Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib. Onun sözlərinə görə, iyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin və Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışlarını da həyata keçirilən meqalayihələrin tərkib hissəsi hesab etmək olar: "Xıdırlı kəndinin işğaldan sonra təməli 2022-ci ildə Prezidentimiz və birinci xanım tərəfindən qoyulub. Nəzərdə tutulan 1498 fərdi evdən qısa müddət ərzində 719 ailənin, ümumilikdə 2951 nəfərin tam rahat şəkildə yaşaya biləcəyi 719 fərdi evin inşası böyük uğurdur. Bundan başqa, kənddə zəruri müasir sosial infrastruktur inşası, inzibati və xidmət binalarının tikilməsi, klub-icma mərkəzinin, tibb məntəqəsinin, təcili tibbi yardım bölməsinin, qonaq evinin, məişət xidməti obyektinin, emalatxananın, tam orta məktəbin, körpələr evi-uşaq bağçasının inşası, yeni yaşıllıqların salınması da diqqət ediləcək məqamlardır. Bəli, bu gün dövlətimizin, həmçinin dost və qardaş ölkələrin maliyyəsi ilə Qarabağ və Şərqi Zəngəzur çiçəklənir, abadlaşır, erməni vandalların işğalçı izləri itirilir".
Milli Məclisin deputatı qeyd edib ki, infrastruktur obyektlərinin, evlərin, ictimai binaların tikintisi ilə yanaşı, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq yeni və müasir yollar çəkilir: “Prezident İlham Əliyevin açılışını etdiyi Əhmədbəyli-Füzuli-Şuşa yolu da bu yerlərdə məskunlaşacaq insanlarımızın rahatlığını təmin edəcək. Bu yol məsafəni 19,3 kilometr qısaldacaq. Tikintisi zamanı Azərbaycanda ilk dəfə olaraq yeni texnologiyalardan istifadə edilib. Bu yol başlanğıcını Hacıqabul-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə Füzuli, Xocavənd, Xocalı və Şuşaya qədər uzanır. Yeni yol infrastrukturu ölkəmizin bölgələri ilə nəqliyyat əlaqələrinin yaxşılaşmasını təmin etməklə ölkəmizə çox böyük imkanlar qazandıracaq", - deyə o bildirib. (AZƏRTAC)