Şəhidlik - Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban verməkdir. Şəhidlik - insana verilmiş ən dəyərli nemət olan ömür payını qoynunda yaşadığın Vətənə və onun gələcək nəsillərinə bağışlamağı bacarmaqdır. Şəhid Fuad Şöhrət oğlu Xankişiyev yüksək ruhun səsiylə “qorxmayın, hər şey yaxşı olacaq”, - deyirdi doğmaları ilə telefon söhbətlərində... Qanlı-qadalı müharibə zamanı arxa cəbhədəkilərə ümid verməyi bacarırdı...
O, 1996-cı ildə aprelin 12-də Mingəçevir şəhərində anadan olub. 2002-2008-ci illərdə Mingəçevir şəhərindəki Mehdi Hüseynzadə adına 3 saylı tam orta məktəbdə təhsil alıb. Hələ uşaq vaxtlarından özünün fitri istedadı, qabiliyyəti, bacarığı ilə diqqət çəkib, yaşıdlarından seçilib. Bakıda Olimpiya idman liseyində cüdo üzrə təhsil alıb. 2011-2014-cü illərdə Mingəçevir Turizm Kollecində Bədən tərbiyəsi fakültəsində təhsilini davam etdirib. Eyni zamanda həvəskar dekorçu kimi dizayn işləri ilə məşğul olub. 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət keçib.
İki bacının tək qardaşı olan Fuad Xankişiyev babasının xeyir-duası ilə Vətən müharibəsinə yollanıb. Şuşa, Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə cəsurluğu ilə fərqlənib. “Bu, bizim qeyrət davamızdır”, - deyib düşmənə aman verməyən 24 yaşlı qəhrəmanımız qısa bir zamanda döyüşçü dosları arasında da sevilib. Cəsur döyüşçüsümüz 2020-ci il noyabrın 3-də, Qələbəmizə sayılı günlər qalmış Daşaltı istiqamətində gedən döyüşlərdə, 1553 yüksəkliyində qəhrəmancasına şəhid olub.
Fuad Xankişiyev ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə'', “Füzulinin azad olunmasına görə'' medalları ilə təltif edilib.
Şəhidimiz Mingəçevir Şəhidlər Xiyabanında dəfn edilib.
Ruhu şad olsun!
Tahirə AĞAMİRZƏ