27.04.2026, 19:46
AZ EN
27.04.2026, 17:55 5

Şuşa mağara düşərgəsi maddi mədəniyyət nümunəsidir

QARABAĞ
  • Qədim tarixə və mədəniyyətə malik Qarabağın ilk insan məskənlərindən hesab olunan Şuşa mağara düşərgəsi barədə indiyədək çox deyilib. Həmin düşərgə Azıx və Tağlar mağaraları ilə birlikdə Qarabağın dünyanın ən qədim sivilizasiya mərkəzlərindən biri olduğunu elmi cəhətdən sübut edilib.

Vətən səsi” xəbər verir ki, Cıdır düzünün aşağı hissəsi, Zarıslı (Daşaltı) çayının dərəsində dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşən Şuşa mağara düşərgəsi mühüm maddi mədəniyyət nümunəsi kimi alimlərin diqqətində olub. Daş dövrünə aid bu qədim insan məskəni 1971-ci ildə Məmmədəli Hüseynovun  rəhbərliyi ilə Azərbaycan Elmlər Akademiyasının ekspedisiyası tərəfindən aşkarlanıb. Mağaranın uzunluğu təxminən 100-120, eni 20, hündürlüyü isə 7 metrə çatır. Arxeoloji tədqiqatlar zamanı Paleolit mədəniyyətinə aid 4 ədəd kobud çapma aləti, 5 ədəd qaşov tipli alət, 2 ədəd Mustye və Levallua itiucluları tapılıb. Düşərgədə həmçinin miladdan öncə V-IV minilliklərə aid Enolit gil qab nümunələri, Tunc və Dəmir dövrlərinə və orta əsrlərə aid saxsı məmulatlarının qırıqları aşkarlanıb.  Mağarada 5 təbəqə müəyyən edilib ki, bunlar da Paleolitdən başlayaraq orta əsrlərə qədər olan dövrləri əhatə edir.

Tədqiqatlar göstərir ki, Şuşa ərazisində ilk yaşayışın tarixi 200-250 min il əvvələ gedib çıxır. Mağaradakı eramızdan əvvəl III-II minilliklərə aid əşyalar insanların burada qədim dövrlərdən məskunlaşdığını sübut edir. Mağaranın girişində orta əsrlərə aid daş istehkamların və qala divarlarının qalıqları tapılıb ki, bu da həmin ərazinin müxtəlif dövrlərdə strateji məqsədlərlə istifadə edildiyinə işarədir.

Röya SALMANQIZI

Oxşar xəbərlər