27.04.2026, 18:57
AZ EN
27.04.2026, 16:52 147

WUF13: Jurnalistlər üçün növbəti məlumatlandırma sessiyası keçirilib

XƏBƏRLƏR
  • Medianın İnkişafı Agentliyi, ADA Universiteti və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində media nümayəndələri üçün növbəti məlumatlandırma sessiyası keçirilib.

Açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli qeyd edib ki, WUF13 kimi beynəlxalq platformalar dayanıqlı şəhərsalma yanaşmalarının müzakirəsi və qabaqcıl təcrübələrin paylaşılması baxımından mühüm əhəmiyyət kəsb edir, bu baxımdan media nümayəndələrinin mövzunu detallı dəyərləndirməsi və düzgün kontekstdə ictimaiyyətə çatdırması xüsusi önəm daşıyır.

ADA Universitetinin Akademik işlər üzrə prorektorunun müşaviri, İxtisasartırma proqramlarının rəhbəri Aygün Hacıyeva Universitetin Medianın İnkişafı Agentliyi və mətbuat nümayəndələri ilə sıx əməkdaşlıq etdiyini bildirib. O, son illər ərzində 600-ə yaxın media təmsilçisinin milli və qlobal əhəmiyyətli mövzularda təlimlərə cəlb olunmasını ölkədə media maarifləndirilməsinə verilən mühüm töhfə kimi qiymətləndirib. Aygün Hacıyeva, həmçinin ADA Universitetinin müasir şəhərsalma və dayanıqlılıq məsələlərinə xüsusi önəm verdiyini qeyd edib.

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Kommunikasiya direktoru Katerina Bezqaçina çıxışında WUF13-ün Azərbaycanda keçirilməsinin media üçün unikal imkanlar yaratdığını vurğulayıb. O qeyd edib ki, bu tədbir jurnalistlərə qlobal səviyyəli ekspertlərlə birbaşa ünsiyyət qurmaq, beynəlxalq təcrübəni yaxından izləmək və şəhərsalma sahəsində ən aktual mövzuları yerində işıqlandırmaq imkanı təqdim edəcək.
Məlumatlandırma sessiyası çərçivəsində WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Substantiv məzmun şöbəsinin müdiri Cəmilə İsmayılzadə “WUF13 mövzuları, dialoqlar”, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhərsalma və memarlıq şöbəsinin rəhbəri Çağrı Kərimzadə “Bakı şəhəri üzrə Baş Plan”, WUF13 Azərbaycan Əməliyyat Şirkətinin İnklüziv tədbirlərin planlaşdırılması üzrə baş koordinatoru Səbinə Məmmədova və Müyəssərlik və inklüzivlik üzrə tədbir meneceri Leyla Səfərli “WUF13 tədbirində müyəssərlik və inklüzivlik”, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin aparıcı məsləhətçisi Nərgiz Gülmalıyeva isə “Yaşıl nəqliyyat, mikromobillik” mövzusunda çıxış ediblər.

Diqqətə çatdırılıb ki, WUF13 çərçivəsində müzakirə olunan mövzular müasir şəhərsalma yanaşmalarının əsas istiqamətlərini əhatə etməklə dayanıqlı və inklüziv şəhər mühitinin formalaşdırılması, şəhərlərin strateji planlaşdırılması, eləcə də ekoloji cəhətdən səmərəli nəqliyyat həllərinin tətbiqi kimi mühüm məsələləri bir araya gətirir. Sözügedən yanaşmaların kompleks şəkildə tətbiqi isə şəhər həyatının keyfiyyətinin yüksəldilməsinə və uzunmüddətli inkişafın təmin olunmasına xidmət edir.

Məlumatlandırma sessiyasının sonunda iştirakçıların sualları cavablandırılıb. (APA)

Oxşar xəbərlər