Əbülfət bəy Vəli XV əsrdə Qaraqoyunlu dövlətinin hökmdarı Cahanşahın yaxın qohumu Həmədan, Vorucerd, Nəhavənd hakimi Əlişəkər bəy Baharlının nəslindəndir. Əlişəkər bəy Baharlının nəslindən olan Əbülfət bəy Vəlinin ulu babaları Bayram xan Abdulla xan oğlu Baharlı Qarabağ xanlığının qurucusu Pənahəli xanın, onun oğlu Mirzə Vəli bəy Baharlı (1725-1795) isə İbrahimxəlil xanın zamanında xanlığın ictimai-siyasi, mədəni həyatında yaxından iştirak etmişlər. Mirzə Vəli bəy Baharlı Qarabağ xanı İbrahimxəlil xanın vəziri olmuşdur. Rəvayətə görə Molla Pənah Vaqifin saraya dəvət edilməsi Mirzə Vəli bəy Baharlının təklifi ilə olmuşdur. Mirzə Vəli bəy Baharlı şair kimi də tanınmışdır.
Mirzə Vəli bəy Baharlının başqa nəvələri kimi onun atası Mirzə Məhəmmədhəsən bəy də (1822-1879) babasının adının şərəfinə Vəliyev soyadını daşımışdır. Məhəmmədəli bəy Vəlizadənin (Baharlı) “Əhvalati-Qarabağ” (transliterasiya edəni Nazim Axundov) əsərinə istinadən Bakıda quberniya katibi vəzifəsində işləmiş Mirzə Məhəmmədhəsən bəy Hacı Həsənəli bəy oğlu Vəliyev ərəb, fars, rus dillərini mükəmməl bilmiş, Şirvan seyidlərinin şəcərələrini ərəb dilindən rus dilinə tərcümə etdiyi üçün Çar hökuməti tərəfindən medalla mükafatlandırılmışdır.
Böyük qardaşı Nəcəfqulu bəy Vəliyev (1858-1937) Bakı quberniya idarəsində müxtəlif vəzifələrdə çalışmış, rus, fars dillərini mükəmməl bilmişdir. Mir Möhsün Nəvvabın rəhbərliyi ilə Şuşada fəaliyyət göstərən “Məclisi-fəramuşan”ın (“Unudulmuşların məclisi”) üzvü olmuş, “Şeyda” təxəllüsü ilə klassik üslubda şeirlər yazmışdır. Həvəskar aktyor kimi teatr truppalarında iştirak etmişdir.
Repressiya qurbanı, görkəmli dövlət xadimi, ensiklopedik alim Məhəmmədhəsən bəy Vəliyev (Baharlı) (1896-1937) Əbülfət bəy Vəlinin qardaşı Nəcəfqulu bəyin oğludur.
Çar Rusiyası tərəfindən müxtəlif illərdə Şuşada aparılmış əhalinin siyahıya alınmasında o, Mirzə Məhəmmədhəsən bəyin oğlu, Nəcəfqulu bəyin kiçik qardaşı kimi qeyd olunmuşdur. Siyahıya alınmaya istinadən Əbülfət bəyin özündən altı yaş böyük qardaşının adı Məmmədtağı bəydir. Məmmədtağı bəy (1866-....) ilk təhsilini Şuşa şəhər məktəbində almışdır. Sovet hakimiyyətinin ilk illərində İsveçrəyə mühacirət etmişdir. 1943 ilə qədər onun yaşaması haqqında məlumat vardır.
Əbülfət bəy Vəli yeniyetmə yaşlarından qardaşı Nəcəfqulu bəyin sayəsində teatra maraq göstərmişdir. Onun adı H.Ərəblinski, C.Zeynalov, Məhəmməd Əlvəndi, Sidqi Ruhulla, H.Q.Sarabski, M.A.Əliyev, M.Ə.Abbasov, Ə.Yüzbaşov, M.T.Ələsgərov kimi professional sənətkarlarla bir sirada çəkilir.
