27.07.2024, 09:10
AZ EN
15.08.2023, 10:10 647

Şair təbiətli filosof

YAZILAR
  • Atam - milli fəlsəfi irsimizin əvəzolunmaz tədqiqatçısı, AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədovun Azərbaycanda fəlsəfə tarixinin araşdırılmasında xidmətləri, əsərləri haqqında geniş məlumat vermək mümkündür. Lakin burada onun şəxsiyyətini oğul, ata, alim kimi təqdim etmək istərdim.

Zakir Məmmədov 16 avqust 1936-cı ildə Ağdam rayonunun Seyidli kəndində anadan olmuşdur. Körpə ikən atası Cabbar bəy İsmayıl bəy oğlu Vəlibəyov Azərbaycan tarixinin qara səhifələrindən sayılan 1937-ci il repressiyasının qurbanı olmuş, Zakir Məmmədov anası Hüsnü xanım Murtuza bəy qızı Məmmədbəylinin himayəsində böyümüşdür. O, həm ata, həm də ana tərəfdən bəy nəslinə mənsub olmuşdur.

Cabbar bəy Vəlibəyov həyatı böyu müəllim işləmişdir. Sibirə sürgün edilərkən evində aparılan axtarışlar zamanı onun bütün sənədləri, kitabları götürülmüş və Zakir Məmmədovun doğum haqqında şəhadətnaməsi həmin vaxt itmişdir. Sonralar ona kənd soveti tərəfindən 1939-cu ildə doğulması haqqında şəhadətnamə verilmişdir. Zakir Məmmədov siyasi təqib şəraitində böyüdüyü üçün uşaq ikən anasının soyadına keçirilmişdir.

Zakir Məmmədov orta məktəbdə yaxşı oxuyan şagird kimi seçilmişdir. Hələ aşağı sinifdə oxuyarkən o, şairlik istedadı və rəssamlıq bacarığı ilə digərlərindən fərqlənmişdir. O dövr üçün mühüm sayılan məktəbin divar qəzetinin tərtibatı ona tapşırılmışdı. Onun şeirləri yerli mətbuatda dərc edilir və yerli radioda səsləndirilirdi. İlk oxucusu və rəsmlərinin ilk qiymətləndirəni isə anası idi. 1956-cı ildə Zakir Məmmədovun sulu boya ilə çəkdiyi “Gənc miçurinçilər” tablosu Azərbaycan gənclərinin “Əmək və xoşbəxtlik uğrunda” birinci respublika festivalının sərgisində nümayiş etdirilmişdir. 1955-ci ildə isə “Yoldaşlıq köməyi” adlı 1 pərdəli mənzum pyesi Ağdam Pionerlər Evinin özfəaliyyət kollektivi tərəfindən tamaşaya qoyulmuş, bir ildən sonra həmin əsər Bərdə Pionerlər Evində də göstərilmişdir. Yaşlıların dediklərinə görə, atası Cabbar bəyin də gözəl əl qabiliyyəti olmuşdur. Hüsnü xanım oğlu ilə fəxr edir, onun atasının adına layiq oğul olacağına inanırdı.

Atam anasına çox bağlı idi. Onun 1956-cı ildə Moskvada ekskursiyada olarkən yazdığı “Ana” şeiri bu istəyin ifadəsdir:

                          Yazardım o böyük eşqinə dastan,

                   Deyildir sözlərim tutarlı, ana!  

                   Könül xanimanım olsa gülüstan,

                   Sənsiz solar gedər bibarlı, ana!

                  

                   İlham gətirsə də qəlbimi dilə, 

                   Gizlində nə qədər sözüm var hələ.

                   Həyat siqlət oldu illərdən-ilə,

                   Təhəmmül eylədin vüqarlı, ana!

                  

                   Arzu çiçək olub qopsa budağdan,

                   Çətindir sağala könül bu dağdan.

                    Xəstə düşdüyünü bildim uzaqdan,

                   Sızladı ürəyim azarlı, ana!                           

 

                   Nə vaxdır gözündən aralı oldum,

                   İztirab çəkərək yaralı oldum.

                   Gəl, məndən soruşma haralı oldum,

                   Eyləmə qəlbimi qübarlı, ana! 

