02.08.2025, 13:57
AZ EN
30.01.2024, 09:00 380

Hərbi ekspert: İşğaldan azad olunmuş ərazilərimiz üç əsas mərhələdə minalanıb

YAZILAR
  • Ermənistan tərəfindən yaxın zamanlarda mina xəritələrinin daha bir hissəsinin Azərbaycana təhvil veriləcəyinə dair mesajlar gəlir. Düşünürəm ki, bu, Ermənistanın növbəti riyakarlığıdır. Çünki əvvəlcə qarşı tərəf mina xəritələrinin onlarda olduğunu inkar edirdi. İndi bildirirlər ki, bu xəritələri Azərbaycana təqdim etməyə hazırdılar. Əslində, Ermənistanın xəritələrlə bağlı yaydığı xəbərlərin səbəbləri var. Mina xəritələrinin verilməsi siyasi dialoqa töhfə, xüsusən də sülh müqaviləsinə ermənilər tərəfindən müsbət yanaşılması kimi müəyyən qüvvələr üçün atılan addımdır. Yəni, qarşı tərəf sülh sazişi ilə bağlı fəal danışıqlarda güzəştə gedəcək kimi görüntü yaradıb. Amma onların mina məsələsində səmimi olduğuna inanmıram. Azərbaycan Ermənistandan bu günədək ölkəmizə tam şəkildə təqdim edilməyən bütün minalanmış ərazilərin dəqiq xəritələrinin verməsini gözləyir.

Bu barədə mina xəritəsinin təhvil verilməsini şərh edən hərbi ekspert, polkovnik-leytenant Elxan Şıxəliyev deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərimiz üç əsas mərhələdə planlı və plansız minalanıb və xəritələr qərargahlarda hazırlanıb. Birinci mərhələdə düşmən 1994-cü ildə atəşkəs elan edildikdən sonra 2020-ci il sentyabrın 27-dək olan müddətdə Ohanyan həddi adlanan keçmiş təmas xəttində minalanma fəaliyyətləri həyata keçirib. Bu mərhələdəki xəritələr planlı şəkildə hazırlanıb. Mina sahələrinin xəritələri, xüsusən də işğaldan azad olunmuş rayonların minadan təmizləmə əməliyyatları zolağının bir hissəsini əhatə edirdi. Planlanmış mina sahələrini hərbçilər tanıyırlar. Amma hərbi strukturlarda, xüsusilə də birinci eşalon bölmələrində belə qayda var ki, əgər minalanma işləri icra olunursa, onun formulyarları tərtib edilir, sonra əraziyə görə xəritəyə köçürülür. Bu fəaliyyət həm onların özlərinin, həm də gələcəkdə irəliyə doğru gedəcəklərsə, minaları təmizləmələri üçün yerlərini bilmələri baxımından mütləqdir.

İkinci mərhələdə 2020-ci il sentyabrın 27-dən noyabrın 9-dək Vətən müharibəsi dövründə düşmən geri çəkilərkən cığırlara, yollara və digər ərazilərə minaları kortəbii şəkildə səpələdi. Başqa sözlə, erməni silahlıları minaların digər hissəsini plansız şəkildə döyüş sahələrinə atıb gediblər. Bunların xəritəsi isə ola bilməz. Çünki kortəbii sürətdə qaçış zamanı xəritələri tərtibləməyə onların vaxtları yox idi və fərarilik edirdilər.

Üçüncü mərhələdə 2020-ci il noyabrın 9-dan 2023-cü il sentyabrın 19-dək olan dövrü əhatə edir. Qarabağdakı 15 min nəfərə yaxın qanunsuz erməni hərbi birləşməsi keçmiş təmas xəttində mina zolağı yaratdı. Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərin perimetrləri boyunca Ermənistan istehsalı olan təxminən 500 mindən çox mina basdırıldığı məlumdur.

Hərbi ekspertin fikrincə, Ermənistanda 2020-ci il noyabrın 9-dan indiyədək olan mərhələdə həmin keçmiş təmas vəziyyətindəki ərazilərin mina xəritələri mütləq mövcuddur. Düşünürəm ki, düşmən ordusu Qarabağdan geri çəkildikdən sonra hərbi qərargahlar xəritələrin hamısını Ermənistana apardılar. Belə ki, həmin müddətədək onların ordularının bölmələri minalama əməliyyatları icra ediblər. Əvvəllər ümumiyyətlə mina xəritələrinin olmasını inkar edən Ermənistanın sonradan beynəlxalq təzyiq nəticəsində verdiyi kiçik hissə mina xəritələrinin etibarlılığının yalnız 25 faiz olduğu məlumdur. Mina sahəsində xəritələrin böyük həcminin istifadəyə yararlı olacağını inanmıram.

“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında söyləyib ki, mina məsələsində Ermənistanın bütün platformalarda ifşası davam edir. ANAMA-nın məlumatına görə, Ermənistanın yaratmaq istədiyi yeni 480 kilometr uzunluğunda, 2 kilometr dərinlikdə, 960 kvadrat kilometr ərazi - “təmas xətti” son 3 il ərzində tamamilə minalanıb. Həmin əraziyə 500 minə yaxın mina döşənib.

Ermənistanda xəritələr mövcuddur bildirməklə nazir Qarabağın təmas bölgəsindəki zolağı nəzərdə tuturdu. Məlumdur ki, 2023-cü il aprelin 23-dək, yəni Laçın yolu bağlanmayanadək erməni hərbi birləşmələri Ermənistanda zavodlarda istehsal edilən minaları daşıyırdılar. Onlar bütün ərazilərimizə minalar basdırırdılar. Düşünürəm ki, xəritələrin Ermənistandan Azərbaycana təhvil verilməsinin bizə minaların tapılmasında çox da köməyi olmayacaq. Çünki mina sahələrini yaradanda hərbçilərin onların yerini formulyarlara nə qədər dəqiqliklə köçürdükləri dəqiq bilinmir. Ona görə Ermənistan sülh danışıqların prosesində mina məsələsini alver vasitəsinə çevirmək istəyir”, - deyə E.Şıxəliyev vurğulayıb.

Hərbi ekspert əlavə edib ki, ona görə Azərbaycanın minatəmizləmə qurumları hər kvadratmetri təmizləyərək bu fəaliyyəti icra etmək məcburiyyətindədirlər: “Ondan sonrakı mərhələdə ərazilərimizdə mina məsələlərinin yekunlaşması ola bilər. Bunun üçün uzun zaman lazımdır. Çünki azad olunan ərazilərdə 1 milyondan çox mina basdırıb. Yəni ərazilərimiz kifayət qədər hərbi sursatla çirklənib və bunun da təmizlənməsi üçün müəyyən zaman lazımdır”.

Qeyd edək ki, 2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən indiyədək 342 Azərbaycan vətəndaşı mina terrorunun qurbanına çevrilib. Əllisi mülki şəxs olmaqla 65 nəfər həlak olub, 277 nəfər xəsarətlər alıb. Azad edilən bölgələrdə 49 mindən çox mina, 60 mindən çox hərbi sursat aşkarlanıb. (AZƏRTAC)

Oxşar xəbərlər