12.10.2024, 14:28
AZ EN
18.03.2022, 11:00 501

Əbədiyyətə doğru yeddi gün

YAZILAR

İkinci Qarabağ müharibəsinin – 44 günlük Vətən müharibəsinin ən gənc şəhidlərindən biridir Elşən... Qısa ömür yaşayıb, amma adı əbədi olaraq xalqımızın qəhrəmanlıq tarixinə yazılıb. Böyük zəfərimiz uğrunda canını qurban verərək doğma el-obasına, ailəsinə şərəf gətirib, gələcək nəsillər üçün vətənpərvərlik nümunəsi göstərib.

Elşən Cahangir oğlu İbra­-himov 27 mart 2002-ci ildə Şəkidə anadan olub. Şəki şəhər 11 saylı tam orta məktəbin məzunu idi. Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdindəki İqtisad Kollecində təhsil alırmış. Həqiqi hərbi xidmətə 2020-ci il mayın 4-də yollanıb. Ordumuzun düşmənlə təmas xəttində - Tərtər rayonu ərazisində yerləşən hərbi hissələrdən birində xidmətə başlayıb. Əsgər taleyinə xidmətinin dördüncü ayında torpaqlarımızın azadlığı uğrunda döyüşlərin iştirakçısı olmaq yazılıbmış...

Ermənistanın işğalçı qüvvələrinə qarşı əks-hücum əməliyyatının ilk günündən ön cəbhədə olub. Yeddi gün mərdliklə, igidliklə vuruşub, oktyabrın 4-də şəhidlik zirvəsinə yüksəlib.

Vətən müharibəsinin iştirakçısı olan minlərlə həmyaşıdı kimi onun da döyüşlərdəki şəxsi şücaətləri haqqında təfərrrüatlı məlumat əldə etmək mümkün deyil. Kəşfiyyat bölüyündə xidmət etdiyi üçün, təbii ki, hər zaman öndə olub, ən mürəkkəb vəziyyətlərdə döyüş tapşırıqlarını yerinə yetirib. Yəqin ki, ilk qələbələrin sevincini də yaşayıb. Elə qalib əsgər kimi də şəhadətə çatıb...

Elşən yaddaşlarda gülərüz, şən, mehriban bir oğlan kimi qalıb. Atası Cahangir, anası Xatirə xanım, qardaşı Ruslan onun qısa, lakin şərəfli ömrünün ən xoş anlarını nisgillə xatırlayırlar. İndi 20 yaşı tamam olan Elşənin yoxluğu nə qədər dözülməz olsa da, şəhidliyi ailəsi, qohumları üçün bir qürur mənbəyidir. Onun Şəkinin “Qışlaq” qəbiristanlığındakı əbədi ünvanı müqəddəs bir ziyarətgahdır...

Şəhid Elşən İbrahimov döyüşdə göstərdiyi igidliklərə görə, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, "Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

Xatirəsi qəlbimizdə əbədi yaşayacaq.

Allah rəhmət eləsin.

Oxşar xəbərlər