01.07.2025, 13:08
AZ EN
18.02.2022, 10:42 287

Vətən məcnunluğu Milli Qəhrəman Yusif Mirzəyevin xatirəsinə

YAZILAR

Dahi Eynşteyn elmə bitib-tükənməyən sevgisini izah etməyə çalışdığı məqalələrində maraqlı mətləblərə toxunurdu. Qeyd edirdi ki, maddiyyat və şöhrət qarşılığındakı sevgi həqiqi deyildir və ciddi nəticələr vəd etmir. Əsl sevgi təmənnasız olmalıdır. Lakin bu məqamda bir paradoks ortaya çıxırdı: təmənna yoxdursa, insanı motivasiya edən nədir?

Böyük alim bu haqda da düşünürdü və onun fikrincə, istənilən fəaliyyət sahəsində insanı böyüklüyə aparan ilahi eşqdir.

Bəs görəsən, vətən sevgisini də bu klişe ilə izah etmək mümkündürmü?

Axı bəzi insanlarda bu sevgi daha da böyük olur, bütün rasional məntiqləri keçərək məcnunluq səviyyəsinə yüksəlir.

Vətən məcnunluğu! Qəribə ifadədir. Şəxsən mən hər dəfə bu söz birləşməsi ilə qarşılaşanda ilk yadıma düşən insanlardan biri də Milli Qəhrəmanımız Yusif Mirzəyevdir.

Yusifin həyatı vətənin şəninə oxunan bir nəğməni xatırladır. O qədər də uzun olmayan, ağrı-acıyla dolu, möhtəşəm bir nəğmə...

Onun üçün var-dövlət qazanmaq, adi insanlar kimi yüksək rifah içərisində yaşamaq elə də çətin deyildi. Hətta buna xeyli nail də olmuşdu. Lakin hamı kimi ola bilmirdi. Bütün böyük adamlar kimi...

Eynşteynin dediyi ilahi eşq, bizim ifadə etdiyimiz vətən məcnunluğu bir gün onu yaxalayacaqdı. Daha doğrusu, bu eşq onun canında vardı və özünü büruzə verməyə fürsət axtarırdı.

O gün gəldi. Ötən əsrin 80-ci illərinin sonlarında Azərbaycanda Meydan hərəkatı başlandı. Bu xalqın minlərlə qorxmaz övladı kimi Yusif Mirzəyev də hadisələrin düz mərkəzinə düşdü. Amma o, minlərin, yüzlərin, əllilərin içindən də seçilirdi. Onun Azərbaycana sevgisi doğrudan da ilahi mahiyyətli idi.

Böyük sevgilər cəzasız qalmır. Yusifin də cəzası çox gecikmədi. Gözünü açar-açmaz vətənə uzanan qara əllər onun da yaxasından yapışdı. Meydan hərəkatında imperiyaya sərt etirazları onsuz da diqqət çəkmişdi, 20 Yanvar hadisələrindən sonra bu etirazlar daha da şiddətlənincə yolu həbsxanadan düşdü. Ömrünün son illərini yaşayan qanlı sovet imperiyası getdikcə daha da azğınlaşırdı və hirs-hikkəsini Yusif kimi milli ruhdan doğulan insanlardan çıxırdı. Ona verilən fiziki işgəncələr səhhətinə ciddi təsir göstərdi, böyrəkləri xəstə düşdü. Lakin Yusifi vətən sevdasından ölüm də saxlaya bilməzdi...

Tarixin qəribə gedişləri olur. Sanki böyük şəxsiyyətlərin yetişməsi üçün xüsusi mühit hazırlayır. Elə bil gözə-görünməz bir rejissor qəhrəmanların xarakterini daha yaxşı açmaq üçün hadisələrin gedişinə istiqamət verir.

Yusif üçün də belə bir tale yazılmışdı və Qarabağda döyüşlər başlayar-başlamaz kimi on dörd nəfərlik dəstəsi ilə lap ön cəbhələrə atıldı.

Qarabağ müharibəsi haqqında rusların çəkdiyi bir sənədli film var, orada təcrübəli bir hərbçi Azərbaycan döyüşçülərinin qəhrəmanlığından danışır. Həm də böyük heyrətlə. Böyük heyranlıqla. Belə anlaşılır ki, rus mütəxəssislər Qarabağda bizimkilərin bu qədər şücaət göstərəcəyini gözləmirmiş. Məntiqlə haqlı sayıla bilərlər. Çünki o vaxt nə nizami ordumuz vardı, nə də müasir texnika və silahımız. Lakin ruslarda da daxil xarici mütəxəssislərin hesablamadığı bir fakt vardı. Bu, vətənpərvərlik duyğusu idi. Adam heç vaxt yad yerlər üçün bu cür ölümə atılmaz.

Üstünə gəlsək, Yusif Mirzəyev kimi insanların vətən məcnunluğunu, vəziyyəti tamamilə anlamış olarıq.

