Bu fikri Türkiyə televiziyasının efirində Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) rəhbəri, Türkiyə Prezident Administrasiyası Təhlükəsizlik və Xarici Siyasət Şurasının sabiq üzvü, professor Aygün Attar deyib.
O, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası istiqamətində həyata keçirilən irimiqyaslı layihələrə diqqət çəkib. "Ermənistanın təcavüzü və işğalı nəticəsində dəyən ziyanı 150 milyard ABŞ dolları dəyərində qiymətləndirilən ölkə qısa müddətdə həqiqətən nəhəng işlər görə bildi, o cümlədən işğaldan azad edilmiş bölgələrdə bir neçə beynəlxalq hava limanı istifadəyə verildi. Vətənin hüdudlarından kənarda yaşayan bütün azərbaycanlılar adından Prezident İlham Əliyevə Azərbaycanın iqtisadi, hərbi və diplomatik müstəvidə qazandığı iqtisadi qələbəyə görə təşəkkür etmək istəyirəm. Bu triumf ECO-nun Xankəndidə keçirilən Zirvə görüşündə də nümayiş etdirildi”, - deyə TADİV rəhbəri bildirib.
Onun sözlərinə görə, müasir Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinə mühüm töhfə verən nüfuzlu və güclü dövlətdir. Professor bununla bağlı Prezident İlham Əliyevin dünyanın 12 ölkəsinə qaz nəqli ilə bağlı sözlərini xatırladıb.
“Azərbaycan rəhbərliyi düşünülmüş çoxvektorlu siyasət aparır ki, bu da İslam dünyası ölkələrinə münasibətdə özünü büruzə verir", -deyə TADİV rəhbəri qeyd edib.
O, Azərbaycanın Türkiyə və Pakistanla yaxınlığını və sıx əməkdaşlığını da diqqətə çatdırıb. "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan üçün Azərbaycanın hər bir guşəsi ikinci vətəninin bir hissəsidir və Pakistanın Baş naziri son 45 gündə ikinci dəfə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edib", -deyə professor vurğulayıb.
Professor, eyni zamanda, tamaşaçıların diqqətini ECO-nun Xankəndidə keçirilən Zirvə görüşünün Şimali Kipr Türk Cümhuriyyəti üçün əhəmiyyətinə yönəldib. O əlavə edib: “Dövlət başçılarının iştirakı ilə Qarabağda atların “Zəfər” şousunda bu mötəbər tədbirin digər iştirakçılarının bayraqları ilə birlikdə milyonlarla insanın qarşısında Şimali Kiprin bayrağı da dalğalandı və Lefkoşanın müzakirələrdə müşahidəçi statusuna malik müstəqil ölkə kimi iştirakı elan olundu. Bütün bunlar Şimali Kiprin dövlət başçısının daha bir diplomatik uğuru oldu".(AZƏRTAC)