01.07.2025, 13:57
AZ EN
15.03.2022, 09:00 622

Böyük sənətkar, böyük ağsaqqal

YAZILAR

Aşıq Ələsgər, doğrudan da, böyük bir epoxanın son mogikanı idi. Onun sinəsindəki saz musiqi alətindən çox bir yolun, bir ərkanın simvolu idi. Dədə Ələsgər möcüzəsinin mahiyyətinə vardıqca sazın bir vasitə olduğunu düşünürsən. Onun məqsədi ilhamın qanadlarında gələn mətləbləri insanlara çatdırmaq idi. Böyük ustadın xoşbəxtliyi orda idi ki, mətləbləri insanlara çatdırmaq çabalarında əsl sənət yaradırdı. Vasitələr öz-özünə məqsədə çevrilir, hətta daşıdığı məfkurə “işləməyəndə” belə dillərdə-ağızlarda dolaşırdı.

Sovetlər zamanında Nəsiminin də, Füzulinin də, Seyid Əzim Şirvaninin də sətiraltı dedikləri inkar olunurdu. Çünki onlar islam-irfan estetikasına söykənir, Qurani-Kərimdən rişələnirdi. Dinə qadağa qoyan, ateizmi rəsmi din elan edən bir cəmiyyətdə başqa necə ola bilərdi?  Lakin adı keçən sənətkarların müqtədir qələmlə yazılmış gözəl şeir nümunələri dərin mənalara varmayanlara da estetik zövq yaşada bilirdi. Aşıq Ələsgər də bu cür idi.

Razılaşırıq, klassika üzərində pərvəriş tapan bu ənənə həm də estetik kateqoriya olaraq tarixə qovuşdu. Lakin aşıq yaradıcılığı tamamilə sona çata bilməzdi. Bunu çox da ağılsız olmayan sovet ideoloqları da hiss edirdilər. Ona görə, adətən bir, iki, uzağı üç nəfərdən ibarət olan ifaçı aşıqlardan böyük dəstələr düzəldib öz ideyalarının təbliğində istifadə etməyə başladılar. Moskvada keçirilən mədəniyyət ongünlüklərinə aşıq ifaları daxil edildi. Tanrının ilham mələyini Kremldən gələn göstərişlər əvəz edirdi. “İşıqlıdı lampaları qalxozun” tipli mutant misraların meydana gəlməsi təsadüfi deyildi.

Lakin ideologiyanın bir bildiyi vardısa, sənətin də bir bildiyi vardı. Epoxa sona çata bilərdi, əsrlərdən qalan ustad-şəyird əlaqəsi ki, qırılmamışdı! Aşıq Ələsgər özü yox idi, ocağı dururdu. Onun nəfəsi dəydiyi sənətkarlar o qədərmi aciz idilər, böyük bir xəzinədən heç olmasa, bir zərrə sonrakı nəslə ötürə bilməsinlər?

Əlbəttə, belə kişilər vardı və onlardan biri də ağdabanlı şair Qurban idi. Aşıq Ələsgərin dostu, kirvəsi, qardaş hesab etdiyi bir el sənətkarı. Aşıq Şəmşirin atası... Aşıq Ələsgər onun evində çox olmuşdu. Şəmşir uşaq yaşlarında Dədə Ələsgərin atının cilovunu tutmuş, qabağına çay qoymuşdu.

Ötən əsrin əvvəllərində bədnam qonşularımızın ərazi iddiaları böyük milli münaqişəyə səbəb oldu. Bir çox həmvətənimiz kimi Aşıq Ələsgər də doğma Göyçədən müvəqqəti didərgin düşdü. Onun arvadı indiki Kəlbəcər rayonu ərazisində yerləşən Yanşaq kəndindən idi. Ailə ora pənah gətirdi. Bu arzuolunmaz hadisənin bircə faydası o idi ki, Aşıq Ələsgər Kəlbəcərin saz-söz mühitinə daha yaxın oldu və onun inkişafına öz təsirini göstərdi. Ən sıx əlaqə saxladığı adamlardan biri də şair Qurban idi. Aralarında 40 il yaş fərqi olsa da dostluq­ları tutdu.

Şair Qurban Aşıq Ələsgərin vəfatından sonra da onun övladları və şəyirdləri ilə münasibəti davam etdirirdi. Beləliklə, övladı Aşıq Şəmşir Aşıq Ələsgər məktəbini lazımınca mənimsəyə bildi.

Aşıq Şəmşirin ustad kimi yetişməsi yeni bir sənət istiqamətinin yaranmasına imkan yaratdı. Bir yanda ideoloji baxımdan rəsmən qadağan olunmuş nəhəng bir epoxa, o biri yanda sovetlərin təbliğ etdiyi “ultramüasir” aşıqlar... Ortada mütləq bir yol olmalı idi. Sovetin qadağan etmədiyi, eyni zamanda, keçmişin nəhəng epoxasından nələrsə əks etdirən qızıl orta... Aşıq Şəmşir bu yolu tapdı. Düzdür, asan olmadı, ancaq mümkün oldu.

Ucqar dağ kəndində yaşaması ideoloji basqıdan nisbətən uzaq qalmasına imkan yaradırdı. Bir az da tale kömək etdi: o zamanlar sovet məkanında artıq böyük şair kimi tanınan Səməd Vurğun Aşıq Şəmşirin, doğrudan da, çox gözəl olan bir qoşmasını eşitdi, şeirə aşiq oldu, Kəlbəcərə gələrkən müəllifini axtardı, ustad sənətkara şeir həsr etdi. Bununla Aşıq Şəmşir həm respublikada tanındı, həm də mədəni, hətta siyasi elita tərəfindən qəbul olundu.

