-Qasım Qasımzadə şirin təbli, həssas duyumlu, sözə urvat gətirən, bədii sözün uca, ali mərtəbəsini dəyərincə qiymətləndirən şairlərdən olub. O, bir şeirində Azərbaycan xəritəsini qanadları yana açıb ənginliklərə doğru uçan qartala bənzədir. Azərbaycanın xəritədəki cizgilərilə qartal timsallı, Bakının da onun gözü kimi TV-də ara-sıra gedən təsvirinə hamı alışıb. Çoxları bilmir ki, bunu poetik obraz qismində ilk dəfə Qasım Qasımzadə ötən əsrin 60-cı illərinin əvvəllərində paytaxtımıza həsr etdiyi bir şeirində ifadə edib. 1993-cü ildə “Əməkdar rəssam” Görüş Babayev şairin məzarının bürüncdən başdaşını da həmin təsvirdə yaratdı. Obrazlı təsvirin 1993-cü ildən TV-yə adlaması məhz həmin tarixdən başlayır.
Q.Qasımzadə vətən torpağını qarış-qarış gəzib, təbii gözəlliklərini görüb, sevərək vəsf edib. Ölkəmizin elə bir guşəsi yoxdur ki, mənzərəsi onun şeirlərində əks olunmasın - "Azərbaycan", "Sehrli torpaq", "Vətən" yazdım", "Diryarım", "Qapını bağlayan fələk", "Sinəsi dağlı dağ", "Laçın qayası", "Gəncənin yanında", "Dağlar buraxmır məni", "Göygöl mənzərələri" və s. Vətən sevgisi hər kəsin doğulduğu kənd, şəhər, yer-yurddan başlanır. Şairin ilk kitablarının adları da bu sevgidən soraq verir: "Bizim kənd" (1951), "Bizim şəhər" (1953), "Bizim dağlar" (1955).
Şairin yaradıcılığında Qarabağ mövzusu xüsusi yer tutur. Hələ mənfur qonşularımızın ərazi iddiaları başlamazdan öncə hər kəsi ilk növbədə Vətəni, Qarabağı, Şuşanı gəzib görməyə çağırırdı və bu çağırışında vətəndaş narahatlığını sezməmək mümkün deyil: "Bələdəmmi Xankəndinin dünəninə bu gününə, ürəyimcə abaddırmı Pənahabad?!...Çıxmışammı Şahdağına, Murova, Baxmışammı Vətənimə zirvələrdən..." ("Bələdikmi öz-özümüzə"), "Bədxahı qovmaq üçün qəsdinə duran Xaçın, Qarqar onun qoşa saçıdır. Başının üstündə yanıb bərq vuran Şuşa Qarabağın zümrüd tacıdır" ("Zümrüd tac"), "Hara getsək bizi çağırır Şuşa, Bilirsizmi nədir bundakı hikmət: Üç gözəl söz ilə yaranmış qoşa - Gözəl səs! Gözəl qız! Gözəl təbiət!" ("Şuşa"). Şuşanın Qarabağın zümrüd tacı obrazında təqdimatı məhz Q.Qasımzadənin şeirindən xalqımızın dilinə düşərək zərbi-məsələ çevrilmişdir.
Şair hər il bir neçə dəfə ailəliklə, qələm dostları ilə birlikdə Şuşa, Kəlbəcər, Qubadlı, Laçın, Ağdamda olurdu, onun bu ellərdə hər zaman yolunu gözləyən çoxlu sadiq dostları var idi. Bu ellər yağı girovuna keçəndən sonra şairin həyatı, yaşamı alt-üst olmuşdu: "Bir adı Qala, bir adı da Pənahabad olan Şuşa, Laçın təkcə bu günümüz yox, tariximizdi, sərkərdələr, sənətkarlar yetirən əcdadımızın yadigarıdır. Pənah xanı, Vaqifi, Natəvanı, Adıgözəl bəyi, Mehmandarovu, Xosrov bəyi, Sultan bəyi, Üzeyir bəyi, Seyidi, Xanı, Bülbülü yetirən diyardır. Şuşa bizim qartal qıylı, bülbül cəh-cəhli yuvamızdır. Buna görə də indi mən özümü yuvasız quş sayıram". H.Nərimanoğlu daha sonra yazır: “Şuşa, Laçın, Kəlbəcərin... işğalı şairin qəlbinə çalın-çarpaz dağ çəkmişdi. Ən ağır günlərində bir ayağı cəbhə bölgələrində idi, özünə dinclik tapa bilmirdi”.
Q.Qasımzadə həyatının son aylarında qeyd dəftərçəsində kiçicik bir gündəlik tutmuşdu, dəftərçəsinə ürək sözlərini, əhvalını yazırdı. Bunlar 1993-cü ilin aprel-iyun ayları ilə tarixlənir. Gündəliyin əsas hissəsi İstanbulun Haseki xəstəxanasında yazılmışdır. Bəzisi Birinci Qarabağ davamızın faciəli günlərini xatırladır. Həmin ilin aprel ayının 14-də yazdığında oxuyuruq: "…Vallahi, billahi, ən səmimi ürək sözümdür ki, bu halımda mənə silah versinlər, ən şiddətli döyüş xəttinə gedim, qanım torpağıma qarışsın. Bilmirəm bu təmənnamı necə çatdırım ki, məni qınamasınlar… Gərək də qınamazlar. Çünki ömrüm boyu milli mənafedən başqa mənafeyim olmayıb".
