30.10.2024, 11:07
AZ EN
14.10.2022, 15:40 494

Milli Qəhrəmanımız – Samid İmanov

YAZILAR

Onun komandanlıq etdiyi dəstə ən çətin tapşırıqların öhdəsindən asanlıqla gəlirdi. Düşmənə əsir düşməmək üçün əlindəki qumbaranı hazır saxlayaraq, yaralansa da, birinci özünün deyil, yaralı gizirin döyüş meydanından çıxarılmasını tələb etmişdi, axı, o bilirdi ki, həmin an gecikmək olmazdı...

Söhbət Aprel döyüşlərində qəhrəmancasına şəhidliyin zirvəsinə ucalan mayor Samid İmanovdan gedir.

O, 1981-ci il oktyabrın 14-də Neftçala rayonunun Həsənabad qəsəbəsində dünyaya gəlmişdi. Dörduşaqlı ailənin ilk övladı idi. 1998-ci ildə Neftçalada orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olmuşdu. 2003-cü ildə buranı fərqlənmə diplomu ilə bitirib ali dərəcə ilə məzun olduğu üçün Ulu Öndər Heydər Əliyev tərəfindən mükafata layiq görülmüşdü.  2004-cü ildən Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başlamış və burada qərargah rəisi vəzifəsinə yüksəlmişdi. Türkiyə, Rumıniya, Pakistan, İsveçrə kimi ölkələrdə “Komando” təlimi və paraşütlə sərbəst atlamaq”, “Ləpirçi və antiterrorçu”, “Dağ təlimi”, “Dağa dırmanma üzrə təlimatçı”,  “Daxili təhlükəsizlik əməliyyatlarının planlaşdırılması və icrası” kurslarında iştirak etmişdi. 2014-cü ilin avqust ayında cəbhənin təmas xəttində ermənilər növbəti təxribata əl atanda Samid İmanovun rəhbərliyi altında olan dəstə əməliyyata yollanıb. 10 nəfərlik qüvvə ilə 40 erməniyə qarşı başlayan döyüş uğurla başa çatıb. Düşmənin 20 hərbi qulluqçusu məhv edilib. Bu igidliyə görə Ali Baş Komandan İlham Əliyev tərəfindən mükafatlandırılıb. Samid İmanovun komandanlıq etdiyi dəstə  digər bölüklərin öhdəsindən çətinliklə gəldiyi ən təhlükəli tapşırıqların yerinə yetirilməsində fəallıq göstərib.

S.İmanovun Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində qərargah rəisi və Xüsusi Təyinatlı Qoşunun komandir müavini vəzifələrini icra edib. 2015-ci il mayın 9-da Moskvada faşizm üzərində qələbənin 70 illiyi ilə bağlı keçirilən paradda mayor Samid İmanov da iştirak edib. 2013-cü ildə ailə quran Samidin 2014-cü ildə qız övladı, 2016-cı ilin fevralında isə oğlu dünyaya gəlib.

Qəhrəmanımız sonuncu dəfə ailəsi ilə 2016-cı il martın 28-də görüşüb və təlimə gedəcəyini deyərək yola düşüb. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə bütün mövqelərimiz ermənilər tərəfindən artilleriya atəşinə tutulub. Düşmən hücumunun qarşısını almaq üçün ordumuz hərəkətə keçib. Mayor S.İmanov Talış kəndi istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. Aprelin 3-dən 4-nə keçən gecə ayağından  və çiynindən qəlpə yarası alıb. Onlara köməyə gələn heyətə əmir edib ki, birinci yaralı giziri aparsınlar, sonra onun  arxasınca gəlsinlər. Lakin S.İmanovu aparmağa gələn əsgərlər onu yerində tapa bilməyiblər. Əsir düşməmək üçün yaralı Samid sürünərək həmin yerdən uzaqlaşıb. Əlindəki qumbaranı isə hazır vəziyyətdə saxlayıb. Əsgərlər səhərə qədər onu axtarsalar da, tapa bilməyiblər. O, qəhrəmancasına şəhid olub. Aprelin 8-də Samid İmanovun nəşi neytral zonadan götürülüb  və Neftçalaya gətirilərək orada böyük ehtiramla dəfn edilib.

2016-cı il 19 aprel tarixində Prezident İlham Əliyevin cərəncamı ilə mayor Samid İmanov  “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Allahdan şəhidimizə rəhmət diləyirik.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər