasız, qazancları isə insanların hörməti olardı...

Bu ənənə rayonumuzun işğalından sonra da davam elədi. Doğma yurdunu, ev-eşiyini tərk etmək məcburiyyətində qalan məcburi köçkün həyatı yaşayan rayon camaatı ayrı-ayrı ərazilərdə, şəhər və rayonlarda, bölgələrdə məskunlaşsalar da, yenə də Murad həkimin, Ağamalı həkimin, Kamilə həkimin işlədikləri xəstəxanaları tapır, onların müalicəsini alırdılar...

Bu gün həm kəndimizdə, həm rayonumuzda və digər bölgələrdə vətənpərvər ziyalı kimi, təcrübəli həkim kimi böyük nüfuz qazanmış Hacı Murad Muradovun 70 yaşı tamam olur.

Qarabağ Müharibəsi Veteranı, ehtiyatda olan Tibb xidməti Polkovniki Murad Əhməd oğlu Muradov 1955-ci il iyulun 30-da Qubadlı rayonunun Dəmirçilər kəndində doğulub. Orta təhsilini (1962-1972) Qubadlı rayonunda alıb. 1972-ci ildə Tibb İnstitutuna qəbul olub. 1978-ci ildə isə institutu bitirərək həkim işləyib.

1979-cu ildə Qubadlı Rayon Mərkəzi Xəstəxanasında təcili yardım şöbəsində çalışıb. 1982-ci ildə Həkimləri Təkmilləşdirmə İnstitutunda nevropatoloq ixtisası üzrə, 1987-ci ildə uşaq nevrologiyası üzrə Moskva Ü.İ.H.T. İnstitutunda kurs keçib.

1992-ci ilə qədər Qubadlı Rayon Mərkəzi Xəstəxanasında şöbə müdiri vəzifəsində çalışıb.

1992-ci ildə könüllü orduya yazılan Murad Muradov orduda tibb xidməti rəisi kimi fəaliyyətini davam etdirib.

1993-cü ildə 4 ay poliqonda, 1994-cü ilin yanvarında Ağdam cəbhəsində, fevral ayında Horadiz qəsəbəsində, 1994-1995-ci illər Pirəkəşkül qəsəbəsində, 1995-1996-cı illər Naxçıvan MR-da, 1996-2013-cü illərdə Mərkəzi Hərbi Hospitalda fəaliyyətini davam etdirib.

Murad Muradov öz peşəkarlığı və vətənpərvərliyi  ilə döyüşçülərin yaddaşında dərin iz buraxan fədakar həkimlərimizdəndir.

  2013-cü ildən bu günə qədər müxtəlif klinikalarda çalışan Murad Muradov

həmçinin 1994-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycan Bayrağı Ordeni ilə təltif edilib.

Tibb sahəsində 40 il təcrübəsi olan dəyərli həkim, vətənpərvər ziyalı Hacı Murad Muradov öz ömrünü xalqının sağlamlığına həsr edib. Peşəsini şərəflə, layiqincə yerinə yetirərək hər zaman pasiyentlərin rəğbətini qazanıb.

Peşəkarlıq həkim sənəti üçün xüsusilə vacib olan keyfiyyətdir. Bu isə öz işini dərindən bilib, böyük məhəbbətlə sevməkdən, həmişə yenilik axtarışında olmaqdan, biliyini zənginləşdirməkdən yaranır.  Murad həkimə üz tutan insanlar da həmişə bu əli şəfalı həkimdən razılıqla ayrılıb, ona hər zaman minnətdar olublar. Çünki o, neçə-neçə insanların həyatına, ömrünə nur, şəfa bəxş edib. Onun zəngin təcrübəsi, dərin biliyi, insanpərvərliyi və xəstələrə göstərdiyi diqqət və qayğısı sayəsində yüzlərlə insan öz sağlamlığını bərpa edib. Bu müqəddəs missiya ilə o həm də cəmiyyət üçün parlaq bir nümunə olub. 70 illik ömrünün çox hissəsini insanlara şərəflə xidmət edərək onları sağlamlığının keşiyində dayanıb. Hər zaman öz işinə sevgi ilə yanaşan, xəstələrin dərdini öz dərdi bilən bir həkim kimi haqqında daim hörmət və minnətdarlıqla söhbət açılır.

 Hacı Murad Muradovu yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və yeni uğurlar arzulayırıq, 100 yaşasın, sağlam yaşasın!

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər