44 günlük İkinci Qarabağ savaşında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, Azərbaycan xalqının qarşısıalınmaz qələbə əzmi və döyüşçülərimizin misilsiz qəhrəmanlığı tariximizin yaddaşına qızıl hərflərlə yazıldı. Dünyanı heyrətləndirən Azərbaycan Ordusunun bu Zəfərində qəhrəmanlıq göstərən döyüşçülərimizin həyatı dillərdə dastan oldu...
Bu döyüşlərdə canından keçən şəhidlərimizdən biri də xatirəsini qürurla yad etdiyimiz Mirsüleyman Süleymanovdur.
1998-ci il martın 30-da Bakı şəhərində anadan olan Mirsüleyman Aydın oğlu Süleymanov əslən İsmayıllı rayonundandır. Dağ vüqarlı qəhrəmanımız, 2019-cu ildə iyul çağırışında hərbi xidmətə yollanıb. Hərbi xidmətdə olan zaman Vətən müharibəsində ön cəbhədə döyüşmək üçün könüllü müraciət edib. Onun ən böyük arzusu torpaqlarımızı düşmən tapağından azad etmək olub.
2020-ci il sentyabrın 27-də o arzuya çatmağın məqamı yetişdi. Mirsüleyman komandirlərin və əsgər yoldaşlarının sevgisini qazanaraq döyüşlərdə özünü əsl cəngavər kimi sübut etdi. Bir neçə düşmən postunun ələ keçirilməsində, yaralı yoldaşlarının döyüş meydanından çıxarılmasında onun əvəzsiz xidmətləri olub. Mirsüleyman Süleymanov Ağdərə istiqamətində gedən qızğın döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlib.
20 noyabr 2020-ci il tarixində isə yaşadığı Bakı şəhəri Bakıxanov qəsəbəsində dəfn edilib. Yaxınları tərəfindən yaşadığı binanın blokunun girişində xatirə lövhəsi asılıb və əziz xatirəsinə həyətdə bulaq tikilib.
Döyüşlər vaxtı göstərdiyi qəhrəmanlıq və şücaətə görə Mirsüleyman Süleymanov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Ruhun şad, məkanın cənnət olsun!
Tahirə AĞAMİRZƏ