12.10.2024, 12:33
AZ EN
04.02.2022, 10:24 254

Dünyanın hər yerindən görünən qarabağlı

YAZILAR

Heydər Əliyev sarayında möhtəşəm konsert təşkil olunub. İllərdir efirdən, filmlərdən, tamaşalardan eşitdiyimiz mahnılar bu dəfə canlı səhnədən qanadlanır. Xalq artisti Polad Bülbüloğlu oxuyur. Yaşına uyğun gəlməyən çevik hərəkətləri və plastik jestləri ilə də zövq oxşayır.

Onun mahnılarında qəribə bir pozitivlik var. Müşayiət və ümumi ab-hava bu müsbət auranı tamamlayır. Hələ ifaların xoş nostaljisini yaşayan yaşlı Bakı sakinləri, allah bilir, nələr görür, nələr eşidir, nələr hiss edirlər...

Birdən səhnəyə ağırlıq çökür, əvvəlki şən-şux əhval yoxa çıxır, zalın ən ucqar guşəsi də sakitliyə gömülür.

Polad Bülbüloğlu Şuşadan danışır!

Bülbül ömrünün sonlarına yaxın oğlunu yanına çağırır, deyir, maşını sazla, Şuşaya gedirik! Gənc Polad özü ilə operator da götürür. Bu görüşün təsadüf olmadığını hiss edir.

İndi səhnədəki nəhəng ekranda izlədiyimiz kadrlar həmin o səfərin yadigarıdır. Bülbül Şuşadakı evinə gedir, həyətə girir və doğulub böyüdüyü yosma evə baxdıqca baxır...

Bu, Bülbülün Şuşa ilə, doğma həyətləri ilə son görüşüdür.

Fonda öz səsi eşidilir:

Xatirə dəftərim durur qarşımda

Dolanır bir ölməz sevda başımda...

Bülbül Şuşa ilə vidalaşır. Zaman keçəcək, məlum olacaq ki, sən demə, bu kadrlarla Şuşa da bizimlə vidalaşırmış. İllər uzunu Bülbülün itkisi üçün kədərlə izlədiyimiz videolent həm də Şuşa itkisi ilə qəlbimizdən ağır yük kimi asılacaq. 

Qəfil Polad Bülbüloğlu Şuşanın qarşısında, Bülbülün qarşısında, bitib-tükənməyən bu həsrətin qarşısında diz çökür. Zalda nisgilli bir uğultu dolaşır. Tamaşaçılar susmaq, yoxsa alqışlamaq lazım gəldiyini aydınlaşdıra bilmir. Polad atasına qoşulub oxuyur və gözlərindən yaş axır...

Uzun müddət nazir işlədi Polad müəllim. Zaman-zaman onun müğənni kimliyi arxa plana keçdi. Nazir kimliyindən narazı olanlar da bəzən sənətkar kimliyinin üstünə getdilər. Musiqimizə gətirdiyi yenilikləri ənənələrlə toqquşdurub süni dramaturgiya düzəltməyə çalışdılar. Lakin haqq üzülmür. Polad Bülbüloğlunun musiqi istedadı danılacaq hadisə deyildi.

SSRİ boyda nəhəng ölkənin elə bir guşəsi yox idi ki, onu tanımasınlar, sevməsinlər. Heydər Əliyev sarayında verdiyi konsert isə uzun illər yüksək vəzifədə işləmiş bir “hökumət adamı”nın sənətə yenidən qayıdışı idi. Yaşının irəliləməsinə baxmayaraq canlı ifaları və çevik rəqsləri ilə taxtından enmədiyini göstərirdi.   

Bülbüloğlunun həm də bir bəstəkar kimliyi vardı. Ən gərgin işlərin, yorğun günlərin içərisində susmurdu. Müxtəlif janrlarda yaratdıqları bir yana, “Eşq və ölüm” baleti kimi irihəcmli səhnə əsərini da yazmağa fürsət tapdı. Həm Bakıda, həm Moskvada təntənəli təqdimatı keçirildi.

İlk peşəkar klip çəkdirənlər arasında da Polad Bülbüloğlu vardı. Məşhur “Gəl, ey səhər” mahnısına Türkiyədə çəkdirdiyi və özünün də oynadığı klip bu gün də janrın ən yaxşılarından hesab olunur.

Filmoqrafiyasına baxanda adam xeyli təəccüblənir. Sən demə, “Babək” və “Uşaqlığın son gecəsi” kimi ekran şedevrlərimizdən əlavə daha neçə-neçə məşhur filmin bəstəkarı olub: “Yol əhvalatı”, “İstintaq davam edir”, “İşgüzar səfər”, “Var olun, qızlar”... “Qorxma, mən səninləyəm” filmində isə həm də müğənni və aktyor kimi çıxış edib. Mahnıları və səsi ilə estetik möcüzəyə çevirdiyi “Mən mahnı qoşuram” filmini də unutmaq mümkün deyil.