Əbülfət bəy Vəlinin aktyor, rejissor kimi fəaliyyəti o dövrün mətbuat səhifələrində işıqlandırılmışdır. Onun yaradıcılığından danışılarkən mətbuatda adı “Əbülfət Vəliyev”, “Əbülfət Vəli”, “Əbülfət Vəli (Vəliyev)”, “Vəli Vəliyev” kimi göstərilmişdir. Baharlı tayfasının tanınmış nümayəndəsinin adının Vəli yazılması həm soyad, həmdə ad kimi qəbul edilə bilər. Əbülfət bəy Vəlinin müasiri olan Rzaqulu Nəcəfov onu “səhnədə Vəli adı ilə şöhrətlənmiş Əbülfət Vəliyev” kimi xarakterizə etmişdir. Əgər biz bunu ad kimi qəbul etsək Əbülfət bəyin teatr aləmindəki ikinci adı Vəli olmuşdur. Ulu babası Mirzə Vəli bəy Baharlının adını soyad kimi daşımaqla yanaşı adını da yaşatmaq istəmişdir.
Əbülfət bəy Vəli Əbdürrəhim bəy Haqverdiyevin, Hüseyn Ərəblinskinin yaxın dostu olmuşdur. Görkəmli ictimai-siyasi xadim, yazıçı, dramaturq Əbdürrəhim bəy Haqverdiyev Hüseyn Ərəblinski və Əbülfət bəy Vəlini protip götürərək yazdığı “Ac həriflər” adlı bir pərdəli məzhəkədə Hüseyn və Vəli adlı iki aktyor surətini yaratmışdır.
Əbdürrəhim bəy Haqverdiyev Hüseyn Ərəblinskinin vəfatının yeddinci ili münasibətilə “Səhnə qurbanı” adlı bir pərdəli pyesində Əbülfət bəy Vəlinin də surətini qələmə almışdır. Bu əsərdə o, Yoldaş Vəli surətindədir.
Hər iki əsərdə onun protipi Vəli surətindədir.
Əbülfət bəy Vəlinin Azərbaycanın teatr tarixində rejissor, aktyor kimi xidmətləri müasirləri olan teatr xadimləri, ondan sonra gələn teatr tədqiqatçıları tərəfindən qiymətləndirilmişdir.
XX əsrin əvvəllərində Əbülfət bəy Vəlinin yaradıcılığına aid yazılar yazmış Əlipaşa Hüseynzadə onu faciəli rollar oynayan aktyor kimi xarakterizə etmişdir.
Azərbaycan Respublikasının xalq artistləri Hüseynqulu Sarabski, Hacağa Abasov, Mustafa Mərdanov öz xatirələrində Əbülfət bəy Vəlini sadə, təvazökar, səmimi insan, istedadlı, məsuliyyətli aktyor kimi xarakterizə etmişlər.
XX əsrin əvvəllərində “Həmiyyət” dram truppasında Əbülfət bəy Vəli ilə birlikdə çıxış etmiş Azərbaycanın xalq artisti Hacağa Abasov onun aktyor olması ilə yanaşı həm də müəllimlik fəaliyyəti ilə də məşğul olduğunu yazmışdır.
Əbülfət bəy Vəlinin yaradıcılığını əsasən görkəmli jurnalist, ədəbiyyatşünas, teatrşünas Qulam Məmmədli, professor Cəfər Cəfərov, AMEA-nın müxbir üzvü, professor İnqilab Kərimov tədqiq etmişlər. 60-cı illərdən Əbülfət bəy Vəlinin teatr fəaliyyətini tədqiq etmiş AMEA-nın müxbir üzvü, professor İnqilab Kərimov onun yaradıcılığına aid bir neçə qiymətli tədqiqat əsərlərinin müəllifidir. Əbülfət bəy Vəlinin soykökünə, həyatına aid tədqiqat işləri son illər arxiv sənədləri əsasında bu sətrlərin müəllifi tərəfindən tədqiq olunmuş, baharlılara aid bir neçə monoqrafiyasında çap etdirmişdir.
Professor C.H.Cəfərov, AMEA-nın müxbir üzvü, professor İnqilab Kərimov onun “Nicat” və “Səfa” cəmiyyətlərinin nəzdindəki teatr truppalarında Azərbaycan və dünya klassiklərinin əsərləri əsasında qoyulmuş tamaşalarda bir-birindən maraqlı obrazlar yaratdığını və bir sıra tamaşalara quruluş verdiyini bildirmişlər.
Cəfər Cəfərov öz tədqiqatlarında Əbülfət bəy Vəlini professional aktyor adlandırmaqla, onu Azərbaycan teatrının sütunlarından biri hesab etmişdir.