Q.Qasımzadənin həssas şair qəlbindən və qələmindən süzülüb gələn şeirlərində sevgi, tərənnüm nidalarını həsrət, kədər, nisgilli nigarançılıq duyğuları da müşayiət edir. Bəzi şeirlərində məkrli işğal səbəbkarlarını adı ilə göstərir, qəzəblə lənətləyir, dərdlərimizə əlacın xalqın birliyindən keçdiyini vurğulayır. Şairin əcəlini tezləşdirən, 1993-cü il iyulun 28-də həyatdan aparan əsas amil, heç şəksiz, bu işğalın gətirdiyi dözülməz əzab, ağrı, hüznlü kədər oldu.
Cümhuriyyət dövründə Zəngəzur qəza rəisinin 1-ci müvaini vəzifəsində çalışmış Şahsuvar bəy kimi daşnak-bolşevik dəstələrinə əldə silah qan udduran kişinin nəvəsi idi Qasım müəllim və o torpaqların dünənədək dədə-babasının qarşısında quyruq bulayan ermənilərin əsirliyində qalmasını ağlına sığışdıra, sinirə bilmirdi.
"Dağlar buraxmır məni", "İnsan min il yaşardı", "Təbiətin qız vaxtıdır", "Anamgildədir", "Gəlmişəm", "İki lövhə", "Elqovan", "Qərib bahar", "Keçmə namərd körpüsündən", "Açılmamış kitab"... və neçə-neçə belə əsl poetik istedad nümunəsi olan şeirləri poeziyamızın incilərindəndir.
Sağlığında əsərləri bir çox xalqların dillərinə tərcümə olunur, kitabları Azərbaycanın hüdudlarından kənarda nəşr edilir, Rusiya, Polşa, Bolqarıstan, Türkiyə, İraq, İranda yayılırdı.
Q.Qasımzadə 33 yaşında Yazıçılar İttifaqının orqanı olan "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktorluğunu Xalq şairi Süleyman Rüstəmdən qəbul etmişdi. Qəzeti qısa zamanda ən populyar, çox oxunan, ictimai fikrə təsir edə bilən, o dövrün ən nüfuzlu qəzetlərindən birinə çevirmişdi. 1958-ci ildə qəzetin birinci səhifəsində "Novruz bayramı" adlı yazı verib xalqı təbrik etmiş, Dərbənddə Azərbaycan teatrının açılmasına köməklik göstərməyə çağırmışdı, birbaşa tabeliyində olduğu Yazıçılar İttifaqının rəhbərliyini tənqid edən yazılara yer ayırmaqdan çəkinmirmiş. Xəlil Rzanın "Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram" şeirinin nöqtə-vergülünə toxunmadan senzuradan keçirmək üçün təkcə adını dəyişib "Afrikanın səsi" başlığı ilə qəzetdə vermişdi.
Qasım Qasımzadə Rəsul Rza, Bəxtiyar Vahabzadə ilə birlikdə türkmən adlandırılan soydaşlarımızın müjdəsini İraqdan Azərbaycana gətirənlərdən olmuşdu.
Türkiyə sevdalısı idi, sovet hökuməti zamanında qardaş ölkədə olmuş, Türkiyədən aldığı ilhamını Tofiq Fikrətə həsr etdiyi "Ən gözəl pəncərə", "Uludağ", "Türk gözəli", "İki bayraq", "Ağlayan qız" şeirlərinə hopdurmuşdu.
Q.Qasımzadə həm də geniş və dərin elmi-nəzəri biliyə malik əbəbiyyatşünas alim, tənqidçi, filologiya elmləri doktoru idi. Üç cildlik "Azərbaycan ədəbiyyatı tarixi", ikicildlik "Azərbaycan sovet ədəbiyyatı tarixi" əsərlərinin həmmüəlliflərindən və elmi redaktorlarından olmuşdu. Onun "Ədəbiyyatda millilik və beynəlmiləllik" fundamental monoqrafiyası dövlət mükafatına layiq görülmüşdü. Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda fəaliyyəti ona əsl alim nüfuzu, hörməti qazandırmışdı. Çağdaş ədəbi proseslə bağlı ardıcıl cəsarətli çıxışları, yazıları, obyektiv təhlilləri maraqla qarşılanırdı.
Doğrudan da, yaradıcılığı ilə şəxsiyyəti bir-birini tamamlayan, vəhdətdə olan belə yaradıcı, müdrik şəxsiyyətlərimiz elə də çox deyil.
Qasım müəllim çox sevdiyi, ilk övladı, biliyi, istedadı, bacarığı ilə xalqımıza xeyir, fayda verə biləcək oğlu Fəxrəddinin vaxtsız itkisindən ağır sarsıntı keçirdi, bu sağalmaz göynərti onu ömrünün sonuna qədər izlədi, onu için-için üzdü. Şair atanın bu yaşantılarına ayna tutan "Fəxrəddinli ucalığım" elegiyası poeziyada oğul itkisinə həsr olunmuş ən təsirli poetik nümunələrdəndir.
Şair, sənətkar ömrü yaratdıqlarının ömrü qədərdir. "İnsan min il yaşardı" yazan şairimiz Qasım Qasımzadənin ömrü də bu il tamam olan ilk 100 illiyindən də çox-çox uzaqlara gedəcək, sözü, şeirləri, adı, şəxsiyyəti ilə xalqımızın yaddaşında əbədi yaşayacaq.
Hazırladı: Tahirə AĞAMİRZƏ