O, ilk sənət addımlarını Ağdam Dövlət Dram Teatrında atıb. 1960-cı ildən ifaçılıq fəaliyyətini Bakı şəhərində davam etdirib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ali təhsili aldıqdan sonra Dövlət Filarmoniyasında, Opera və Balet Teatrında çalışıb. Qarabağ muğam məktəbinin görkəmli nümayəndələri Seyid Şuşinski, Xan Şuşinski, Zülfi Adıgözəlov kimi sənətkarların ənənələrini inkişaf etdirərək, öz yolunu müəyyənləşdirib. Yaradıcılığında “Şur”, “Seygah” muğam dəstgahlarının, “Arazbarı”, “Qarabağ şikəstəsi” zərbi muğamlarının xüsusi yer tutan istedadlı xanəndə, həmçinin opera səhnəsində Məcnun, (“Leyli və Məcnun”), Kərəm (“Əsli və Kərəm “), Aşıq Qərib (“Aşıq Qərib”), Camal (“Gəlin qayası”) kimi əsas rolları oynayaraq, böyük tamaşaçı rəğbəti qazanıb.
Arif Babayev muğam sənətini gənclərə həvəslə öyrədən bir pedaqoq kimi Bülbül adına Orta İxtisas Musiqi Məktəbində, Azərbaycan Dövlət Konservatoriyasında uzun illər çalışıb, professor vəzifəsinədək yüksəlib.
Tanınmış yazıçı Mustafa Çəmənli xanəndənin 85 illiyinə həsr etdiyi “Milli musiqi ifaçılığının Arifi” adlı məqalədə yazır: “Bir xanəndə kimi Arif Babayevin istedadı çox tez parlamışdı. Ağdamda və Bakıda konsertləri böyük uğurla keçmçişdi. Nə idi bu uğurun səbəbi? Gənc müğənninin bu qədər tez şöhrətlənməsi nə ilə bağlı idi? Nə üçün tamaşaçılar, dinləyicilər onun konsertlərinə bu qədər maraq göstərirdilər?
Səbəb çox idi. Artıq görkəmli muğam ifaçıları yaşa dolmuşdular və Arif Babayev də belə bir vaxtda sənət meydanına çıxmışdı. Yox, səbəb təkcə bu deyildi. Səbəblərdən, bəlkə də, ən birincisi Arif Babayevin fitrətən xanəndə olması idi. Onun boy-buxunu, oturuşu-duruşu və bu kimi müsbət keyfiyyətlərinin zirvəsi olan şirindən şirin səsi idi. Təbiət Arifə səs verəndə ondan heç nəyi əsirgəməmişdi. Səsi zilli, bəmli vermişdi. Bir də Arifin sənətkar kimi xoşbəxtliyi onda idi ki, əlinə qaval aldığı gündən öz yolu, öz nəfəsi, öz guşəxanlığı, öz dəst-xətti var idi. O, bir xanəndə kimi yaşlı sənətkarların sənətindən çox şey öyrənmişdi, amma səsi, ifası onların təkrarı deyildi. Bu səsin öz axar-baxarı, qövsi-quzehi, öz gülşəni, öz çeşməsi var idi”.
Arif Babayevin ifasında “Segah” muğamı xüsuslə təsirli səslənir və sənət şedevri kimi sevilir. O özü “Segah” muğamını oxuya bilməyənləri xanəndə saymır və deyir ki, muğamların hamısı üçün səs lazımdır, amma hər səslə “Mirzə Hüseyn segahı”nı oxumaq olmaz.
Böyük sənətkarın muğam sənətimizin inkişafındakı xidmətləri dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilib. O, “Şöhrət”, “İstiqlal” və “Şərəf” ordeninə layiq görülüb. 2010-cu ildə Heydər Əliyev Fondunun təsis etdiyi Beynəlxalq “Qızıl Çinar” mükafatına layiq görülüb. Heydər Əliyev Fondu xanəndənin 70 illik yubileyi münasibətilə onun səs yazılarından, həyat və yaradıcılıq yolunu əks etdirən şəkillərdən ibarət CD-albom hazırlayıb.
Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli “Seygah yanğısı”, Rüzgar Əfəndiyeva “Vətəndir Arifin səsi” kitablarını Arif Babayevin yaradıcılığına həsr ediblər. Elm və Təhsil Nazirliyi tərəfindən “Arif Babayevin mahnı və təsnifləri” adlı kitab ali və orta ixtisas musiqi məktəbləri üçün dərs vəsaiti kimi nəşr edilib. Müxtəlif illərdə Arif Babayevin həyat və yaradıcılığına həsr olunmuş yeddi sənədli film çəkilib.
Arif Babayevin doğulub boya-başa çatdığı Ağdam rayonunun Sarıhacılı kəndi 2020-ci noyabrın 20-də erməni işğalından azad edilib. Böyük sənətkara dogma yurdu görmək, oradan öz minnətdarlıq duyğularını şanlı Ordumuza, Müzəffər Ali Baş Komandana çatdırmaq nəsib olub.
Azərbaycan muğamının bu günü və gələcəyi üçün çoxsaylı gənc xanəndələrin yetişməsində mühüm xidmətləri olan Arif Babayevin sənəti və səsi xalqımızın yaddaşında həmişəlik öz sanballı yerini tutacaqdır. Böyük sənətkara cansağlığı, gümrahlıq, tükənməz ailə sevincləri arzulayırıq!
“Vətən səsi”