İnqilab Kərimovun tədqiqatına görə Hüseyn Ərəblinskinin istedadının aşkara çıxarılmasında, aktyor kimi şöhrət qazanmasında Əbülfət bəy Vəlinin böyük xidməti olmuşdur.
Azərbaycanın teatr fədaisi Əbülfət bəy Vəli öz repertuarında hər zaman Azərbaycan klassik ədəbiyyatına müraciət etmişdir. M.F.Axundovun, N.Vəzirovun, Ə.Haqverdiyevin, N.Nərimanovun, Ü.Hacıbəyovun, İ. Rüstəmbəyovun əsərləri əsasında hazırlanmış tamaşalarda o, bir-birindən maraqlı obrazlar yaratmış, bu əsərlərin bəzilərinin rejissoru olmuşdur.
İnqilab Kərimov Azərbaycan-Türkiyə teatr əlaqələrindən söhbət açarkən qeyd etmişdir ki, Əbülfət Vəli, Hüseyn Ərəblinski, Məhəmməd Əlvəndi, Mirzağa Əliyev və başqa peşəkar aktyorların repertuarlarında klassik türk yazıçılarının əsərləri xüsusi yer tutur. Namiq Kamal, Rza Zəki Lətifbəyov, Vahid Lütfi, Abülhaq Hamid, Həsən Nəcmi, Rza Vaizzadə, Məhəmməd Ehsan kimi klassik türk yazıçılarının əsərləri əsasında teatr truppasının hazırladıqları bu türk tamaşaları Bakı və Azərbaycanın digər bölgələrində böyük hadisəyə çevrilirdi.
Ə. Vəlinin yaradıcılığında yaratdığı “Gavə” obrazı xüsusi yer tutur. Bu Ş.Saminin “Gaveyi-ahəngər” tamaşasında oynadığı roldur. Əsərin mövzusu İran həyatından götürülmüşdür. Bu ifanı müxtəlif vaxtlarda o, teatr tamaşalarında yaratmışdır. Əbülfət bəy Vəlinin ifa etdiyi “Gavə” rolu o dövrün mətbuat səhifələrində müsbət qiymətləndirilmişdir. Teatr tənqidçiləri bu rolu Əbülfət bəy Vəlinin teatr yaradıcılığında uğurlu rollarından saymışlar.
Əbülfət bəy Vəli iyirmi beş il Azərbaycan teatrının inkişafına xidmət etmişdir. Əbülfət bəy Vəlinin həyatı ilə yaxından tanış olarkən görürük ki, o, öz sələfləri kimi Vətəninə, torpağına bağlı insan idi. Onun Azərbaycan teatr tarixində özünəməxsus rolu və yeri vardır. Azərbaycanın və dünya klassiklərinin əsərlərində bir-birindən maraqlı obrazlar yaratmış, onlarla tamaşaların rejissoru olmuşdur. Həyatı boyu yoxsulluq və ehtiyac içərisində yaşasa da Azərbaycan teatrının inkişafına öz köməyini əsirgəməmişdir.
Əbülfət bəy Vəlinin hansı ildə anadan olması ilə bağlı müxtəlif fikirlər vardır. İnqilab Kərimov isə bir sıra faktları əsas gətirərək onun təxminən 1867/68-ci ildə anadan olması fikrini irəli sürür. Lakin Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan 1886-cı il Şuşa şəhəri əhalisinin siyahıya alınması sənədinə görə Əbülfət bəy Vəlinin həmin il 12 yaşı olmuşdur. Bu faktı əsas götürsək o, 1874-cü ildə anadan olmuşdur.
Əbülfət bəy Vəli 1918-ci ilin dekabr ayında Göyçayda vəfat etmişdir. Qulam Məmmədlinin tədqiqatına istinadən Əbülfət bəy Vəlinin vəfatından kədərlənmiş Azərbaycanın tanınmış ziyalıları Kərim bəy Məlikov, Xəlil İbrahim bu münasibətlə “Azərbaycan”,“Азербайджан” qəzetlərində məqalələr çap etdirmişlər.
Bu il Əbülfət bəy Vəlinin anadan olmasının 150 ilik yubileyi tamam olur. Baharlı tayfasının görkəmli övladının ömür yolu, yaradıcılığı hər zaman teatr tədqiqatçılarının diqqət mərkəzindədir.
Orxan ZAKİROĞLU (BAHARLI)