Kəndin yerləşdiyi ərazi Qarabağ vulkanik yaylasına xas olan təbiətə və relyefə malikdir. Dəniz səviyyəsindən yüksəkliyi 1230 m. minimal hündürlüyü isə 1000 m.-dir. Meşələri zəngin olan kəndi Ağçay iki hissəyə - yerli əhali tərəfindən Güney və Quzey adlandırılan hissələrə bölür. Çay şimali-qərb hissədən daxil olaraq kəndin düz ortasından - sıldırım qayalıqlar arasından şərq istiqamətində 9 km axıb keçərək Həkəri çayına qovuşur. Qışı çox sərt və soyuq keçsə də, yayı isti keçir. Dekabr və yanvar aylarında Güney adlandırılan hissədə mülayim isti hava olduğu halda, Quzeydə qarın qalınlığı 25-30 sm-ə çatır.
Burada Azərbaycanın tarixini özündə əks etdirən qədim dini və mədəni abidələrinə heyran qalmamaq mümkün deyildi. Cicimli kəndi minillərin, tarixi, maddi- mədəniyyət və memarlıq abidələri, kurqan, qala tipli arxieoloji baxımdan faydalı olan qəbirüstü abidələri, at, qoç fiqurları , dini, milli sərvətlərimiz və əhalinin inanc yerləri sayılan pirləri, ocaqları ilə yaddaşlarda qalıb. Dövrün daşlaşmış səhifələri, abidələr, heykəllər, qalalar minilliklərdən soraq verərək xalqın tarixi yadigarına çevrilib. Məlum olduğu kimi, əsrlərdən əvvəl Humay quşu qədim türk xalqlarının Tanrısı hesab olunurmuş. At heykəlli qəbir daşlarında günəş simvolunun və əlində quş tutmuş insanın abidənin üzərində təsviri də çox güman ki, bu dəyərli tarixi abidələri dağılmaqdan qorumaq məqsədi daşıyırdı. Bu isə Cicimli kəndindəki abidələrin Türk Albaniyası dövrünün yadigarı olduğuna dəlalət edir. Alimlərimizin verdiyi məlumata əsasən bu ərazidə olan abidələrin çoxu bizim eranın xristianlıqdan əvvəlki dövrünə aiddir.
Elmi araşdırmalara əsasən Cicimli kəndində, yüksək dağlıq ərazidə yerləşən “Məlik Əjdər” türbəsi və el arasında “Kar günbəz” adlanan türbələrin XII-XV əsrlərdə türk memarlığı üslubunda inşa edildiyi qeyd edilir. Buna əyani sübutu kimi “Məlik Əjdər” türbəsi, ”Kar günbəz” abidəsi və bu abidələr ətrafında yerləşən "Çoban daş" abidəsini və çaylaq daşından düzbucaqlı formada tikilmiş məscid və digər tarixi daş əsərləri göstərmək olar.
Kəndin mərkəzindəki bu məscid uzun illər - Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalınadək mədrəsə kimi fəaliyyət göstərmişdir. Bu təhsil ocağında dövrünün görkəmli din xadimləri İslam dinini tədris etmişlər. Təsəvvüf ədəbiyyatının görkəmli nümayəndələrindən biri Mir Həmzə Seyid Nigari də Cicimli torpağının yetirməsidir.
Qeyd edək ki, böyük tarixi olan Cicimli kəndi 1828-ci il Türkmənçay "sülh" müqaviləsindən sonra Rusiya İmperiyasının bu ərazilərdə məskunlaşdırdığı ermənilər tərəfindən 8 dəfə işğal edilib, 7 dəfə əhalisi soyqırımına məruz qalıb və bütünlüklə yandırılaraq dağıdılmışdır.
Laçın rayonu 18 may 1992-ci ildə Ermənistan silahlı qüvvələri və rus hərbi birləşmələri tərəfindən işğal olunub. İşğal nəticəsində Cicimli kəndində yerləşən orta məktəbin 1948-ci ildə və 1976-cı ildə inşa edilmiş binaları, İcra nümayəndəliyinin, poçtun, tikiş fabrikinin, M.Ə.Sabir adına kolxozun, klubun, kitabxananın, qarışıq mallar mağazasının və tibb məntəsinin binaları, həmçinin kənd sakinlərinə məxsus 80-ə yaxın fərdi yaşayış evi Ermənistan silahlı qüvvələri və onlara himayədarlıq edən hərbçi ruslar tərəfindən yandırılaraq tamamilə məhv edilmişdir. Döyüş əməlyyatları zamanı döyüş mövqelərindən xeyli aralıda yerləşməsinə baxmayaraq ,12 may 1992-ci il tarixdə terrorçu erməni ordusuna məxsus artilleriya qurğusundan açılan atəş nəticəsində bu kənddə yerləşən XII-XIII əsr abidəsi “Məlik Əjdər” türbəsinin günbəz hissəsi dağıdılmışdır.
Birinci Qarabağ uğrunda gedən döyüşlərdə düşmənlə döyüşən yüzlərlə vətənpərvər laçınlılar arasında Cicimli kəndinin igid oğulları Füruzəddin Cəfərov, Elman Yusifov, Mehdi Məmmədov və “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmiş Məzahir İsmayılov şəhidlik zirvəsinə yüksəldilər.
Hazırda Cicimli kəndinin əhalisinin 95%-ə qədəri Sumqayıt şəhərində məskunlaşıb. Bütün məcburi köçkünlərimiz kimi onlar da dövlətimiz tərəfindən hərtərəfli qayğısı ilə əhatə olunsalar da, doğma yurd niskili, vətən həsrəti ilə yaşayırlar və arzu edirlər ki, yaxın zamanlarda öz doğma yurdlarına qayıdıb orada yaşasınlar. İnanırlar ki, Azərbaycan Prezidenti, Ali Baş Kommmandan İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində işğaldan azad olunan ərazilərimiz kimi Laçında da quruculuq və abadlıq işlərinə başlanılacaq, laçınlılar, Cicimli kəndindən olan məcburi köçkünlər Azərbaycan Ordusunun düşmən tapdağından azad etdiyi doğma yurda qayıdıb orada firəvan həyat sürəcəklər.
Hazırladı: Tahirə AĞAMİRZƏ