Əməkdar jurnalist Bəbir Hüseynovun 90 illik yubileyi münasibətilə
...Biz özümüzü onun yeritmələri sayırıq. Çünki redaktorumuz olub, qəzetçilikdə ilk addımlarımızı atarkən nədən və necə yazmaq barədə tapşırıq və tövsiyləri ondan almışıq. Yazıdıqlarımızı bəzən bəyənib, bir sözünü belə dəyişmədən çapa göndərib, bəzən də hər cümləsinə, hər abzasına əl gəzdirib, qırmızı qələmi ilə “şumladıqdan” sonra dərcinə qərar verib. Amma bütün hallarda öz insanlıq və redaktorluq xusiyyətinə sadiq qalıb: bizi daha yaxşı yazmağa, püxtələşməyə həvəsləndirib, jurnalistikada peşəkarlıq meyarlarına əməl etməyi öyrədib...
Bu gün bizim əziz müəllimimzin – Azərbaycanın Əməkdar jurnalisti, “Qızıl qələm” mükafatı laureatı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Bəbir Qüdrət oğlu Hüseynovun 90 yaşı tamam olur. Ömrün növbəti onilliyinə zəngin və ibrətamiz həyat hekayəsi ilə qədəm qoyan mətbuat veteranının yaşamı və yaradıcılığı taleyini jurnalstikaya bağlayan gənclər üçün, bizcə, yaxşı bir örnəkdir.
O, 26 dekabr 1932-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olub. Bu kənddə böyüyüb, təhsil alıb. Əvvəlcə Ağdam Pedaqoji Məktəbini, sonra Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Müəllim işlədiyi dövrdə intizamlı, məsuliyyətli pedaqoq kimi tanınıb, həmkarlarının da, şagirdlərinin də hörmət və ehtiramını qazanıb. İctimai-siyasi işlərdə fəallığı, təşkilatçılıq bacarığı, səlis və məntiqli nitqi ilə seçilib. O zamankı hakimiyyət təmsilçiləri müxtəlif kütləvi tədbirlərdə, toplantılarda belə fəal kadrları görür, gələcəkdə onları idarəetmə strukturlarında işləməyə namizəd kimi qeydə alır, yadda saxlayırdılar. Bəbir müəllim də məhz bu zəmində yerli siyasi hakimiyyət orqanında – rayon partiya komitəsində işə dəvət edilmiş, burada sıravi təlimatçı vəsifəsindən təbliğat-təşviqat şöbəsinin müdirliyinədək yüksəlmişdi. Rayon qəzetinin və radiosunun fəaliyyətinə nəzarət də onun vəzifə səlahiyyətlərinə aid idi. Təbii ki, istər müəllim işləyərkən, istərsə də rayonun siyasi həyatındakı fəaliyyəti dövründə mətbuatla daim maraqlanırdı, bu sahənin xüsusiyyətlərindən xəbərdar idi. Lakin heç vaxt qəzet redaktoru olmaq, jurnalist fəaliyyətinə başlamaq istəyində olmamışdı. Buna görə də rayon rəhbərliyinin bu barədə təklifini əvvəlcə qəbul etməsə də, az sonra “Lenin yolu” qəzetinin redaktoru olmağa razılaşmışdı. Bu, 1979-cu ilin dekabrında baş vermişdi...
