27.04.2026, 19:47
AZ EN
27.04.2026, 15:54 181

Şimali Kiprdə "Türk Dünyası Uşaq Ədəbiyyatı" toplantısı keçirilib

XƏBƏRLƏR
  • Türk Dili Kurumu, KKTC Başbakan Yardımçılığı, Turizm, Kültür, Gənclik Bakanlığı, Milli Egitim Bakanlığı və Atatürk Öyrətmən Akademiyasının birgə təşkilatçılığı ilə 20-21aprel 2026-cı il tarixlərində Şimali Kipr Türk Cümhuriyyətinin paytaxtı Lefkoşa şəhərində keçirilən, səkkiz türk dövlətindən iyirmi uşaq yazarı və tədqiqatçısının iştirak etdiyi "Türk Dünyası Uşaq Ədəbiyyatı" toplantısı keçirilib.

Toplantıda Azərbaycan nümayəndə heyətinin tərkibində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı və İnstitutun Uşaq ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, Milli Məclisin deputatı Elnarə Akimova iştirak etmişlər. Türk dünyasının uşaq ədəbiyyatının mövcud durumundan, ortaq və fərqli xüsusiyyətlərindən, uşaq ədəbiyyatının ortaq gələcəyindən, görüləcək müştərək işlərdən bəhs olunan toplantının sonunda nəticə və qərar oxunmuş, birgə görüləcək işlərin layihəsi hazırlanmışdır.

Tədbirin açılış mərasimində çıxış edən Aygün Bağırlı vurğulamışdır ki, toplantının məqsədi təkcə poetik analizlər, yaxşı şeir, yaxşı hekayə və nağıl təhlili yox, həmçinin türklər üçün dəyəri heç nə ilə ölçülməyən ailə dəyərlərinin ədəbiyyat vasitəsi ilə qorunması, milli kimliyin daşıyıcılarının yetişdirilməsi, dil siyasəti, strateji addımlar, nəhayət türk dünyasının mənəvi dialoqu kimi məsələlərin müzakirəsidir ki, bütün bunlar uşaq ədəbiyyatının sərhədləri daxilində birləşə bilir. Uşaq yazarlarını insan memarı adlandıran Aygün Bağırlı onların tarix, zaman və ədəbiyyat qarşısında məsuliyyətlərindən də danışıb:

“Bizim böyük şairimiz Səməd Vurğun deyirdi ki, uşaqları düşmənə nifrət hissi ilə böyütməyin! Onlara Vətənin gözəlliklərini göstərin, yurdu, torpağı sevdirin. Onda uşaq özü Vətəni sevəcək və gələcəkdə öz doğma yurdunu qoruyacaq... Bütün türk dünyasının cocuqları müasir dünyamızda vizual olaraq Azərbaycanın tarixi yerləri, Qarabağ, Şuşa ilə tanış ola bilərlər.  Bizim də cocuqlarımız bütün türk ölkələrinə bax, bu cür səyahət edə bilərlər”.

Mina RƏŞİD

Oxşar xəbərlər