21.11.2024, 19:47
AZ EN
18.03.2022, 19:00 186

Vedinin yanındakı dağ

YAZILAR

Azərbaycan kişisi qız toyuna getmir. Bəs milliliyi canında, qanında, ruhunda yaşadan bu böyük azərbaycanlı qızını köçürdüyü Naxçıvana nəyə gedirdi? Əvvəl elə bildilər, qadınları xeyir işə aparır. Amma toy günü Naxçıvandan Vediyə yola düşəndə, hər şey hamıya aydın oldu.

Qədim-qaim dədə-baba torpaqlarına baxdıqca baxdı. Hər dağı, hər daşı, hər ağacı biryolluq gözlərinə köçürürdü. Sanki vidalaşmağa gəlmişdi. Qarşıdakı müdhiş ayrılığı yazıçı qəlbiylə hiss etmişdi. Yaşadıqlarını dilə gətirməkdən də çəkinmədi: “Ayrıla bilmirəm buralardan, biryolluq ölüb qalmaq istəyirəm”.

Bəlkə, məşhur bayatısını da elə orda çağırmışdı. Bəli, məhz çağırmışdı. Çünki belə bayatılar yazılmır, deyilmir, sinədən ah kimi qopur. Sonralar məşhur xanəndə Alim Qasımov bu ahı səs abidəsinə çevirib bütün Azərbaycanın ruhuna köçürəcəkdi:

Vedinin yanı dağlar

Ürəyi, canı dağlar

Burda bir el var idi

Siz deyin, hanı, dağlar?

Doğrudur, bu, Vedi ilə son görüşü deyildi. Yenə qayıdacaqdı. Lakin yerində sal daşa çevrilib dağların seyrinə dalmağa imkanı olmayacaqdı. Çünki təkcə Vedidən yox, bütün Ermənistandan böyük köç başlamışdı.

Allah bilir neçənci sürgün idi yaşayırdılar. Fərman Kərimzadə özü ikincinin şahidi olurdu. Biri ötən əsrin 40-50-ci illərində baş vermişdi. Adamı vətənə sürgün eləməzlər. Amma böyük vətənin torpaqlarını kiçildə-kiçildə günahsız insanları zorla onun bir tərəfindən o biri tərəfinə köçürürlərsə, bunun başqa adı yoxdur. Qaçqınlıq bir ölkədən başqa ölkəyə gəlməkdir. Bizimki başqa tale idi. Böyük bir imperiyanın tərkibində sərgərdan qalmışdıq.

Orta məktəbi Vedidə bitirə bilməmişdi. Beyləqanın Şahsevənli kəndində davam eləmişdi. Amma bu, doğma yurdundan cismani ayrılıq idi, çünki ora qırılmaz mənəvi tellərlə bağlanmışdı.

Hansısa müdrik deyib ki, böyük sevgilər çox zaman fəlakət gətirir. Sanki Tanrı başqa bir məfhumun özü qədər sevilməsini qəbul edə bilmir, insanı cəzalandırır. Vətəni sevmək imandandır deyirlər, lakin baxır necə, nə qədər. Onunku divanəlik idi.

Bir yana baxanda haqqı da vardı. Elə gözəl diyarı necə sevməyəsən? Vətən həm də insanlardır. Fərman müəllim oranın insanlarını nəğmə kimi dinləyə bilirdi. Yoxsa o qədər təbii əsərlər yarada bilməzdi.

Demək, onun divanəlik həddinə çatan sevgisi “lal sevgi” deyildi. Təkcə nəsrində, şeirində yox, həm də əməllərində büruzə verirdi.

Qərbi Azərbaycandan sonuncu böyük köç 80-ci illərin axırlarında başlandı. Dalınca da Qarabağ iddiaları, qanlı-qadalı günlər... Düşmən güclü havadarlarının hesabına üstümüzə elə gəlirdi, gözümüzü açmağa macal tapmırdıq. O ağır, o məşum günlərdə Fərman müəllim evdə tapılmırdı. Sorağı hər gün bir bölgədən gəlirdi. Sürgünlük təkcə doğma yerdən ayrılmaq dərdi deyil, həm də köçüb gəldiyin yerdə yaşamaq qayğısıdır. Kömək edirdi doğma insanlara. Onların Azərbaycanın müxtəlif rayonlarında məskunlaşması ilə məşğul idi. Söhbət bir yox, beş yox, on minlərlə ailədən gedirdi.

Bu zülmləri yazıçı kimi yaşayırdı həm də. Ona görə səhhətinə təsir edirdi. Yoxsa dağdan-daşdan qopmuş qaya parçası kimi adam üçün 53 yaş nə idi? Qəfil qovuşdu haqqın rəhmətinə. Ciddi xəstəliyi olmaya-olmaya...

