21.11.2024, 15:45
AZ EN
13.05.2022, 09:40 650

Ruhu dağlara qayıtdı

YAZILAR
  • Uca Tanrı pay verdiyi ömrü hərə bir cür yaşayır. Amma hamı həm sağlığında, həm də dünyasını dəyişəndən sonra xatırlanır. Yaxşı əməlləri ilə xatırlananların ünvanına daim xoş sözlər deyilir və ruhlarına dualar oxunur. Belə ömür sahiblərindən biri də Qərbi Azərbaycanın Qaraqoyunlu mahalında və ətraf bölgələrdə hamının yaxşı tanıdığı Köçəri müəllimdir.

1932-ci ildə dağlar qoynu Yanırqpəyədə dünyaya gələn və buradan pərvazlanıb Bakı da pedaqoji institutun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirərək doğma yurdda bir neçə il rayon komsomol komitəsinin katibi, 29 yaşından isə rayonun müxtəlif məktəblərində direktor işləyən Köçəri Ramazanov yeddi qardaşın böyüyü olmaqla həm də yüzlərlə şagirdə ata qayğısı göstərən əsil müəllim idi. Uşaqlığı İkinci Dünya müharibəsi dövrünə düşdüyünə və atası cəbhədə döyüşdüyünə görə evin qayğılarını çiyinlərində daşıyan K.Ramazanov sonralar həm də bütöv bir bölgənin qayğıları ilə yaşayaraq ömrünü daha da mənalandırdı. 1986-cı ildə kənd camaatının təkidli xahiş və tələbi ilə kənd sovetinin sədri seçilən Köçəri müəllim 1988-ci ildə başlayan Qarabağ separatizminə qarşı öz etiraz səsini ucaldan ziyalılardan idi. Həmin ilin noyabrında sovet əsgərlərinin təzyiqi ilə ata yurdunu tərk etməyə məcbur olan qaraqoyunlular, xüsusilə, Yanıqpəyə və Qaraqaya camaatı həmin ağır günlərdə Köçəri müəllimin həm də əsil el ağsaqqalı olduğunu indi də yaxşı xatırlayırlar.

O, Bakıya pənah gətirdikdən sonra gecəsi-gündüzü yox idi, daim həsrətində olduğu yurdunu, onun övladlarının gün-güzəranını fikirləşirdi. 1992-ci il mayın 8-də Şuşanın işğal edilməsi isə ona ciddi zərbə oldu. O, 60 illik yubileyinin keçirilməsi üçün etdiyi hazırlıqları tam ləğv edərək «Şuşasız yubiley keçirmərəm», - dedi və elə də etdi.

Hələ Ermənistanda olarkən Ulu Öndər Heydər Əliyevin tərəfdarı kimi tanınan və daim ermənilərlə bu barədə mübahisələr edən Köçəri müəllim həmişə Heydər Əliyevin rəhbərliyə gəlməsinin dönməz tərəfdarı idi və o, mərhum millət vəkili, həmkəndlisi Zakir Sərdarovun sədrliyi etdiyi Heydər Əliyevi Müdafiə Komitəsinin fəallarından biri kimi daim təbliğat aparırdı. O vaxt çoxları buna dodaq büzsə də, o öz qətiyyətindən dönmür və deyirdi ki, o Kişi gəlməsə, ölkə dağılacaq.

Vətən həsrəti, Şuşa ağrısı, üzləşdiyi haqsızlıqlar onu daim incidirdi və deyirdi ki, belə getsə, ruhum tezliklə Yanıqpəyəmə dönəcək. Elə də oldu: 1993-cü il mayın 13-də – anadan olduğu gün dünyasını dəyişdi və ruhu doğma kəndinə döndü. İndi o ruh şaddır, çünki Şuşa da işğaldan azad edilib. Qaraqoyunlunun da nə vaxtsa yenidən Azərbaycana qovuşacağına isə şübhə ola bilməz.

Nəsib QARAMANLI

Oxşar xəbərlər