08.09.2024, 05:42
AZ EN
25.02.2022, 10:40 598

Unudulmaz qarabağlı

YAZILAR

Çox zaman şəhərlərin, hətta bəzən böyük bir coğrafiyanın taleyini ali təhsil ocaqları müəyyən edir. Tələbəsi, müəllimi, daxili strukturu, üzləşdiyi irili-xırdalı çətinliklə cəmiyyəti aydın şəkildə əks etdirir. Bu mənada vaxtı ilə Xankəndidə fəaliyyət göstərən pedaqoji institutun taleyi bir xeyli Qarabağın, qarabağlıların taleyi ilə paralelləşdi.

Milli münaqişə də, bəlkə, ən tez bu ali təhsil ocağında özünü göstərdi. Elə ilk SOS siqnalını çalanlar da institutun azərbaycanlı müəllimləri idi. Onların arasında bir neçə gün əvvəl vəfat etmiş şair-dramaturq, alim-filoloq Ənvər Əhməd də vardı.

Ömrünün 18 ilini ermənilərin içində keçirmişdi. Özü demiş, onların cik-bikinə bələd idi. Obraz da onundur: deyir, perestroyka oyunları başlayanda daşnaklar Xankəndində ilk dəfə burunlarını göstərdilər, sonra başları göründü, daha sonra boyunları, başları və bədənləri – biz nə qədər o vaxtkı respublika rəhbərliyinə müraciət etsək də, Qafqazı qana çalxayan bu şovinistlər ayaq tutub yeriyənəcən heç bir tədbir görülmədi. 

Xocalı qatili Serj Sarkisyan Xankən­dində komsomol komitəsinin birinci katibi işləyirdi və əlindəki səlahiyyətlərdən geninə-boluna istifadə edirdi.

Hər şey məşhur Qarabağ xanı İbrahim xanın bağ evi kimi salınmış bu qədim şəhərimizin küçələrində saqqallıların sayının artması ilə başladı. Ta o vaxtacan ki, Xankəndində yaşamaq azərbaycanlılar üçün real təhlükəyə çevrildi. O zaman artıq pedaqoji institutun Azərbaycan sektoru da Şuşaya köçmək məcburiyyətində qaldı.

Ənvər Əhməd ən çətin günlərdə doğma institutdan ayrı düşmədi. Şuşada pedaqoji fəaliyyətini və yaradıcılığını davam etdirməklə yanaşı, həm də şəhərin müdafiəsinə kömək edirdi. Şəhər sakinləri Milli Qəhrəman Ramiz Qənbərovun ətrafında birləşmişdilər.

Bütün əziyyətlərə baxmayaraq düşmənin və onların havadarlarının qarşısını almaq mümkün olmadı. Şəhərin dinc sakinləri ilə birlikdə artıq N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialı kimi fəaliyyət göstərən ali məktəb də məcburi köçkünlük həyatı yaşamalı oldu. Onu Ağcabədi rayonunun mərkəzindəki texniki peşə məktəbinin binasına köçürdülər.

Ağcabədi ali məktəb üçün elə də uyğun yer deyildi. Ona görə bir çox müəllimlər və tələbələr filialın Bakıya köçürülməsi məsələsini qaldırdılar. Lakin ali məktəbin müharibəyə yaxın ərazilərdən köçürülməsi dalbadal rayonlarımızın işğal edildiyi bir vaxtda əhali arasındakı təşvişi daha da artırardı. Ənvər müəllimin mövqeyi bundan ibarət idi ki, çadırda da olsa, dərslərimizə davam etməliyik. Camaat harda, universiteti də onun yanında...

Ali məktəbin o zamankı rektoru həmin vaxtlar istefa verdi və Ənvər müəllimi rektor təyin etdilər. O, nəinki universiteti köçürmək, əksinə, genişləndirib müstəqil Qarabağ Universitetinə çevirmək istəyirdi. Bunun həm də siyasi-ideoloji mənası vardı. Ermənilər Xankəndindəki ali təhsil müəssisəsinə qondarma Arsax adı verərək müstəqil universitetə çevirmişdilər.

1990-cı illərdə Ağcabədidə yerləşən Şuşa filialında təhsil alanlardan biri də mən idim. Ən unudulmaz günlərdən biri Xalq şairi Xəlil Rzanın bizimlə görüşə gəlməsi oldu. Biz Milli azadlıq hərəkatı vaxtı Lefortovo zindanına düşmüş şairi əsl qəhrəman hesab edirdik və çətin günlərdə onu yanımızda görmək böyük mənəvi təskinlik idi. Şair Rəfiq Zəkanın da iştirak etdiyi görüşü, heç şübhəsiz, Ənvər Əhməd təşkil etmişdi. Axı o, özü də şair idi və tələbəlik illərindən Bakının ədəbi mühiti ilə sıx əlaqəsi vardı.

