Son günlər erməni mediasında özünə geniş yer alan mövzulardan biri Qərbi Azərbaycan ziyalılarının nümayəndələri ilə görüşdə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin çıxışı ilə bağlıdır. Həmin yazıları oxuduqca bir daha aydın olur ki, ermənilər hər bir olaya məhz özlərinin xəstə təxəyyülünün məhsulu olan ifadələrlə münasibət bildirmək üçün sanki yarışa giriblər. Vaxtilə guya sahəsi 300 min kvadrat kilometr olan "böyük vətənlərinin" olduğunu və bunun tədricən türklər tərəfindən "zəbt" edildiyini bildirən ermənilər həyasızcasına iddia edirlər ki, müasir Azərbaycan dövlətinin özü haylara məxsus ərazidə yerləşir. Həyasızcasına onu da deyirlər ki, Qərbi Azərbaycan adlı coğrafi məkan İranda olduğuna görə bu daha çox qonşu İranı narahat etməlidir. Bu da genetik xəstəliyin növbəti təsdiqi olmaqla, həm də münasibətlərində soyuqluq olan iki qonşu dövlət arasında ərazi mübahisəsi yaratmağa hədəflənən təxribatdır. Cənab Prezidentimizin sözügedən tədbirdə tarixi həqiqətləri həm müdrik alim, həm də praqmatik siyasətçi olaraq incələməsi bəzi erməni ekspertlərinin, el təbirincə desək, kürkünə daha çox birə salıb. Onlar, düşməncəsinə olsa da, etiraf edirlər ki, Cənab Prezidentimiz, doğrudan da, nəyi nə vaxt və necə etməyi dəfələrlə sübut edib. İrəvanın, Göyçənin, Zəngəzurun və s. torpaqlarımızın ermənilərə verilməsinin Prezidentimiz tərəfindən satqınlıq, cinayət adlandırılmasını, həmin torpaqlara mütləq qayıdacağımız barədə inamlı ifadələrini yeni müharibə anonsu kimi dəyərləndirən haylar çıxış yolu kimi yenə də beynəlxalq qurumlara gözyaşı dolu müraciətlər etməkdədirlər. Onlar həm də özlərinə yeni bacılar tapmaq üçün xarici əlaqələrini daha da dərinləşdirmək üçün proqram layihəsini hazırlamağa başlayıblar. Xatırladaq ki, Qərbi Azərbaycan İcmasının sədri, tanınmış tədqiqatçı alim, millət vəkili Əziz Ələkbərlinin sözügedən tədbirdəki və sonrakı çıxışları da erməni mediasının diqqət mərkəzində saxladığı və şərh etdiyi mövzular sırasında artıq ön xəttə çıxmaqdadır.
Əlbəttə onların qorxduqları anlaşılandır və indi heç bir tarixi, elmi əsas olmadan "hayastan" adlanan öz tarixi torpaqlarımıza qayıdışımız xalqımızın növbəti zəfəri kimi əbədiləşəcəkdir. Axı, zəfər Türkün qanındadır.
NƏSİB