...O da ömrünün on səkkizinci baharında şəhidlik mərtəbəsinə ucalan oğullarımızdan biridir: Astara rayonunun Ərçivan kəndinin 9 şəhidindən yaşca ən gəncidir Sadiq...
Bağırzadə Sadiq Şahin oğlu 2002-ci il aprelin 15-də - baharın ətir saçan çağında Astara rayonunun Ərçivan qəsəbəsində dünyaya gəlib. Natiq Kərimov adına Ərçivan qəsəbə orta məktəbində təhsil alıb. Boks üzrə birinci dərəcəli idmançı idi. Həmişə hər yerdə fərqlənirdi, idmanda diqqətəlayiq uğurları vardı. Azərbaycan yığma komandasına cəlb edilmişdi. Arzusu Azərbaycan bayrağını beynəlxalq yarışlarda yüksəklərə qaldırmaq idi.
Sadiq 2020-ci il mayın 20-də hərbi xidmətə yollanıb. Xüsusi təyinatlı kəşfiyyatçı kimi 4 ay ərzində təlim keçib. Bu təlim zamanı zabit heyəti arasında tək əsgər Sadiq Bağırzadə olub.
2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsində həmişə ön cəbhədə vuruşub. Murovdağ yüksəkliyində böyük qəhrəmanlıq göstərərək, oraya Azərbaycan bayrağını sancan əsgərlərimizdən biri olub.
Valideynlərinin dediyinə görə, komandirləri onlara zəng vuraraq ailənin təkl oğlu olan Sadiqin qəhrəmanlığından danışıb, belə cəsur oğul yetişdirdiklərinə görə onlara təşəkkür ediblər.
Murovdağ yüksəkliyinin azad edilməsi uğrunda gedən döyüşlərdə biri polkovnik, biri mayor olmaqla düşmənin 20-dən çox hərbçisini məhv edib. “Murov aslanı” ləqəbi qazanan gənc qəhrmanımız 2020-ci il sentyabrın 30-da qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Sadiq Bağırzadə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin.
TAHİRƏ