Ənvər müəllimin təkcə müəllim və rektor kimi deyil, bir insan kimi, bir şair kimi də taleyi Qarabağla çarpazlaşırdı. Öz dediyinə görə əslində, o, Ağcabədi rayonunun Salmanbəyli kəndində deyil, Sarı yer yaylağında doğulmuşdu. Lap körpəlikdən at minmiş, Qarabağın, Zəngəzurun yaylaqlarını gəzmişdi. Şairin məxsus olduğu kəbirli tayfası Qarabağın ən məşhur tərəkəmələrindəndir. Onlar yayı Laçın və Kəlbəcər yaylaqlarında keçirirdilər.

Rəsmi olaraq məcburi köçkün olmasa da, Ənvər Əhməd vaxtı ilə itirdiyimiz cənnət torpaqların xiffətini oraların əhalisi qədər çəkirdi. Bunu onun yaradıcılığında da aydınca müşahidə etmək olur. Qələmə aldığı 9 poemanın 6-sı Qarabağ mövzusundadır. Onun bu ərazilərdə yetişən şairlərdən bir ciddi fərqi də vardı: Qarabağ hadisələrinə təkcə bugünün hadisəsi kimi baxmırdı. İxtisasca filoloq olsa və böyük satirik Mirzə Ələkbər Sabirin poetikasından müdafiə etsə də, o, həm də bir tarixçi idi. Yaradıcılıq üslubu da tənqidi realizmdən çox romantikaya uyğun gəlirdi. Bütün məğlubiyyətlərə rəğmən xalqımızın zəngin tarixinə və mədəniyyətinə arxalanır, iradəsinə və gücünə güvənirdi. Onun ümidsiz bir misrası da yox idi.

Yaradıcılığındakı yeni istiqamət də Qarabağın tarixindən başladı. İlk olaraq Xalq şairi Səməd Vurğunun “Vaqif” dramından və heç şübhəsiz, “Qarabağnamələr”dən təsirlənərək “Qanlı torpaq” mənzum dramını yazdı. Öz sələfindən fərqli olaraq, hadisələri real məcrasından çıxarmadı, onları tarixi gerçəkdəki kimi qələmə aldı. “Qanlı torpaq”da Qacar işğalçı kimi deyil, Azərbaycanı birləşdirib vahid dövlətə çevirmək istəyən qüdrətli sərkərdə kimi təqdim olunurdu.

Ənvər müəllim bu günlərdə 30-cu ildönümünü keçirdiyimiz Xocalı faciəsinə də laqeyd qalmırdı. Bu dərddən yoğrulan çoxsaylı şeirlər yazmaqla yanaşı, mətbuatdakı çıxışları da əsrin qətliamının günahkarlarını ifşa edirdi. O, təkcə insanlarımıza deyil, təbiətimizə və mədəni abidələrimizə qarşı da soyqırımı siyasəti aparıldığını bildirirdi.

Məhsuldar şair idi, lakin gəncliyindən üzübəri yazdıqlarının çox az hissəsində başqa mövzularda şeir görmək olar. Vətən onun daimi mövzusu idi. Hara gedirdi, harda olurdu özü ilə ora sinə dolusu Qarabağ aparırdı.

Azərbaycan Yazıçılar Birliyinin Qarabağ bölməsini də o yaratmışdı və dünyadan köçənə qədər bu təşkilata özü rəhbərlik etdi. İllər öncə 70 illik yubileyini də doğma Ağcabədinin Mədəniyyət evində qeyd etmişdi. Ba-kının nüfuzlu qonaqlarını – millət vəkillərini, xalq şairlərini, xalq yazıçılarını, qəzet-jurnal rəhbərlərini Qarabağa aparmışdı.

Şeirləri və məqalələri kimi televiziya çıxışları da qələbəyə inamla dolu idi. Bir zamanlar bəzi tamaşaçılara pafoslu görünən bu çıxışlar artıq reallığı əks etdirir. İndi Ənvər müəllimin şeirlərində həsrətlə yad olunan Laçın da bizdədir, Şuşa da. Ondan yadigar qalan ali məktəb indi Müəllimlər İnstitutudur və inşallah, yaxın vaxtlarda Şuşada elə universitet kimi fəaliyyət göstərəcək.

Zaman Ənvər Əhmədin pozitivliyini haqlı çıxardı və nə yaxşı şair özü bu qələbə günlərini gördü.

Türkiyəli şair Cəmal Sürəya “Hər ölüm erkən ölümdür” deyir. Lakin insanın bu dünyadan arxayın getməsi də bir reallıqdır. Ənvər müəllim illərlə qovğasını apardığı Qarabağdan arxayın getdi. Allah o dünyasını versin.

Şərif AĞAYAR

Oxşar xəbərlər