Musiqi yazdığı “Hökmdarın taleyi”, “Dolu”, “Yarımçıq xatirələr” filmlərinin hər üçü Qarabağ müharibəsindən bəhs edir. Və elə bu məqamda Polad Bülbüloğlunun qarabağlı kimliyi ilə bir daha üz-üzə qalırıq.

Şuşanın simvollarından birinə çevrilən Bülbülün ailəsində doğulasan, günlərin birində bütün qanınla-canınla bağlı olduğun ata ocağın zalım düşmən tərəfindən işğal edilə... Bir gün isə atanın öz doğma yurdunda güllələnmiş büstü gəlib Bakıya çıxa...

İndi o heykəlin qarşısına çıx.

Onun dilsiz suallarına cavab ver.

Ağır dərddir!

Polad Bülbüloğlu bütün həyatı və fəaliyyəti boyu Qarabağ təəssübkeşi kimi tanınıb. Bunu ən ədalətsiz adamlar belə dana bilməz. Ümumiyyətlə, onun mövcudluğu ən azı postsovet məkanında Qarabağın işğal faktını yüksək dairələrin daimi diqqətində saxlayıb. Şəxsən mən Polad müəllimi efirdə, tədbirlərdə, siyasi görüşlərdə – harda görmüşəmsə – bir anlıq da olsa, Şuşanı xatırlamışam. Xalq diplomatiyası xətti ilə Şuşaya məlum səfəri zamanı bir çox erməni rəhbərlərin onun qarşısında utandığını müşahidə etdim. Şuşada ata evinin qonşuluğunda məskunlaşan sadə erməni isə, az qala, bütün baş verənlərə görə üzr istəyəcəkdi. Xarakterindən asılı olmayaraq bütün insanlar qəlbinin dərinliyində həqiqəti bilir və özünün pis əməlindən, azca da olsa, xəcalət çəkir.

Polad Bülbüloğlu, bax, həmin o həqiqət idi, durmuşdu hər kəsin gözünün qabağında.

Həm də hər yerdən görünən, hamı tərəfindən qəbul edilən bir həqiqət...

Hətta o, nazir kimi, diplomat kimi, sənətkar kimi müəyyən etiket qaydalarını pozmaq bahasına da olsa, öz vətən təəssübünü nümayiş etdirirdi. Axı Qarabağ nisgili bütün çərçivələri vurub-dağıdırdı və ruhu, qəlbi olan hər kəs bunu anlayışla qarşılayırdı.       

Şuşa azad olunanda xəyalımıza çoxlu insanlar gəldi. Çünki bu balaca şəhər öz tarixi şəxsiyyətləri ilə doğrudan da bir fenomendir. Şübhəsiz, Bülbülü də xatırladıq. Onun həyətini, dağılmış evini və büstünü gördük. Ölkə başçısı məhz o həyəti ziyarət etdi, ev-muzeyi qısa vaxtda təmir olundu. Şuşanın ilk ziyarətçiləri arasında Polad Bülbüloğlu da vardı. Cidir düzündə keçirilən “Xarıbülbül” festivalında biz onu milli paltarda gördük. Səhnəyə çıxdı. Oxudu. Rəqs etdi. Artıq güllələnən büstlər də “yaralarını” sağaldıb öz yerlərinə qayıtmışdılar.

Tale ahıl çağında Polad Bülbüloğluna ən böyük hədiyyəsini eləmişdi!   

Fevralın 4-ü dünyanın ən böyük qarabağlılarından olan Polad Bülbüloğlunun doğum gündür. Onun 77 yaşı tamam olur. Yenə də işinin başında, yenə də sənətinin içindədir.

Xalq şairi Musa Yaqub 77 yaşa “qoşa çəliklər” deyirdi. Özü o yaşda əsa ilə gəzirdi, yəqin buna görə... Lakin Polad Bülbüloğlunun nə tək, nə qoşa çəliyə ehtiyacı var. Onun yaşındakı rəqəmlərlə qoşa çəliklər arasında yalnız zahiri oxşarlıqlar var. Qəddi şux, addımı iti, əhvalı yaxşıdır. Xüsusən Şuşaya qovuşandan sonra.

Sənətkarı ürəkdən təbrik edir, sağlamlıq və sevgi dolu həyat arzulayırıq.

Şərif AĞAYAR

Oxşar xəbərlər