29.03.2024, 00:38
AZ EN
03.06.2022, 08:00 730

Ömrü tarın səsi ilə nurlanıb

YAZILAR
  • Elə dəyərli sənətkarlarımız var ki, üzdə olmağı, harda gəldi görünməyi, yerli-yersiz danışmağı, səsi ilə, sənəti ilə öyünməyi sevmirlər. Musiqi dünyasının sehrli köşəsinə çəkilib sənətlərini də, özlərini də qalmaqaldan, dedi-qodudan uzaq tutarlar... Müasir tar ifaçılığı məktəbində özünəməxsus yeri olan pedaqoq-tarzən Elman Sadıqov da məhz belə dəyərli sənətkarlardandır.

O, 1968-ci ildə Qubadlı rayonunun Poladlı kəndində, sayılıb-seçilən, xeyirxah, həvəskar musiqiçi ailəsində dünyaya gəlib. Beş yaşında “Sudan gələn sürməli qız”ı  özü boyda tarda ifa edərək gələcəyinin parlaq olduğunu göstərə bilib. Bu gün Elman müəllim doğma kəndini belə xatırlayır: “Dörd bir yanı dağlarla, meşələrlə əhatə olunmuş kəndimizin təbiəti çox gözəl idi. Can dərmanı olan bulaqlarımız vardı. Dağlıq ərazidə, Qarabağ silsiləsində yerləşən kəndimizin tarixi qədimdir. Poladlı yaşayış məntəqəsi Şahsevən tayfasının Poladlı qolunun məskunlaşması nəticəsində yaranıb. Poladlı kənd adına Ağdam, Ağcabədi, Gədəbəy, Tərtər və Qobustan rayonlarında, həmçinin Qərbi Ermənistanın Qaraqoyunlu mahalında da rast gəlmək olar”.

Atasının şirin tar çalmağı bu sənəti Elmana sevdirib. Deyir ki, evimizdə həmişə musiqi səsləndirilib. Uşaqlıqdan qramafon vallarına qulaq asırdım. “Atam həmişə deyirdi ki, bir az böyü, sənə tar alacam. Tarın adını eşidən kimi sevincimdən uçurdum, tarın sirrli aləmi məni özünə cəlb edirdi. Bir gün atam Ağdamdan mənə tar alıb gətirdi. İndi o anın sevincini necə izah edim, bilmirəm. Elə həmin gün o vaxtlar kənd toylarlımızda çox ifa edilən “Sudan gələn sürməli qız”ı çaldım,” – deyə Elman müəllim ilk çalğısını xatırlayır.

Bütün musiqi alətlərinin özünəməxsus səs tonları fərqlidir, dili-ağzı var, desək yanılmarıq, yetər ki, bu alətlərin ruhundan anlayan, ürəyini oxuya bilən sənətkar olsun... Elmanın ifasını həyacanlanmadan, duyğulanmadan dinləmək mümkün deyil. Onun ifa tərzinin qeyri-adi olması, fərqliliyi daxili dünyasının zəngin olmasından irəli gəlir. Elman müəllimin peşəkarlığı ilə ruhu vəhdət təşkil edir. Onun tarda ifa etdiyi “Aylı gecələr”, “Cahargah” muğamı, ən çətin muğamlarımızdan olan “Orta mahur”, onlarla milli musiqi nümunələri insanın ruhunu oxşayır... O, dünyanın müxtəlif ölkələrində Azərbaycan ifaçılıq sənətini layiqincə təmsil edib.

Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə “Şuşa ili” çərçivəsində bu il ilk dəfə keçirilən Tar festivalında Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Qubadlı şəhər Ə.Mehdiyev adına uşaq musiqi məktəbinin tar müəllimi, tarzən Elman Sadıqov “Cahargah” muğamını, “Sarı bülbül” xalq mahnısını və “Yanıq Kərəm” havasını ifa edərək təşəkkürnamə ilə təltif edilib.

Qeyd edək ki, E.Sadıqovun oğlu Ramin Sadıqov atasının yolunu davam etdirir.

El-obamızın fəxri Elman Sadıqovun arzusu Qubadlıya qayıdan kimi yaradıcılığını öz doğma kəndində davam etdirməkdir. Erməni faşizmi üzərində qələbədən sonra o, 28 il həsrətində olduğu Qubadlıya gedib, doğulduğu və sənətə pərvazlandığı Poladlı kəndinin torpağını qucaqlayıb. Düşmənin darmadağın etdiyi evinin elə qənşərindəcə sirrini, həsrətini, ağrısını bölüşdüyü tarını kökləyib “Segah”, ardınca “Apardı sellər Saranı” ifa etməsini sosial şəbəkələrdə yayılan videoda izləyəndə gözlərimin önündən nələr keçmədi... Elmanın barmaq­ları dərdlə vüsalı necə möhürbənd edib çalırdısa, xarabalığa dönən imarətlər, şəhid qanı hopan torpaq sanki canlanır, dilə gəlib, “Şükürlər olsun, nə yaxşı gəldin!” - deyirdi ürəyi qübarlayan sənətkara.

İnanırıq ki, doğma torpaqlara qayıdışımız lap yaxındır. Qarabağımız, Şərqi Zəngəzurumuz yenidən qurulacaq, gözəlliyi və müasirliyi ilə əvvəlkindən də könül oxşayacaq və dünyanın ən gözəl məkanlarına çevriləcək bu dağlar qoynunda neçə-neçə sənətkarlar yetişəcək...

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər