“...O, hər işi təmənnasız görməkdən, Vətənə, millətə faydalı olmaqdan zövq alırdı. Könüllülük fəaliyyətini də böyük şövqlə yerinə yetirirdi”. Bu sözlər Vətən müharibəsinin şəhidi Səmural Ayaz oğlu Fətəliyev haqqında deyilib. Martın 13-də onun anadan olmasının 25-ci ildönümüdür. Ömrü qısa oldu – cəmi 23 il. Amma bu qısa müddəti elə mənalı, elə şərəfli yaşadı ki, adı xalqımızın yaddaşına əbədi yazıldı.
Səmural Quba rayonunun Əlibəyqışlaq kəndində dünyaya göz açmışdı. Kiçik yaşlarından idmana maraq göstərmiş, taekvando üzrə yarışlarda uğurlar qazanmışdı. Orta təhsilini 2003-2012-ci illərdə şəhid Musa Qonaqov adına Əlibəyqışlaq kənd tam orta məktəbində, 2012-2014-cü illərdə şəhid Azad Məmmədov adına 2 saylı liseydə almış, 2018-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirmişdi. Tələbəlik dövründə 1 saylı Bakı “ASAN xidmət” Mərkəzində könüllülük fəaliyyətinə başlayan Səmural 2017-ci ildə ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarında da könüllülər sırasında olmuşdu.
O, hərbi xidmətini özündən kiçik qardaşı Təhməzlə birlikdə 2018-2019-cu illərdə Mingəçevirdə keçmiş, manqa komandiri təyin edilmiş, xidmətini fəxri fərmanlar və fərqlənmə ilə başa çatdırmışdı. Ordudan tərxis olunduqdan sonra, 2019-cu ilin oktyabr ayından SOCAR-ın Təhlükəsizlik İdarəsində işləyirdi...
Vətəninin könüllü müdafiəçisi olmaq barədə qərarını 2020-ci ilin iyulunda baş verən Tovuz döyüşləri zamanı vermişdi. Milli Qəhrəmanlarımız - general-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyev və digər hərbçilərimizin ölümü onu sarsıdıbmış... Buna görə də elə həmin vaxt orduya könüllü kimi qayıtmaq üçün müraciət edibmiş. Vətən müharibəsinin ilk günlərindən də ön cəhbədə olub. Kəşfiyyat bölüyü ilə birlikdə Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 5-də kəşfiyyat bölüyü rayonun Yuxarı Seyidəhmədli və Qorqan kəndləri arasında düşmənin ağır artilleriya atəşinə məruz qalıb. Qızğın döyüş zamanı Səmural və bir neçə silahdaşı qəhrəmancasına şəhid olublar. İgid döyüşçünün nəşi 2020-ci il oktyabrın 9-da Quba rayon Əlibəyqışlaq kənd məzarlığında torpağa tapşırılıb.
Səmural Fətəliyev ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Ötən il Əlibəyqışlaq kəndində yerli sakinlərin Səmural və kəndin digər şəhidlərin xatirəsinə saldıqları parkın açılışı olub.
Təhməz qardaşı haqqında deyib: “Onunla mütəmadi qaydada əlaqə yarada bilirdik. Zəng vura bilməyəndə mesaj yazır, yaxşı olduğunu bildirirdi. Hər dəfə danışanda da deyirdi: “Narahat olmayın, əksinə, sevinin. Biz irəliləyirik. Həm qisasımızı, həm də torpaqlarımızı alırıq”. Onunla sonuncu danışığımız oktyabrın 4-də oldu. Onda da yenə qələbə sevincini bizimlə bölüşdü. Ondan bir gün əvvəl Suqovuşan, həmin gün isə Cəbrayıl azad edilmişdi. Yenə də narahat olmamağımızı tapşırıb sağollaşdı. Bundan sonra Səmuraldan nə zəng, nə də mesaj gəldi. Narahat olmağa başladıq. Oktyabrın 8-də bizə Səmuralın şəhid olması xəbəri verildi. Bizimlə sonuncu danışığının ertəsi günü şəhid olmuşdu... Xalqımızın şəhidlərə, qazilərə ehtiramı, şəhid ailələrinə göstərilən dəstək bizim üçün təsəllidir”.