On dörd nəfərlik döyüşçü ilə elə müqavimət göstərmişdi ki, düşmən qarşısında bir neçə taborun olduğunu düşünmüşdü. Əminəm, mütəxəssisləri heyrətə salan faktlardan biri də məhz bu idi.

Yusif tükənməz eşqlə mücadilə apardığı vaxt onun xəstəliyi daha da şiddətlənirdi. Səngər, qarın-yağışın altı, vaxtında qidalana bilməmək... Bu şərtlər altında heç sağlam adamlar dözə bilmirdilər. Yoldaşları israr etdi. Onu müalicə üçün Bakıya gəlməyə razı saldılar. Gəlmirdi. Səngərdən nəinki bir gün, bir saat belə ayrıla bilmirdi. Çünki vətən dar gündə indi. Belə məqamlarda xəstəlik yada düşmürdü. Yusif dünyalar qədər sevdiyi doğma anasına belə efirdən salam göndərirdi. Hətta onu öz ölümünə psixoloji cəhətdən hazırlayırdı. Yazıq qadın Yusifi görmək üçün məcbur qalıb müharibə bölgəsinə - lap ön cəbhəyə gedib çıxmışdı. Həmin gün Yusifin ən xoşbəxt günü idi. Anasını qucağına alıb havada fırladırdı.

Həyatını gözdən keçirəndə Bakıya gəlişinin də təsadüfi olmadığını görürük. O, Müdafiə Nazirliyinin hərbi hospitalında həkim dostu Şahin Musaoğlu ilə rastlaşır. Şahin müəllim “Şəhidlər xiyabanı”nda and içib Şuşaya döyüşə yollanan əsgərlərdən ilhamlanaraq bir mahnı yazmışdı. Mahnını Yusif üçün zümzümə edir, Yusifin çox xoşuna gəlir. Onu əzbərləyib əsgərlərinə öyrədir.

Müalicə üçün növbəti gəlişində tanınmış diktor, hərbi mahnıların gözəl ifaçısı Şəmistan Əlizamanlı ilə bir palatada qalır. O, Şəmistan bəydən çox sevdiyi həmin mahnını ifa edib yazdırmasını xahiş edir.

Yusif Mirzəyevin xahişini yerinə yetirirlər. Lakin indi dillər əzbəri olan “İgid əsgər” mahnısı yazılıb hazır olanda Yusif artıq həyatda yox idi. 19 fevral 1993-cü il tarixdə mühasirəyə düşən əsgərlərimizi xilas etmək üçün son döyüşə atılmış və qəhrəmancasına şəhid olmuşdu.

Təxminən bir ay sonra Yusifə Milli Qəhrəman adı verildi.

“İgid əsgər” mahnısı Yusifi tanıtdı, Yusif “İgid əsgər” mahnısını...

O, sözün birbaşa mənasında Azərbaycan xalqının dodaqlarında nəğməyə çevrildi.

Əslində, son döyüşə atılması üçün səhhəti əl vermirdi. Nəinki döyüşə atılmaq, hətta xəstəxanadan çıxmaq ona qadağan edilmişdi. Bir müddət müalicə almalı idi. Lakin xəstəxanada qalmadı. Hətta qaçdı demək daha dəqiq olar. Dostlarına isə bu etirafı etdi: “Bilirəm, sağlamlığım əldən gedir, amma vətən də əldən gedir”.

Getmə səbəblərindən biri də Yeni il idi. O, bayramı səngər yoldaşları ilə birlikdə keçirmək istəyirdi.

Bəzən, birinci və ikinci Qarabağ müharibəsi arasında heç də xoş olmayan analogiya aparırlar. Buna heç bir ehtiyac yoxdur. Biz tarixi dövrləri daha rahat anlamaq və anlatmaq üçün şərti bölgülər aparırıq. Əslində isə birinci də, ikinci də Vətən savaşı idi. Bu savaş Yusif Mirzəyevin də iştirak etdiyi Meydan hərəkatından başlamışdı və bu gün də davam etməkdədir.

2020-ci ilin sonlarında qazandığımız böyük qələbəyə görə Yusif Mirzəyev kimi igidlərimizə borcluyuq. Müharibəni müvəqqəti uduzmağımız heç kimin qəhrəmanlığını istisna etmir. Əksinə, nizami ordunun olmadığı dövrdə fərdi qəhrəmanlıqlar daha çox baş verir.

Yusif Mirzəyev və onun kimi vətən mücahidləri böyük bir miras qoymuşdular bizim üçün. Qarabağ onların əmanəti idi və öz ölümləri ilə bu əmanətə əvəzsiz bir dəyər qazandırmışdılar. Əmanətə sahib çıxmaq boynumuzun borcu idi.

Yusif Mirzəyevin ömrü Azərbay­canın ömrü qədərdir. Çünki o özü də vətənə çevrilmiş, vətənləşmiş bir qəhrəmandır. Ruhu şad olsun.

Şərif AĞAYAR

Oxşar xəbərlər