27.07.2024, 13:54
AZ EN
05.04.2022, 08:50 2024

Vətən sevdalısı

YAZILAR

Adının əvvəlinə müqəddəs şəhid hikmətinin yazılması elə uşaqlıqdan arzuladığı qismət payı idi Aqil Məcidovun. Eyni gündə dünyaya gələn əkiz qardaşlar Aqil və Araz bir-birindən ayrılmasalar da, Vətən müharibəsində ayrı-ayrı “N” saylı hərbi hissələrdə Vətənə xidmət edirdilər. İkinci Qarabağ savaşının iştirakçısı olan Azad əkiz qardaşı ilə qürur duyur... Aprel ayının 3-də şəhid leytenant  Aqil Məcidovun anım günündə xatirəsinə inşa olunmuş bulaq-abidə kompleksinin açılışı olub. Tədbirdə rayon ictimaiyyəti, dövlət qurumlarının əməkdaşları, şəhid ailələri və qazilərlə yanaşı, mədəniyyət işçiləri də iştirak edib...  

Hərbçi forması onun üçün ən qiymətli geyimlərdən dəyərli idi. Çünki bu geyimin içində olan hər bir şəxsin məsuliyyət hissi daha güclü olur və ətrafdakılara  Vətənə, dövlətə, Bayrağa, millətə, torpağa sonsuz sevgi aşılayır...

Aqil Aydın oğlu Məcidov 1998-ci il aprel ayının 3-də Tovuzda dünyaya gəlib. Ermənilərin qaniçənliyindən, nankorluğundan, rəhimsizliyindən hələ uşaq ikən valideynlərinin söhbətindən eşitmişdi. Böyüdükcə qaniçən ermənilərin xalqımıza qarşı həyata keçirdikləri soyqırımı haqqında müfəssəl biliklər əldə eləmək üçün tariximizə üz tutdu və hər şey ona gün kimi aydın oldu: “Ermənilərin xalqımıza qarşı faciələri, terrorları, soyqırımlarını əsla unutmaq olmaz. Biz gənclər bu qisası qiyamətə qoymamalı, günahsız soydaşlarımızın qisasını almalı, tarixi dədə-baba torpaqlarımızı düşmən tapdağından xilas etməliyik”,- deyib bu yola çıxdı igid balamız Aqil Məcidov.

2006-cı ildə Tovuz rayon Nəsrəddin Tusi adına təbiət və texniki fənnlər təmayüllü liseyin 1-ci sinfinə daxil olan Aqil, 2011-ci ildə A.S.Puşkin adına tam orta məktəbdə təhsilini davam etdirib. Məktəbi bitirdikdən sonra uşaqlıqdan xəyalı ilə yaşadığı Ulu Öndər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Aqil Məcidov  2020-ci ildə Hərbi məktəbi motoatıcı ixtisası üzrə müvəffəqiyyətlə başa vurub. Leytenant rütbəsində “N” saylı hərbi hissəyə təyin olunub.

Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. Doğmaları deyirlər ki, müharibədən on gün əvvəl ailəsinə baş çəkib, hər kəslə bir-bir halallaşıb və yenidən geri qayıdıb. Sentyabrın 27-si müharibə başlayanda ondan nigaran qalan valideynləri ilə - ata-anası, qardaş-bacıları ilə imkan olduqca əlaqə saxlayıb, hər şeyin yaxşı olduğunu, tezliklə qələbə qazanacaqlarını, düşmənə yerini bildirəcəkləri sinədolusu fəxrlə, qürur hissi ilə onlara çatdırıb. Anası ilə axırıcı dəfə danışanda Aqil ona irəli getdiklərini böyük sevinc hissi ilə deyib: “Dedi ki, ana, biz irəli gedirik, hər şey ola bilər. Mənə bir şey olsa, ağlama, başını dik tut!  Təki Vətən sağ olsun!  Məni başığla, ana!”

Tağım komandiri Aqil düşmənin 1-ci müdafiə səddinin yarılması zamanı ordunun ön sıralarında olub. Yuxarı Əbdülrəhmanlı kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Məzarı ata-baba yurdu Tovuzdadır. Şəhidimiz ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər