Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Ağdaban kənd inzibati ərazi dairəsinə daxil olan Bağırlı kəndi çox səfalı yerdə yerləşir. Toponim XIX əsrdə Şamaxı qəzasında yaşamış 47 ailədən ibarət bağırlı maldar elatının adı ilə bağlıdır. Krım vilayətində Baqerovo adlı şəhər tipli qəsəbə, 1933-cü ildə Sabirabad rayonunun Həşimxanlı inzibati ərazi dairəsində Bağırtuğay kəndi qeydə alınmışdır. Aşqabad vilayətində Baqır adlı dağ vardır. Türk dillərində bağır//baqır sözü "dağ yamacı", "dağ döşü", " obyektin qabaq hissəsi" mənalarında da işlənir. Kəndin Bəbirxan yurdu, Qaraxır yurdu, Göy bulaq, Qiblə bulağı, Bəzirgan bulağı, Qılışlar, Təkdam, Usub talası, Daşlı tap, Bozlu və s. kimi məşhur yerləri də vardır.
İsa MUSAYEV