01.12.2025, 20:36
AZ EN
01.12.2025, 17:55 1

Mert Özdeş: Zəngəzur dəhlizi TDT-nin iqtisadi inteqrasiyası üçün son pazl parçasıdır

XƏBƏRLƏR
  • Qlobal güc balansının sürətlə dəyişdiyi, regional təhlükəsizlik arxitekturasının yenidən formalaşdığı müasir dövrdə Azərbaycanın siyasi, iqtisadi və geostrateji yeri ön plana keçir. Qarabağ Zəfərindən sonra Cənubi Qafqazda yeni reallıqlar yaradan Bakı, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və çoxvektorlu diplomatiyası ilə yalnız regionun deyil, Avrasiya məkanının əsas aktorlarından birinə çevrilib. Bu kontekstdə Türkiyə-Azərbaycan strateji müttəfiqliyi, Türk Dövlətləri Təşkilatının (TDT) gələcək inkişaf xətti, ABŞ-ın bölgəyə dəyişən yanaşması və Zəngəzur dəhlizinin regional güc balansına təsiri kimi məsələlər həm akademik, həm də siyasi dairələrdə geniş müzakirə olunur.

Şimali kiprli siyasi şərhçi Mert Özdeşin Azərbaycanın beynəlxalq arenadakı mövqeyi, Ankara–Bakı xəttində gözlənilən yeni əməkdaşlıq sahələri, TDT-nin qarşıdakı dönəm üçün gündəliyi, Türkiyə–Ermənistan normallaşma prosesinin perspektivləri və Orta Dəhlizin qlobal iqtisadi-siyasi sistemdə artan əhəmiyyəti ilə bağlı müsahibəsini təqdim edir.

- Mert bəy, Türkiyə ilə Azərbaycan arasında yaxın dövrdə hansı yeni əməkdaşlıq sahələrinin ortaya çıxması gözlənilir?

- Azərbaycan artıq, sadəcə, hidrokarbon ehtiyatlarına sahib postsovet dövləti kimi deyil, Avrasiyada güc balansını dəyişən “orta güc” və əvəzolunmaz “tənzimləyici aktor” kimi xarakterizə olunur. Rəsmi Bakının həyata keçirdiyi çoxvektorlu xarici siyasət qlobal qeyri-müəyyənlik şəraitində rasionallığı ilə seçilir. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan əldə etdiyi Qarabağ Zəfəri nəticəsində hərbi potensialını və sahədəki qətiyyətini sübut etməklə yanaşı, yeni geosiyasi reallıqda yaranan enerji böhranında Avropa İttifaqı üçün həyati əhəmiyyət daşıyan strateji enerji tərəfdaşına çevrilib. Azərbaycan artıq Şərqlə Qərb arasında sıxışmış ölkə deyil, öz geosiyasi reallığını diktə edən bir mərkəzdir.

Xüsusilə Qoşulmama Hərəkatına sədrliyi dövründəki uğuru və ardınca ev sahibliyi etdiyi COP29 kimi qlobal tədbirlər Azərbaycanın humanitar gücündən də hərbi gücü qədər effektiv istifadə etdiyini göstərir.

Vaşinqton və Moskva arasında balans qura bilən, eyni zamanda, Türk Dövlətləri Təşkilatının (TDT) cazibə mərkəzini formalaşdıran Azərbaycan Cənubi Qafqazın mübahisəsiz lider aktorudur.

Azərbaycan-Türkiyə arasındakı münasibətlər isə Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə yüksələrək beynəlxalq hüquq çərçivəsində də rəsmiləşib. Tarixi və mədəni əlaqələrin yaratdığı “bir millət” anlayışı artıq “bir bazar, ortaq ordu, inteqrə olunmuş enerji sistemi” vizyonuna çevrilir. İki ölkə arasındakı münasibətlərin dünyada başqa heç bir iki dövlətlə müqayisə edilməyəcək qədər unikal olduğu məlumdur. Zəngəzur dəhlizinin reallaşması ilə logistika maneələri tamamilə aradan qaldıracaq, ölkələr daha da yaxınlaşacaq və qarşılıqlı əməkdaşlıq fiziki inteqrasiyaya çevriləcək. Çünki Zəngəzur dəhlizi Türkiyə üçün, sadəcə, yol deyil, Türk dünyasına açılan qapıdır. Bu dəhliz Türk dünyasını Aralıq dənizi ilə birləşdirən strateji keçid rolunu oynayır. O, Türkiyənin Naxçıvan vasitəsilə birbaşa Azərbaycana və buradan da Xəzərin o tayına qədər fasiləsiz əlaqəsini təmin edir. Bu isə TDT-nin iqtisadi inteqrasiyasını tamamlamaq üçün çatışmayan son pazl parçasıdır.