Biz hər ikimiz həmin vaxt universitetin qiyabiçi tələbəsi idik. Təşkilati baxımdan redaksiyadan asılılığı olmayan rayon mətbəəsində çalışırdıq və işimiz qəzetin çapı ilə birbaşa bağlı idi. Yəni oradakı kollektivi yaxından tanıyırdıq. Redaksiyanın o vaxtkı əməkdaşları, indi unudulmaz xatirələrini hörmət və ehtiramla andığımız redaktor müavini Şamil Əkbərov, məsul katib Ələkbər Tanrıverdiyev, şöbə müdirləri Şamil Ağayev və İlyas Allahverdiyev, ədəbi işçilər Vaqif Məmmədov və Həsən Qəhrəmanov mətbuatda çox böyük təcrübə qazanmışdılar. Bir neçəsi universitetin jurnalistika fakültəsinin məzunu idi, aralarında müxtəlif rayonlarda qəzet redaktoru olanlar, vaxtilə respublika mətbuatında işləyənlər vardı. Necə deyərlər, xasiyyətləri də, yaradıcılıqları da artıq formalaşmış insanlarıydı və kimisə, nəyisə dəyişməyin mümkün olmadığı bir şəraitdə Bəbir müəllim, sözün həqiqi mənasında, inqilab etməliydi... Bunun üçün, ilk növbədə, kollektivin əsil lideri olduğunu – yəni həm redaksiya işinin təşkilində, həm də elə yaradıcılıq məsələlərində hamıdan üstün olduğunu təsdiqləməli idi. Bəbir müəllim bunu bacardı və qısa müddətdə kollektivdə nizam-intizamı möhkəmləndirdi, qəzetin məzmununa da, tərtibatına da yenilik gətirdi, onun rayonda nüfuzunu və təsir gücünü artırmağa nail oldu. Rayonda keçirilən ən mötəbər tədbirlərdən, ictimai-siyasi hadisələrdən özü yazmaqla təcrübəli həmkarlarına nümunə göstərirdi. Belə hadisələrdən biri Ulu Öndər Heydər Əliyevin Ağdama səfəri olmuşdu. Bunu təsdiqləyən fotoşəkli Bəbir müəllim qiymətli yqadigar kimi saxlayır...
Bir nüansı xüsusi qeyd etmək istərdik. Qarabağda erməni separatizmi baş qaldırında, xalqımızın gələcəkdə üzləşəcəyi facilərin ilk rüşeymləri boy verəndə Ağdamda ideoloji işin yükünü çəkənlərdən biri də Bəbir müəllim oldu. O, qəzet vasitəsilə vətənpərvərlik təbliğatının aparılmasına, xəyanətkar ermənilərin bədxahlıqları barədə məlumatların ictimaiyyətə çatdırılmasına, rayon fəallarının Qarabağ uğrunda mübarizəyə səfərbər olunmasına böyük əmək sərf edirdi. Həmin dövrdə biz də artıq redaksiyada ştatlı əməkdaşlar kimi çalışırdıq və qəzetin ətrafda baş verən hadisələrə doğru-dürüst reaksiyasının təmin olunması üçün redkatorumuzun tapşırıqlarını yerinə yetirirdik.
Unuda bilmədiyimiz iki hadisəni xatırlamaq istərdik.
1988-ci il fevralın 22-də Ağdam camaatının və ətraf rayonlardan gələn insanların Əsgəran istiqamətində dinc yürüşündə də Bəbir müəllim ön sıralarda olmuş, düşmən üstünə əliyalın gedən gəncləri qarşıda gözləyən təhlükədən qorumağa çalışmışdı. Özü də erməni quldurların güllə-baranına məruz qalmış, lakin xəsarət almamış, yaxınlığında yaralanan gənclərin təxliyyəsində iştirak etmişdi...
1990-cı ilin qanlı 20 Yanvar hadisələri zamanı, paytaxt Bakı ilə kommunikasiyanın mümkünsüz olduğu günlərdə Bəbir müəllim məsuliyyəti öz üzərinə götürərək, qəzetin faciəni törədən sovet qoşunlarının ittiham edildiyi, xalqımızın azadlıq mübarizəsinin dəstəkləndiyi xüsusi nömrəsinin buraxılmasına nail oldu. Həmin nömrədə bizim də yazılarımız dərc edilmişdi.
Yeri gəlmişkən, Bəbir müəllim gənc jurnalistlərə daim qayğı göstərib. İmkan yarandıqca istedadlı gənc kadrları redaksiyaya işə götürüb. Sözün düzü, rayonda ali təhsilli jurnalistlərin sayca redaksiyanın tələbatını dəfələrlərlə üstələdiyi bir şəraitdə düzgün seçim aparmaq heç də asan deyildi. Bircə faktı deyək: Bəbir müəllimin peşəkar jurnalistikaya gətirdiyi gənclər arasında sonralar 3 nəfər Əməkdar jurnalist, 1 nəfər Əməkdar mədəniyyət işçisi fəxri adlarına layiq görülüb. Hələ ilk yaradıcılıq təcrübəsini onun qəzetində keçənləri demirik...
