21.11.2024, 20:34
AZ EN
13.10.2022, 06:40 328

Qəhrəmanlar elə bizik!

YAZILAR
  • Onu ilk dəfə Şuşada görmüşəm. Ötən ay Şuşaya Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Məclisi-üns” ədəbi məclisinin bərpa edildiyini bildirən ilk toplantıya gdəndə... Avtobusdan düşüb həyəcanla Şuşada bir yerə, bir göyə baxdım, ürəyimdə bizi qovuşdurana şükür elədim... Gördüm Füzulidə avtobusa minən o qazi bir tərəfdə dayanıb. Tez gedib onunla salamlaşdım və şəkil çəkdirdim. Gözəl bir şəklimiz çıxdı. Amma heç kimə başa sala bilmədim ki, mən Vətənlə, Qarabağla, Şuşayla şəkil çəkdirmişəm. Qazilər gözlərimdə o qədər ucada dayanırlar ki, mənim üçün onların qolundan tutmaq, qucaqlamaq ana torpağı bağrına basmaq deməkdi...

Dünən eşitdim ki,  qazi Səbuhi Mais oğlu Qurbanovun doğum günüdür. Mən də "Vətən səsi"nin bütün əməkdaşlarımızın adından onu təbrik etmək istədim.

Səbuhi Qurbanov əslən Füzuli rayonundandır, 1995-ci ildə oktyabrın 12-də Sabirabadda anadan olub. 44 günlük Vətən müharibəsində  çavuş rütbəsində taqım komandirinin müavini vəzifəsində iştirak edib.  Xüsusi Taktiki Qrupun heyətində vuruşub. Snayperlə düşmənə qan uddurub. Füzuli, Xocavənd, Cəbrayıl istiqamətində gedən döyüşlərdə mərdliklə savaşıb. Düşmən postunu darmadağın edib, ora ilk bayrağımızı sancan döyüşçülərimizdən biridir.

Səbuhi Qurbanov 3-cü qrup müharibə əlilidir. Füzulinin və  Xocavəndin azad olunmasina görə, həm də “Cəsur döyüşçü” və “Müharibə iştirakçısı” medalları ilə təltif edilib.

Səbuhi həm də istedadlı şairdir. Bu il Şuşada keçirilən Vaqif Poeziya Günlərinin açılışında tanınmış şair Nigar Həsənzadənin “SÖZ” Ədəbi Birliyinin layihəsi olan “İgidlərin sözü” layihəsində 44 günlük Vətən müharibəsində iştirak edən şair qazilərlə birgə çıxış edib.

Beləliklə, qazi, şair Səbuhi Qurbanovu elə özünün qanıyla yazdığı gözəl bir poeziya nümunəsi ilə təbrik edir, ona cansağlığı və yeni-yeni uğurlar arzulayırıq.

  

Gözün aydın, Qarabağım!

 

Verib sənə, “söz” gəlmişik,

Polad, Mübariz,... gəlmişik,

Qarabağım, biz gəlmişik.

Salam verir daşım, dağım,

Gözün aydın, Qarabağım!

 

Bülbüllərin, gülə gəlib,

Tutaraq əl-ələ gəlib,

Xarı bülbül dilə gəlib.

Al-əlvandır solum, sağım,

Gözün aydın Qarabağım!

 

Gözü qanlı qurdu gördüm,

Dəmir yumruq, ordu gördüm,

Xalq ayağa durdu, gördüm.

Cəngi eşitdi qulağım,

Gözün aydın Qarabağım!

 

Biz tarixdə qalan izik,

Siz bizsiniz, biz də sizik,

Qəhrəmanlar eli bizik.

Çınqımdan yandı ocağım.

Gözün aydın Qarabağım!

 

Yağı mənim qonşum olub,

Sanma ondan qorxum olub,

Uşaqlıqdan arzum olub,

Şuşaya dəysin ayağım,

Gozun aydin Qarabagım!

 

Gözün aydın olsun, qazi qardaşum!

 

Mina RƏŞİD

Oxşar xəbərlər