“Fakt” qəzetinin 11 oktyabr tarixli sayında dərc olunmuş “Erməni diasporu da susmağa hazırlaşmır” sərlöhvəli yazıda göstərilir ki, dünyanın böyük şəhərlərindəki erməni diasporları bir-biri ilə əlaqəni genişləndirərək Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına qarşı axıradək mübarizə aparmağı qərara alıblar. Rusiyada qismən səfərbərlik olduğuna görə, orada erməni gənclərin bir yerə toplaşıb nəyəsə münasibət bildirmələrini istəməyən Rusiya erməniləri ittifaqı isə digər ölkələrdəki diasporlara maddi yardım etməyi vəd edib. Rusiyadan erməni gənclərin kütləvi surətdə Orta Asiya, Ermənistan, Gürcüstan və Türkiyəyə qaçması rus mətbuatının da qeyd edtdiyi kimi, vətənpərvərlik yox, adi insan qorxaqlığının nümunəsidir. Almaniyada məskunlaşmış ermənilərin oktyabrın 10-da Ermənistanın həmin ölkədəki səfiri ilə görüşərək öz mövqelərini Ermənistan iqtidarına çatdırmağı tələb etmələri də erməni bicliyinin daha bir təzahürüdür. Qəzetin yazdığına görə, həmin ermənilər bildiriblər ki, Azərbayanla heç bir müqavilə imzalanmamalıdır. Hökumət səfərbərlik elan edərsə, özləri də Ermənistana gəlib döyüşlərdə iştirak edəcəklər. Gülməli görünən bu “təklifin” Ermənistanda bəzi qüvvələr, xüsusilə Qarabağ klanı tərəfindən dəstəkləndiyi də məqalədə xüsusi ifadələrlə vurğulanır. Diaspordakı ermənilərin həmişə aranı qızışdırdığı, əlbəttə, yenilik deyil. Paşinyanın və komandasının bununla bağlı mövqeləri isə birmənalıdır. Paşinyanın vaxtilə rəhbəri olduğu “Haykakan Jamanak” qəzetinin qadın müxbiri bununla bağlı yazıb ki, 44 günlük müharibədə Rusiyaya, oradakı səfərbərlikdənm sonra isə Orta Asiyaya qaçan aşotlar, doğrudanmı, torpaq uğrunda vuruşmaq istəyirlər. Qadın müxbir özü verdiyi sualı özü belə cavablandırıb: “Qətiyyən yox!”. O, Sarkisyanla Koçaryanın mövqeyini də kəskin tənqid edib və onların hər ikisinin Qarabağlı olmasına baxmayaraq Qarabağı deyil, Qarabağ kartı ilə topladıqları var-dövləti qorumaq istədiklərini xüsusi vurğulayıb.
Ermənistanda hərbi sənaye kompleksinin də acınacaqlı durumda olduğu müxtəlif faktlarla açıqlanır. Burada işləyənlər belə qənaətdədirlər ki, hökumət hərbi sənayeyə vəsait ayırmaqdan vaz keçib. Hətta vurğulanır ki, Azərbaycanın hərbi büdcəsi ildən-ilə artdığı və Ermənistanın ümumi dövlət büdcəsindən çox olduğu halda Paşinyan hökumətinin təqdim olunan layihələri “keyfiyyətsizdir, müasir standartlara cavab vermir”-, deyə rədd edir. Hərbi-sənaye kompleksinin başbilənləri çıxış yolunu yenə də diasporda görürlər. Onlar bildirirlər ki, orda-burda populist çıxışlar etməkdənsə, hərbi-sənayeyə maddi yardım göstərsinlər.
“Zartonk” milli xristian partiyasının irəli sürdüyü təkliflər isə sözün həqiqi mənasında xəstə təxəyyülün məhsuludur. Ermənistan siyasətində yeri olmayan bu xristian partiyası oktyabrın 10-da belə bir sərsəm bəyanat yayıb ki, Ermənistan hökuməti nəinki Azərbaycanla sülh müqaviləsi barədə danışıqlar aparmalı, əksinə, bütün danışıqlar arxivə atılmalıdır. Üzvlərinin sayı çox az olan bu partiyanın icraiyyə orqanı xatırladır ki, 1992-ci il iyulun 8-də Ermənistan Ali Sovetinin qəvbul etdiyi 0663 saylı qərarında göstərilir ki, Ermənistanın prezidenti, baş naziri, hökuməti, eləcə də ali soveti Ermənistanın ərazi mübadiləsi məsələsini həll etmək hüququna malik deyil. Qarabağın Azərbaycanın tərkib hissəsi olması barədə qəbul edilən istənilən beynəlxallllq sənəd isə Ermənistan respublikası üçün qəbuledilməz hesab olunur. Bu “qərar”ın geniş şərhinə, əlbəttə, o qədər də ehtiyac yoxdur. Ən azı ona görə ki, ermənilərin beynəlxalq sənədləri saya-hesaba almamaları barədə çoxsaylı faktlar mövcuddur. BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması barədə qəbul etdiyi 4 qətnamə də, məlumdur ki, ermənilər tərəfindən yerinə yetirilmədi. Azərbaycan ordusu bu funksiyanı öz üzərinə götürdü və qələbə çalaraq Ermənistanı diz çökməyə vadar etdi.
Nəsib QARAMANLI