Bəbir müəllim Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra “Ağdam” adı ilə çıxan rayon qəzetində redaktorluq fəaliyyətini davam etdirib, məcburi köçkünlüyün mərhumiyyətlərini yerli camaatla birlikdə yaşayıb, qəzeti onların yurd həsrətinin, arzu, istək və müraciətlərinin tribunasına çevirib. Redaktorluqdan 1998-ci ildə ayrılsa da, jurnalistikadan, yaradıcılıqdan bir an belə uzaq düşməyib. Müxtəlif mətbu nəşrlərdə müntəzəm öz yazılarını dərc etdirib. “Ömürdən qalan izlər”, “Həyat illərin aynasında”, “Qarabağ tarixindən səhifələr” adlı 3 sanballı kitabın müəllifidir. Üstəlik, cavanlıq vaxtlarında olduğu kimi, ömrünün ahıl çağında da ictimai-siyasi fəal kimi öndədir, xüsusən, mətbuatla, yaradıcı insanlarla bağlı tədbirlərdə onu tez-tez görürük. Sakini olduğu Bakı şəhərinin Nərimanov rayonunda isə Bəbir müəllim Ağsaqqllar Şurası İdarə Heyətinin üzvüdür. Həm Şuranın, həm də Yeni Azərbaycan Partiyası rayon təşkilatının keçirdiyi yığıncaq və tədbirlərdə iştirak edir. Azərbaycan tarixi, milli-mənəvi dəyərlərimiz, Ulu Öndər Heydər Əliyevin ictimai-siyasi irsi, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanımış Qarabağ zəfəri, doğma yurda qayıdış kimi mövzulara dərindən bələdliyi veteran jurnalist-tarixçiyə istənilən auditoriya üçün maraqlı həmsöhbət olmaq imkanı verrir.
Təhsil və karyerada uğurlar, dövlət işində təqdirəlayiq fəaliyyət, mətbuata 40 ildən artlq bağlılıq öz yerində, Bəbir müəllimin ömür gündəliyinin ən dəyərli səhifəsi onun ailəsidir. Üç il əvvəl haqqın dərgahına qovuşan rəhmətlik həyat yoldaşı Şükufə xanım uzun müddət Ağdam doğum evinun baş həkimi vəzifəsində işləyib. Onların ailəsində iki oğul, iki qız dünyaya gəlib. Evin böyük oğlu Gündüz erkən dünyasını dəyişsə də, övladları yadigar qalıb, böyüyüblər. Ailənin ikinci oğul övladı Vaqif iş adamıdır, qızları – Flora və Elnarə – biri həkim, digəri ingilis dili müəllimidir. Hamısı ailəlidir, hamısı valideynlərin ziyalılıq missiyasını layiqincə davam etdirir. Hazırda Bəbir müəllimin 10 nəvəsi, 8 nəticəsi var: Allah hamısının üstündə yar olsun!
Özümüzə ustad saydığımız nümunəvi ziyalının, elimizin-obamızın nüfuzlu ağsaqqlının 90 illik yubileyi barədə qeydləri xoş duyğularla qələmə alırıq. Bilirik ki, müxtəlif tarixi dövrlərin şahidi olmuş, erməni vəhşiliklərindən maddi-mənəvi ziyan çəkmiş, yeri-yurdu yağmalanıb talan edilmiş bütün həmyerlilərimiz kimi Bəbir müəllim də ömrünün bu ahıl çağında torpaqlarımızın, doğma Ağdamın, Novruzlunun işğaldan qurtarılmasına hədsiz dərəcədə sevinir. Və inanır ki, qüdrətli Azərbaycan dövləti, onun müdrik rəhbəri bizim ata-baba ocağımızın da tezliklə abadlaşdırılmasına nail olacaq. Biz də ümidvarıq ki, növbəti yubileyləri yenidən qurulan şəhərimizdə qeyd edəcəyik.
Yüz yaşayın, Bəbir müəllim!
Elşən ƏLİYEV,
Salman BABAYEV