“Vətən səsi” xəbər verir ki, “Aztelekom” MMC Vətən müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzur bölgəsində quruculuq işlərinə başlayan ilk təşkilatlardan hesab olunur. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda isə hər iki iqtisadi rayonda rabitə və internet xidmətlərinin qurulması ilə bağlı xüsusi tədbirlər nəzərdə tutulub. Bu istiqamətində fəaliyyətini uğurla davam etdirən “Aztelekom” indiyədək həmin ərazilərdə 8905 abunəçini telekommunikasiya şəbəkəsi ilə təmin edib. Hazırda xidmət göstərilən abunəçilərin 8422-si ev təsərrüfatı, 483-ü isə biznes subyektidir. MMC-nin paylaşdığı məlumata görə, təkcə ilin birinci rübündə görülən işlər nəticəsində 1394 yeni abunəçi telekommukasiya şəbəkəsinə qoşulub. Həmin abunəçilərin 1323-ü ev təsərrüfatı, 71-i isə biznes subyekti olub. Bununla da işğaldan azad edilmiş ərazilərdə telekommunikasiya şəbəkəsinə qoşulmuş abunəçilərin sayı 10 min 299-a çatıb.
Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərdə yerləşən 9 şəhər mərkəzi, 29 kənd və qəsəbədə yeni abunəçilərin yüksək sürətli internet və telefaniya xidmətlərinə qoşulması təmin olunub. Həyata keçirilən tədbirlər bölgədə infrastrukturunun imkanlarının genişləndirilməsinə və əhalinin sosial həyatının təmin olunmasına xidmət edir.
Röya SALMANQIZI