Namiqin 2 yaşı olanda Quliyevlər ailəsi Moldovanın Kişinyov şəhərinə köçüb. O, 2000-ci ildə Kişinyov şəhərində N.Qoqol adına Liseyin birinci sinfinə qəbul olunub və 5 il burada təhsil alıb. 2005-ci ildə valideynləri övladlarını azərbaycanlı ruhunda böyütmək istədiyindən, onlar doğma Vətənə qayıdıblar. Vətənə döndükdə Namiqin ən böyük istəyi Azərbaycan dilini mükəmməl səviyyədə öyrənmək olub və qısa müddətdə buna nail olub. O, təhsilini 2 nömrəli Texniкi Humanitar Liseydə davam etdirib. Sonra 9-11-ci siniflərdə Zərifə Əliyeva adına Liseydə təhsil alıb və 2012-ci ildə məzun olub. 2012-ci ildə M.V.Lomonosov adına Mosкva Dövlət Universitetinin "Tətbiqi riyaziyyat" fakültəsinə daxil olan Namiq 2016-cı ildə "Kompüter elmləri" ixtisası üzrə ali təhsilini başa vurub. O, hərbi xidmətini Qusar rayonunda "N" saylı hərbi hissədə keçib. Hərbi xidmətdə artilleriya ilə yaxından tanış olub, bu sahənin sirlərinə yiyələnib və çavuş rütbəsi alıb.
Azərbaycan ordusunun çavuşu Namiq Quliyev 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində könüllü olaraq Cəbrayıl, Füzuli, Xocavənd və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Vətənin igid oğlu noyabrın 8-də Xocavənd istiqamətində gedən döyüşlərin birində qəhrəmanlıqla şəhid olub. Şəhidimiz II Fəxri Xiyabanda böyük bir izdiham və ehtiramla dəfn olunub.
Ölümündən sonra Prezident İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Namiqin anası Gülarə xanım deyir ki, Namiq bütün şəkillərində gülərüz düşüb. Vətən uğrunda şəhid olan qəhrəman oğullarımızın son anında şahidi olduğu döyüş yoldaşlarının dedikləri bir məqam insanı düşündürür. Deyirlər ki, şəhidlər son anda gülümsəyirlər. Yəqin Namiq də şəhadətə ucalanda öz gənc ömrünü gülə-gülə Vətənə bağışlayıb.
Şəhidimizin atasının söylədikləri də, ilginc olduğu qədər maraqlıdır. Natiq Quliyev deyir ki, oğlu şəhid olduqdan sonra onun yuxusuna gəlir və gülümsəyir. Şəhid atası yuxuda oğlundan soruşanda ki, o haradadır, deyir, ölməmişəm, dəfn edilən, sadəcə, cismimdir...
Qardaşı Orxan isə belə deyir: “Namiq evin balacası idi. Anam ona həmişə deyərdi ki, sən mənim günəşimsən!”
Öz gənc ömrünü Vətənə qurban edən və Zəfər tariximizi yazanlardan biri olan Namiq balamız, cənnətdəki doğum günün mübarək!
Mina RƏŞİD