İlk kitabı o zamanlar nəşriyyata təqdim olundu. Təşəbbüs Səməd Vurğundan gəlmişdi, ancaq şair qəfil xəstələndi və bir daha ayağa qalxa bilmədi. Bir il sonra isə dünyasını dəyişdi, kitabın çapı düyünə düşdü. Aşıq Şəmşir beş ilə yaxın mübarizə apardı, nəhayət 1959-cu ildə “Şeirlər” adlı ilk kitabı işıq üzü gördü.  Mütəmadi nəşri isə ötən əsrin 70-ci illərindən başlandı. Onda artıq Əməkdar incəsənət xadimi adını almışdı və qarşısında ciddi maneə qalmamışdı.

Aşıq Şəmşiri əyalətdə yaşayan digər aşıqlardan təkcə istedadının miqyası fərqləndirmirdi. O, həm də zəhmətkeş və mübariz idi. Yaradıcılıqla davamlı məşğul olur, düşünülmüş addımlar atırdı. Ötən əsrin 60-cı illərində gəlib bir müddət Bakıda yaşadı və çalıb-oxuduğu havacatların demək olar hamısını radionun “Qızıl fondu”na yazdırdı. Bunun nəticəsində biz nə az, nə çox 75 saz havası qazanmış olduq. Azərbaycanda heç bir aşığın “Qızıl fond”da bu qədər ifası yoxdur.

Klassik ənənələrə söykənən ustadnamələri və təcnisləri olduqca gözəldir. Elələri var ki, Abbas Tufarqanlının, Xəstə Qasımın, Aşıq Ələsgərin şeirləri ilə dəyişik düşür. İfaçılığı da mükəmməldir. Zil səsi, geniş nəfəsi, xoş avazı var.

O, özünün də yetişdiyi ustad-şəyird zəncirini qırılmağa qoymadı. Şəmşir ocağında doğrudan da böyük sənətkarlar yetişdi. Onlardan xüsusi ilə Aşıq Qardaşxan və Qəmkeş Allahverdinin adlarını çəkmək olar. Şəmşir ocağı təkcə ustad aşıqların deyil, həm də gözəl şairlərin yetişməsinə təkan verdi. Onların içərisində şeirləri dillər əzbəri olan Bəhmən Vətənoğlu və şair Sücaət kimi şairlər vardı.

Aşıq Şəmşirin Ağdabandakı evi bir mədəniyyət mərkəzinə çevrilmişdi. Bakıdan gedən bütün yaradıcı insanlar mütləq Şəmşir ocağına baş çəkirdilər. O, insan kimi də əvəzsiz idi. Həm gözəl ağsaqqal, həm də əldən-ayaqdan iti bir təsərrüfatçı idi. Saz bağlayır, dülgərlik edir, arı saxlayırdı. Dədə Şəmşirin qonaqpərvərliyi ayrıca bir yazının mövzusudur.

İnsanların ona Dədə deyə müraciət etməsi özlüyündə hər şeyi deyir. Bildiyiniz kimi, ədəbiyyatımızda Dədə Qorquddan sonra yalnız Aşıq Ələsgərə Dədə demişdilər. Şəmşir də həqiqi el ağsaqqalı, həqiqi sənətkar olduğu üçün bu ada layiq görüldü.

İstər o zamankı respublika, istər müstəqil Azərbaycan dövründə Aşıq Şəmşir yaradıcılığı dövlətimizin diqqət mərkəzində olub. Sənətkara fəxri adla yanaşı Şərəf nişanı ordeni verilib. 1973, 2003 və 2018-ci illərdə yubileyləri xüsusi sərəncamla respublika səviyyəsində qeyd edilib. 1980-ci ildən Kəlbəcərin Mədəniyyət evi sənətkarın adını daşıyır.

Kəlbəcərin işğalından sonra Bakıda aşığın oğlu və ən yaxşı tədqiqatçısı Qəmbər Şəmşiroğlunun (30 dekabr 2021-ci ildə vəfat edib-red.) rəhbərliyi Aşıq Şəmşir Ocağı yaradıldı.  Bu ictimai qurum təkcə Aşıq Şəmşir irsinin yox, bütövlükdə aşıq sənətinin məbədlərindən birinə çevrildi.

Qəmbər müəllimin “Aşıq Şəmşir yaddaşımda” və “Axtarıb Şəmşiri görmək istəsən” adlı iki çox maraqlı kitabı işıq üzü görüb. Ustad sənətkar haqqında Xalq şairi Osman Sarıvəllinin "Aşıq ürəkli şair, şair ürəkli Aşıq", tanınmış şair Məmməd Aslanın "Saxla izimi, dünya" kitabları da işıq üzü görüb.

İndiyədək Aşıq Şəmşirlə bağlı ən böyük arzumuz Kəlbəcərin erməni işğalından azad edilməsi idi. İndi artıq Kəlbəcər azaddır. Çox keçməz Dədə Şəmşir ocağının əvvəlki çağları geri qayıdar. Doğma Zəngəzur dağlarından silah səsləri yox, saz, balaban, toy, çal-çağır sədaları yüksələr.

Şərif AĞAYAR

Oxşar xəbərlər