01.12.2025, 17:47
AZ EN
01.12.2025, 17:30 15

Qayıdış məktəblərində fərqli dərslər...

QARABAĞ
  • "Müasir şəhərsalma tələblərinə uyğun qurulmuş Ağdamın Sarıcalı kəndində və kəndin özəyi olan funksional və erqonomik məktəbdə yenilik və inkişaf toxumları tez bəhrə verməlidir. Pedaqoji və metodiki bilik və bacarıqlar müəllimlərə rahat və səmərəli işləmək, şagirdlərə dərindən öyrənmək imkanı verir".

"Vətən səsi" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini Vəfa Yaqublu bir neçə gün əvvəl Ağdamın Sarıcalı kəndində və Xankəndi şəhərində yenicə fəaliyyətə başlayan təhsil ocaqlarına baxış keçirdikdən sonra öz təəssüratlarını "Azərbaycan müəllimi"nə açıqlayarkən deyib. O, Sarıcalı və Xankəndi şəhəri N.Gəncəvi adına 4 nömrəli tam orta ümumtəhsil məktəbilərindəki yenilikləri diqqətə çatdırıb: "Ağdamın Sarıcalı kənd tam orta ümumtəhsil məktəbinin 3 və 4-cü siniflərindən ibarət komplekt sinifdə riyaziyyat dərsidir. Komplekt siniflərin bütün çatışmazlıqlarına rəğmən bir üstünlüyü danılmazdır: burada böyüklər kiçikləri öyrədir, öyrədərək özləri də öyrənir, kiçiklər isə böyüklərə baxıb irəli "boylanır". Vıqotskinin təbirincə desək, "yaxın inkişaf zonası"na daxil olurlar. Bu dərsdə böyüklü-kiçikli hamı məsələnin şərtini qısa formada - təsvirlər, simvollar, şərti işarələr və digər vasitələrlə yazmağı öyrənir".

Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbə gəlincə, MÜTDA-nın direktor müavini həmin təhsil müəssisəsində tədrisin ikinövbəli olması faktını işğaldan azad olunmuş ərazilərə "Böyük qayıdış"ın hamı üçün sevindirici halı kimi dəyərləndirib. Vəfa Yaqublunun sözlərinə görə, 35 illik ayrılıqdan sonra qapılarını doğma şagirdlərinə açan Xankəndi məktəbi ata-baba ocağına dönmüş uşaqlara dar gəlir: "Ədəbiyyat dərsi dinlənilən sinifdə 38 şagird oxuyur. Viktor Hüqonun "Səfillər" romanından parça - "Kozetta"nın hekayə xəritəsi cızılır, hadisələr müxtəlif obrazların nöqteyi-nəzərindən nəql edilir, "Hekayəni oxuyanda nə hiss edirdim?", "Oxuduqdan sonra nə haqda fikırləşdim?" sualları müzakirə olunur. Hiss, fikir, şərh arasında fərq öyrənilir. Müzakirə o qədər uzanır ki, Kozettanın pozulmuş uşaq hüquqlarını sadalamaq növbəti dərsə qalır".

Elxan SALAHOV

Oxşar xəbərlər