 

                   Səndən ayrılalı o gündən bəri,

                    Ömrümə yazmadım ötən illəri.

                   Gəzib dolaşsam da uzaq elləri,

                          Demə uzaq oldu Baharlı, ana!

Atam orta məktəbi gümüş medalla bitirmiş (həmin dərs ilində Ağdam üzrə yalnız gümüş medal veril­miş­dir. O, şəhər 1 nömrəli məktəbi medalla bitirmiş məzunlar arasında ilk alimdir – O.Z.B.) Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsində təhsil almışdır. Universitetdə oxuduğu illərdə ictimai işlərdə fəal iştirak etmiş, şeirləri və ərəb dilindən tərcümələri universitet qəzetində dərc olunmuşdur. Universiteti qurtardıqdan sonra Misirə tərcüməçi işləməyə getmişdir. Ərəb ölkələrində çalışmış ilk iki ərəbşünasdan biridir. 1962-1963 illərdə Asuan bəndində çalışmış ilk azərbaycanlı tərcüməçidir.

Atam xaricdə işlədiyi dövrdə Hüsnü nənəm ağır xəstə idi. Son nəfəsində nənəm onun ətrafına yığılmış qohumlar arasında oğlunu axtarmış, son dəfə atamla vidalaşmaq istəmişdir. Qohumlar atamın şəklini nənəmə göstərmişlər. Nənəm atamın özü ilə deyil, şəkli ilə vidalaşmışdır.

Bu hadisə 1963-cü ilin mart ayının 3-də baş vermişdir. Məhz həmin günün gecəsi anası atamın yuxusuna girmiş və o bu yuxusu ilə anasının artıq cismən həyatda olmadığını anlamışdır.

Qəribə bir təsadüfü qeyd etmək lazımdır ki, anası Hüsnü xanımın vəfatının 40-cı ilində, yəni 2003-cü il mart ayının 3-də atam torpağa tapşırılmışdır. Bu tarix adi təsadüf idimi, yoxsa axirət dünyasında oğulun ana ilə qovuşmasını bizlərə agah edirdi?

Atam doğma Vətənini sevirdi, çünki anasını çox istəyirdi. Ana ilə Vətən onun üçün müqəddəs idi. Atam anasına bağlı olduğu kimi Vətəninə də bağlı olmuşdur. Təsadüfü deyildir ki, atam hələ Misirdə işləyərkən Vətəni üçün qəribsəmiş, bir dəfə Nil çayı boyunca gəzərkən bədahətən bu misraları demişdir:

                        Gəzirəm Nil boyu ovunum bir az,

                   Qərib diyardayam, qəlbi yaralı.

                   Onsuz da insanın eyni açılmaz,

                   Vətəndən aralı, eldən aralı.

Gərgin elmi işdən sonra atam vaxtını ancaq ailəsi ilə keçirirdi. O, həm də qayğıkeş ata idi, övladlarının həyatını öz həyatından üstün tutardı. Atamın anama müraciətlə yazdığı “Sevgilim” şeirində bu məhəbbəti belə ifadə etmişdir:

Sevgilim, sinəmdə köklənib sazım,

De, nədən danışım, de, nədən yazım ?!

Tərənnümmü edim əhdi, ilqarı,

Yoxsa şerə salım gül balaları?!   

Övlad ömrümüzün şirin barıdır:

Bahar qismətimin ilk nübarıdır.

Orxan oğul payı - xoş diləyimdir,

Sabaha ümidim, gələcəyimdir.

Aytək - qoçaq qızım, ağıllı balam,

Haraylı, nəğməli, nağıllı balam.

Ülkər körpə quzum - ellər gözəli,

Söhbəti məzəli, sözü məzəli.

Bunlar varlığımdır, qanım, canımdır,

Hissim, duyğularım, həyacanımdır.

