Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyin İnvestisiya idarəsinin rəis müavini İlham Süleymanov diplomatik korpusu məlumatlandırarkən deyib.
O bildirib ki, yol birinci texniki dərəcəyə uyğun şəkildə inşa olunur: “Hərəkət hissəsinin eni 14–21 metr arasında dəyişir. Layihənin 78,5 kilometrlik hissəsi 6 hərəkət zolaqlıdır, qalan 45 kilometrlik hissə isə 4 hərəkət zolağı ilə inşa edilib. Layihə çərçivəsində hərəkət istiqamətləri üzrə ümumilikdə 6 kilometr uzunluğunda 3 tunel tikilib. Tunellərin ümumi uzunluğu 12 kilometr təşkil edir və burada artıq son tamamlama işləri görülür. Tunellər gediş-gəliş üçün tam hazır vəziyyətdədir”.
İlham Süleymanov qeyd edib ki, layihənin 2026-cı ilin ilk yarısında tam yekunlaşdırılması planlaşdırılır: “Layihə boyu 24 körpü, 8 yol qovşağı və ümumi uzunluğu 1980 metr olan 44 ədəd altkeçid inşa olunub. Hazırda layihənin son 10 kilometrlik hissəsində qazma-dolma işləri yekunlaşmaq üzrədir. Layihənin gələn ilin ilk yarısında bizim tərəfimizdən tam şəkildə başa çatdırılması planlaşdırılır”.
İdarə rəisi avtomobil yolunun dəmir yolu xətti ilə paralel şəkildə olacağını da diqqətə çatdırıb. (APA)
 
 
