Bu sözləri açıqlamasında amerikalı politoloq və beynəlxalq təhlükəsizlik məsələləri üzrə analitik İrina Tsukerman deyib.
Analitikin sözlərinə görə, Orta Dəhlizin strateji mahiyyəti Avrasiya ticarəti üçün coğrafi asılılığı olmayan ikinci bir magistral yaratmasındadır. “Vaşinqton üçün bu, struktur xarakterli bir problemin cavabıdır, çünki tədarük zəncirləri siyasi təsirlərə məruz qala bilən marşrutlar ətrafında cəmləşmişdir. Etibarlı Trans-Xəzər xidməti bu asılılığı qırır, rəqabəti artırır və prosesin başlanğıc və son mərhələlərində məsuliyyətli davranışı təşviq edir”, – deyə İrina Tsukerman qeyd edib.
O bildirib ki, Orta Dəhlizin uğuru onun ən zəif halqasının gücləndirilməsindən asılıdır. Bu baxımdan Xəzərin şərq sahilində limanlarda çevik xidmət, gəmilərin mövcudluğu və rəqəmsal sənədləşmənin harmoniyası mühüm əhəmiyyət kəsb edir.
“Cədvəllər sabitləşdikdə, ekspeditor şirkətləri etibarlı daşınma vaxtlarını təklif edə bilirlər. Gömrük qurumları qarşılıqlı məlumat mübadiləsinə güvəndikdə isə konteynerlər sərhədlərdə gözləmədən keçid əldə edir. Regionun transformasiyası o zaman başlayır ki, Mərkəzi Asiyadakı ixracatçılar və Avropadakı idxalçılar Orta Dəhlizi alternativ deyil, adi və etibarlı seçim kimi görürlər”, – deyə İrina Tsukerman vurğulayıb.
O qeyd edib ki, Azərbaycan üçün Orta Dəhliz Ələt limanını və ona bağlı dəmir yolu xətlərini regional nəqliyyat qovşağına çevirir. “Bu infrastruktur yalnız əməliyyat göstəricisi deyil, həm də dövlətçilik alətidir. Əgər dəhliz mövsümi sıçrayışlardan çıxıb müntəzəm həftəlik ritmə keçə bilsə, konteyner təmiri, soyuq zəncir və broker xidmətləri kimi əlavə iqtisadi sahələr məhz bu marşrut ətrafında formalaşacaq”, – deyə analitik bildirib.
Ekspertin fikrincə, Orta Dəhlizin əhəmiyyəti sənaye siyasəti ilə də birbaşa bağlıdır. Sabit enerji təchizatı, sürətli gömrük rəsmiləşdirilməsi və azad iqtisadi zonalar təmin olunarsa, yüngül emal və yığım sahələrinin Cənubi Qafqaza yönəlməsi mümkündür. Beləliklə, tranzit fəaliyyəti tədricən sabit investisiyaya, logistika təşəbbüsü isə məşğulluğun inkişafını dəstəkləyən iqtisadi strategiyaya çevriləcək.
Enerji və yükdaşımaların qarşılıqlı tamamlayıcı rol oynadığını da vurğulayan İ.Tsukerman deyib: “Neft və qaz gəlirlərin sabitliyini təmin etməklə yanaşı, enerji sistemlərinin modernləşməsinə şərait yaradır. Emissiyaların idarə edilməsi təkmilləşdikcə, Orta Dəhliz aşağı karbon göstəricilərini rəqabət üstünlüyünə çevirə bilər. Bu, həm kommersiya, həm də ekoloji baxımdan yeni imkanlar açır.
Zəngəzur dəhlizi (TRİPP) isə regionda yeni geoiqtisadi mərhələnin əsasını qoyur. Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında, oradan isə Türkiyəyə birbaşa bağlantı yaradacaq bu xətt nəqliyyat sisteminin çevikliyini artıracaq. Qısa məsafə ilə yanaşı, bu dəhliz qatarların alternativ istiqamətlərə yönləndirilməsinə, vaxt dəqiqliyinin qorunmasına imkan verəcək. Zəngəzur dəhlizinin tam fəaliyyəti regionun logistika sistemini yenidən formalaşdıracaq. Bu marşrut Mərkəzi Asiya mənşəli yüklərin Aralıq dənizi və Avropa bazarlarına daha sıx inteqrasiyasını təmin edəcək. Boş qayıdışların azalması və sərhəd gözləmələrinin qısalması iqtisadi səmərəliliyi əhəmiyyətli dərəcədə artıracaq”.
Analitik qeyd edib ki, TRIPP marşrut boyu yerləşən yaşayış məntəqələri üçün yeni iqtisadi imkanlar yaradacaq, insan kapitalının formalaşmasına və logistik xidmətlərin ixtisaslaşmasına təkan verəcək.
“Bütün bunlar göstərir ki, Orta Dəhlizin və Zəngəzur dəhlizinin sinerjisi Cənubi Qafqazı “keçid bölgəsi” statusundan çıxararaq planlı və inteqrasiya olunmuş iqtisadi marşruta çevirir. ABŞ üçün bu, regionda tərəfdaşları dəstəkləməyin praqmatik və dayanıqlı yoludur. Azərbaycan üçün isə sabit gəlir axını, sənaye potensialının dərinləşməsi və diplomatik nüfuzun artması deməkdir”, – deyə amerikalı ekspert vurğulayıb.
Onun fikrincə, bu transformasiya yalnız infrastruktur deyil, həm də idarəetmə, maliyyə və rəqəmsal texnologiyalar sahəsində sinxron addımların nəticəsində mümkün olacaq: “Regionun ticarətçiləri, istehsalçıları və enerji təchizatçıları planlarını etibarlı qrafiklər əsasında qurduqda, Cənubi Qafqaz yeni nəqliyyat və iqtisadi koordinasiya mərkəzinə çevriləcək”. (AZERTAC)