Qələbəmizin illərlə həsrətini çəkən analarımız bu yolun geri dönüşünün olmadığını da bilə-bilə oğullarını toy-bayramla müharibəyə yola saldılar.
2001-ci il aprelin 20-də Ağdam rayonunun Çullu kəndində, baharın gözəl çağında, əkiz uşaqlar dünyaya gəldi, adlarını Nazir və Tacir qoydu valideynləri. On övladın sonbeşiyi olan bu körpələr əl üstündə tutuldular... Yan-yana böyüdülər, orta məktəbə birlikdə getdilər. Ağdam rayonu 32 saylı tam orta məktəbin məzunu oldular. Elə həqiqi hərbi xidmətə də bir yollandılar... Vətənpərvərlik hissi onlarda çox güclü idi. Hələ uşaq vaxtlarında əsgərlikdən məzuniyyətə gələnlərin paltarlarını geyinirdilər ki, biz də əsgər olacağıq. Arzuları isə kəşfiyyatçı olmaq idi.
2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda hər ikisi Bakıda “N” saylı hərbi hissədə qulluq edirdi. Əkizlər oktyabrın 1-də tərxis olunacaqdılar. Amma Vətən, doğma torpaq sevgisi onlara güc gəldi, könüllü yollandılar Vətənin müdafiəsinə. Döyüş yolları Füzulidən başladı. Elə ordan da valideynlərinə zəng edib dedilər ki, narahat olmayın, 30 il işğalda qalan torpaqlarımızı geri alıb, həsrətə son qoyacağıq... Amma bilmədilər ki, qısa və şərəfli ömür yaşayacaqlar...
Düşmən üzərinə qələbə çalmaq əzmi ilə döyüşən igidlərimizin ikisi də topçu idi. Biri tuşlayıcı, digəri mərmi gətirən. Oktyabrın 20-də qardaşlarına mesaj yazıblar ki, ön cəhbəyə keçirik, şəbəkə olmayacaq, narahat olmayın. Həmin vaxtdan sonra əlaqə kəsilib. Cəbrayıl istiqamətində gedən döyüşlərdə düşmənin onlarla hərbi texnikasını sıradan çıxaran cəsur əkizlərimiz düşmən tərəfdən atılan minamyot mərmisinə tuş gəliblər, eyni anda hər ikisi qəhrəmanlıqlarını müqəddəs şəhidlik məqamına yüksəlməklə sübut ediblər.
Ağdam rayonunun 32 saylı tam orta məktəbinin 2a sinfi qəhrəmanlarımız Nazir və Tacir Allahverdiyevlərin adını daşıyır.
İki oğlunu qolları arasına alan Nailə xanımın gücünə, məğruruluğuna heyrətlənmirik, çünki belə analarımız olmasaydı, qəhrəman oğullarımız dünyaya gəlməzdi... Nailə xanım deyir ki, onlar mənim gözümün nuru, dizimin taqəti, ürəyimin işığı idilər. Mən onların yolunu gözləyərkən oğullarım şəhid olub üstümə gəldilər... İki şəhid anası Nailə xanım bu gün başını dik tutur, əkizləri ilə qürur duyur və deyir ki, Nazirlə Tacirə qismət olmasa da, şükürlər olsun ki, torpaqlarımız igid oğullarımız sayəsində azad edildi. Silahdaşları şəhidlərimin qanını yerdə qoymadı, qisaslarını aldılar. Nailə xanım onunla təsəlli tapır ki, əkiz oğulları Vətən müharibəsinin ilk günündən son nəfəslərinə qədər şərəfli döyüş yolu keçib və ikisi də “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif ediliblər.
Tahirə AĞAMİRZƏ