Atam Vətənə, xalqa məhəbbət hissini uşaq vaxtlarından övladlarına aşılamış, bizi bu ruhda tərbiyə etmişdir. O, bizi tez-tez mədəniyyət abidələrinə, muzeylərə baxmağa aparardı. Bir dəfə yadımdadır ki, 1987-ci ildə növbəti gəzintilərimizdən birində Tarix muzeyində olduq. Oradakı eksponatlara baxdığımız zaman divarda olan xəritə atamın diqqətini xüsusilə cəlb etdi və onun üzündə narazılıq ifadəsi göründü. Atam bizə “gözləyin”, – dedi. Sonra muzeyin nəzarətçisinə yaxınlaşdı və onun müşayəti ilə bir otağa getdilər. Bir qədər sonra həmin otaqdan qayıdarkən üzündə təbəssüm vardı. Atam bizə dedi ki, Azərbaycanın eradan əvvəlki tarixi xəritəsi əvəzinə divara müasir dövrün xəritəsi asılmış və o, bu yanlışlıq barədə narazılığını muzeyin müdüriyyətinə bildirmişdir.

Atam yaxın bildiyi insanların adına uyğun akrostik formada, yəni baş hərflərin müəyyən bir kəlməni anladan şeirlər yazardı. Həmin formada yazdığı bir şeir onun öz adını göstərməklə yanaşı, elmi yaradıcılığını də anladırdı:

                         Zakirəm. hər sözüm dərindən dərin,

                   Axtarış dövrünün bu çağındayam.

                   Kamil fikirlərin, düşüncələrin,

                   İncə duyğuların qucağındayam,

                   Ruhumun bəsirət bucağındayam.

Zakir Məmmədovun ərəb və fars dillərini mükəmməl bilməsi onun orta əsrlər mənbələrinə müraciət etməsinə, Şərq fəlsəfəsi tarixini araşdırmaqla burada dövrün görkəmli azərbaycanlı filosoflarının, mütəfəkkirlərinin irsini üzə çıxarmasına imkanı verdi. O elmi fəaliyyəti dövründə hər cür məhrumiyyətlərə dözmüş, gərgin əməyə qatlaşmış, hətta bəzi orta əsr mənbələrini öz maddi vəsaiti hesabına ölkəyə gətirtmişdir. Buna görə 66 illik həyatı ərzində bir insan ömrünə sığmayan işi ağır zəhməti hesabına öz ömrünə daxil etməyə nail olmuşdur.

Atam həm nəsli-kökü ilə, həm də üzə çıxardığı mənəvi sərvətlə fəxr etmiş və bunu özünün bir  şeirində belə yazmışdır:

                   Soyum Vəlibəyli, köküm Baharlı,

                   Cahanşah xislətli, Vəli vüqarlı,

                   Dünya nemətində zahid, fəqirəm,

                   Mənəvi sərvətdə varlıdan varlı.

Zakir Məmmədovun yaradıcılığında mühüm yer tutan və kitabları arasında şah əsəri olan “Azərbaycan fəlsəfəsi tarixi” (Bakı,1994) kitabında “Atam Cabbar bəy İsmayıl bəy oğlunun, anam Hüsnü xanım Murtuza bəy qızının əziz xatirəsinə ithaf edirəm” yazması onun valideynlərinə olan böyük istəyinin ifadəsidir.

“Bəhmənyar istisna olmaqla orta əsrlərdə  Azərbaycanda “xalis”, peşəkar filosoflar yaşamamışlar” kimi yanlış müddəanı atam elmi şəkildə, mənbələrə əsaslanaraq təkzib etmişdir.  Başqa sözlə, zəngin fəlsəfi irsimizin varlığını üzə çıxarmış və araşdırmışdır.

Artıq  iyirmi ildir Zakir Məmmədov cismən həyatda yoxdur. Zakir Məmmədovun cismən yoxluğundan istifadə edən “alimlər” onun elmi irsinin plagiatı ilə məşğuldurlar. Təəssüf ki, bu plagiatorların sayı ilbəil, aybaay, günbəgün, saatbasaat artmaqdadır. Belə “alimlər” lə yanaşı Zakir Məmmədovun elmi fəaliyyətini qiymətləndirib, onun yaradıcılığı haqqında obyektiv  fikirlər söyləyən alimlər də vardır. Məhz belə alimlərin sayəsində onun irsi obyektiv mövqedən yüksək  səviyyədə dəyərləndirilir və hər zaman  da qiymətləndiriləcəkdir.

Orxan  ZAKIROĞLU (BAHARLI)

Oxşar xəbərlər