15.09.2025, 19:34
AZ EN
15.09.2025, 17:33 37

Ohanyan yenə sülhə qarşı çıxdı

XƏBƏRLƏR
  • Ermənistanın keçmiş müdafiə naziri, hərbi cinayətkar Seyran Ohanyan yenə öz ampluasındadır. O, Ermənistan hökumətinin regional siyasətini pisləyərkən Azərbaycanla sülh danışıqlarının əleyhinə növbəti dəfə bəyanatla çıxış edib.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Öz ölkəsində mümkün hakimiyyət dəyişikliyindən danışan Ohanyan iddia edib ki, Baş nazir Nikol Paşinyan və onun komandası  Azərbaycanla apardığı sülh danışıqları çərçivəsində əldə edilmiş razılaşmalar ermənilərin milli maraqlarına ziddir: “Nikol Paşinyan erməni xalqının maraqlarını Türkiyə və Azərbaycana satıb. Xüsusilə Azərbaycanla əldə edilmiş razılaşmalar Ermənistanın gələcəyini böyük şübhə altına alır. Biz Paşinyanın və onun komandasının dedikləri ilə oturub-dura bilmətik, erməni xalqı milli maraqlarını və mövqeyini əvvəlki hökumətlərin dövründə olduğu kimi müdafiə etməli və geri çəkilməməlidir. İnanıram ki, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra sülh müqaviləsi ilə bağlı danışıqlar yenidən aparılacaq”.

Xocalı canisi Seyran Ohanyan 44 günlük müharibədənn sonra reallıqları qəbul edərək Bakının tələbləri ilə razılaşmaq zorunda qalan Paşinyan iqtidarının “Ermənistan və Azərbaycan arasında bağlanacaq sülh təhlükəsizliyə zəmanət olacaq” tezisi ilə razılaşmadığını vurğulayıb: “Sülh təhlükəsizliyin zəmanəti ola bilməz. O, milli və beynəlxalq təminatlardan qaynaqlanan milli təhlükəsizlik strategiyasının əsas məsələsi olmalıdır. Milli təminatlara ordu və daxili asayiş qüvvələri daxildir, beynəlxalq təminatlar isə dövlətin xarici siyasəti ilə bağlıdır”.

Xatırladaq ki, Seyran Ohanyan 1990-cı illərdə Azərbaycan ərazisinin işğal edilməsinin və bu zaman baş verən saysız hərbi cinayətlərin müəlliflərindən biridir. Onun barəsində Azərbaycanda soyqırımı, əhalini məcburi köçürmə və digər hərbi cinayətlər üzrə iş açılıb. Ohanyan Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsinda birbaşa iştirak edib. Bunlar ən müxtəlif müharibə cinayətləri - insanların öldürülməsi, mülki obyektlərin məhv edilməsi, vandalizm, talan, separatizm dağıntılar və sair epizodlarla bağlıdır.

Azərbaycan artıq Ermənistanda baş verə biləcək mümkün hadisələrin sülh prosesinə pozucu təsirləri və bunun nəticələri barədə xəbərdarlıq edib.

Elxan SALAHOV

Oxşar xəbərlər