Yaxın gələcəkdə xüsusilə müdafiə sənayesinin inteqrasiyası başda olmaqla enerji, nəqliyyat, rabitə, kibertəhlükəsizlik və kəşfiyyat sahələrində əməkdaşlığın daha da dərinləşəcəyi gözlənilir.

- Türk Dövlətləri Təşkilatına Azərbaycanın sədrlik etməsi təşkilatın gələcək fəaliyyətlərinə necə təsir göstərəcək?

- Azərbaycanın Türk Dövlətləri Təşkilatı daxilindəki çəkisi təşkilatın institusional inkişafı üçün katalizator rolunu oynayır. Azərbaycanın sədrliyi bu təşkilatın mədəni əməkdaşlıq mərhələsindən praqmatik strateji fəaliyyət mərhələsinə keçidini simvolizə edir. Bakının vizyonunda TDT, sadəcə, dil və tarix birliyi olan platforma deyil, regional təhlükəsizlik və iqtisadi inteqrasiya blokudur. Düşünürəm ki, Azərbaycanın liderliyi dövründə təşkilatın ortaq mülki müdafiə mexanizmi, gömrüksüz ticarət zonaları və Türk İnvestisiya Fondunun daha aktiv istifadəsi kimi istiqamətlərdə daha cəld və çevik qərarlar verəcəyi proqnozlaşdırılır. Demək olar ki, bu addımların da atıldığının şahidi oluruq.

-Türkiyənin Ermənistanla beynəlxalq münasibətləri yeni bir səviyyəyə çıxa bilərmi? Bu münasibətlərin Ermənistan–Azərbaycan sülh sazişinə mümkün təsirləri nələr ola bilər?

-Türkiyənin Ermənistanla normallaşma prosesindəki mövqeyi aydındır. Belə ki, bu proses Azərbaycan–Ermənistan sülh prosesindən müstəqil deyil, əksinə onunla paralel şəkildə irəliləyir. Türkiyənin Ermənistanla münasibətlərinin səviyyəsini müəyyən edəcək əsas amil isə rəsmi İrəvanın rəsmi Bakı ilə yekun sülh sazişini imzalama iradəsidir. Əgər Ermənistanın Baş naziri Nikol Paşinyan regional əməkdaşlığı əngəlləyən revizionist siyasətdən imtina etsə və Azərbaycanın ərazi bütövlüyünü şərtsiz şəkildə rəsmən tanısa, Türkiyə sərhədləri açmağa hazırdır. Sərhədin açılması isə Ermənistanı iqtisadi təcriddən və birtərəfli asılılıqdan çıxara biləcək yeganə addımdır. Bu baxımdan, Türkiyə ilə normallaşma Ermənistan üçün bir mükafat, Azərbaycan ilə sülh isə bu mükafatın “ön şərti” hesab edilməlidir.

-ABŞ-ın Türkiyəyə və Azərbaycana yönəlik siyasətindəki ciddi dəyişikliklərin əsas səbəbləri nələrdir?

-Düşünürəm ki, ABŞ-ın regiona yanaşma tərzindəki dəyişiklik “böyük güc rəqabəti” doktrinası çərçivəsində Cənubi Qafqaz və Orta Asiyanın yenidən dəyərləndirilməsi ilə bağlıdır. Bu kontekstdə Orta Dəhliz həyati əhəmiyyət kəsb edir. Rusiya-Ukrayna müharibəsi və Qırmızı dənizdəki böhranlar Şimal və Cənub dəhlizlərini riskli edib, bunun nəticəsi olaraq Orta Dəhlizi tək təhlükəsiz marşruta çevirib. Bu dəhlizin açarları isə Türkiyə və Azərbaycanın əlindədir. ABŞ enerji resurslarına çıxış əldə etmək istəyirsə, Türkiyə və Azərbaycanla funksional və strateji tərəfdaşlıq qurmaq məcburiyyətindədir. Bu yanaşmanı ideoloji seçim deyil, geosiyasi zərurət hesab edirəm. (AZERTAC)

Oxşar xəbərlər