Xəbəri Tərtərdən Bakıya gələndə heç kim inanmayıb. Telefonda səslənən “Allah rəhmət eləsin” sözünü mexaniki səhv hesab ediblər. Fərman müəllim ölərdimi heç? Təkcə bir ailə yox, bütöv bir el, bütöv bir xalq ona güvənirdi. Ona Koroğlu deyirdilər. Həm gur saçlarına, iri bığlarına, yox, həm də qoçaqlığına, qorxmazlığına görə.

Qəfil insult keçirmişdi. Öldüyünə heç kim inana bilmirdi. Ona qəsd edildiyini düşünənlər vardı. Ailəsi də bu iddianı açıq ifadə edirdi. Hətta bu qəsdin hansısa şəxslər, qruplar tərəfindən deyil, o vaxtın xüsusi xidmət orqanları tərəfindən törədildiyini deyirdilər. Fərman Kərimzadə onların “sürgün siyasəti”nə hardasa, necəsə mane olurmuş. Özü də etiraf edib, təqib və təhdid olunduğunu deyib. Ad da çəkib: “KQB”. “Başıma bir iş gəlsə onlardan bilin” söyləyib.

Yaxşı ki, yazmağa fürsət tapdı. Azərbaycan ədəbiyyatına “Çaldıran döyüşü”, “Xudafərin körpüsü”, “Qarlı aşırım” kimi romanlar qazandırdı. Bizdə çox da güclü ənənəsi olmayan tarixi roman janrında öz heykəlini ucalda bildi.

Hələ mətbuatdakı xidmətlərindən danışmıram. Rəssamlığı bitirib, bir müddət müəllimlik etdi. Ardınca qəzetlərdə və radioda işlədi. Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun ssenarist kursunu bitirəndən sonra kino yaradıcılığı başlandı. Özünün məşhur “Qarlı aşırım” romanına yazdığı “Axırıncı aşırım” ssenarisi əsasında çəkilmiş film kinomuzun ən dəyərli incilərindən birinə çevrildi. 

Şübhəsiz filmin uğuru ilk növbədə quruluşçu rejissorun adı ilə bağlıdır. Lakin “Axırıncı aşırım” daha çox öz təbii və parlaq xarakterləri ilə yadda qalır ki, bu da romandan və ssenaridən gəlir. Dialoqlar isə sözün həqiqi mənasında möhtəşəmdir. Xüsusən, Kərbəlayi İsmayılla (Adil İsgəndərov) Abasqulu bəyin (Həsən Məmmədov) söhbətləri xalq arasında zərbi-məsələ çevrilib.

“Qarlı aşırım” romanı da, roman əsasında çəkilmiş “Axırıncı aşırım” filmi də Azərbaycan kəndində sovet hökumətinin qurulması haqqında yaranan ən möhtəşəm sənət əsərlərindəndir.

Təbii, filmin çəkildiyi 1971-ci ildə SSRİ-nin dağılacağı insanların yuxusuna da girməzdi. Ona görə antisovet filmin ərsəyə gətirilməsi xüsusi məqsəd ola bilməzdi. Əks halda senzuradan keçməz, ekranlara çıxmazdı. Filmlərə Bakı ilə yanaşı Moskva da güclü nəzarət edirdi. Lakin böyük sənət hündür divarları da aşıb keçə bilir. Fərman Kərimzadənin yaratdığı obrazlar o qədər canlı və səmimi idi ki, hər cür ideologiyanın fövqünə qalxırdı. Təsəvvür edin, SSRİ dağıldı, onun təbliğat maşını çökdü, bir zamanlar mənfi obrazlar kimi təqdim olunan qəhrəmanlar Azərbaycanın müstəqillik qazanması ilə tamam başqa rəngdə göründülər. Onlar daha çox müasir sənət ölçülərinə uyğun olaraq polifonik əhəmiyyət kəsb etməyə başladılar. Yəni mənfisi, müsbəti ilə bir yerdə gerçək insanlığı təmsil etdilər.

Oxşar fikirləri “Xudafərin körpüsü” və “Çaldıran döyüşü” romanları haqda da söyləmək olar. Hər iki roman Şah İsmayıl Xətai dövrünün unikal bədii salnaməsidir. Eyni zamanda “Təbriz namusu” romanı Elxanilər hökmranlığından, “Qoca qartalın ölümü” romanı isə Qarabağ xanlığından bəhs edən ədəbi sərvətlərimizdir. 

Fərman müəllim mart ayında doğulub, mart ayında da dünyasını dəyişib. Üstəlik bu il anadan olmasının 85 illiyidir.

1989-cu il martın 17-si. Novruz bayramına görə evə gəlməsini gözləyirdilər. Ölüm xəbəri gəldi. Ölümü ilə bağlı yuxarıda qeyd etdiyimiz bəzi qaranlıq məqamlar olsa da bir fakt gün kimi aydındır: Fərman Kərimzadə vətən yolunda canını fəda etdi!

Bəli, yazıçıların şəhidliyi də belə olur.

Ruhu şad olsun.

Şərif AĞAYAR

Oxşar xəbərlər