28.04.2026, 12:15
AZ EN
28.04.2026, 10:31 128

Köçəryan: "Ukrayna müharibəsinin sonu Ermənistanın çöküşü olacaq"

XƏBƏRLƏR
  • Ermənistanın hazırkı iqtisadi vəziyyəti bütünlüklə xarici amillərdən asılıdır. Xüsusilə Ukrayna müharibəsi kontekstində Rusiyaya tətbiq edilən sanksiyalar Ermənistanın iqtisadi maraqlarına tam uyğundur. Həmin sanksiyaların uzun müddət qorunub saxlanması Ermənistana əlavə gəlirlər qazandırır.

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın keçmiş prezident, Baş nazirliyə namizəd kimi iyunun 7-də keçiriləcək seçkilərə qatılmaq istəyən Robert Köçəryan deyib. O, ölkəsinin üzləşdiyi iqtisadi çətinliklərdən danışarkən qeyd edib ki, Rusiyanın Ukraynada apardığı müharibə Ermənistan iqtisadiyyatı üçün yeni pəncərə açıb. Onun sözlərinə görə, Paşinyan hökuməti Rusiyaya qarşı beynəlxalq sanksiyalardan istifadə edərək Ermənistandakı iqtisadi tarazlığı müəyyən qədər qorunub saxlamağa nail ola bilir: "Amma bu, hansısa məhsulların idxalı, nəyinsə Rusiyaya yenidən satılması və ölkənin istehsal gücünü artırması hesabına baş verməyib. Rusiya sanksiyalardan azad olan gün Ermənistan iqtisadiyyatı ciddi problemlərlə üzləşəcək, çöküş baş verəcək. Bu, şübhəsizdir".

Robert Köçəryan hesab edir ki, belə bir ssenarinin qarşısını almaq üçün iqtisadiyyatın davamlı inkişafı üçün möhkəm təməllər yaratmaq lazımdır. O, Paşinyan hökumətini heç bir iqtisadi fəaliyyət göstərməməkdə suçlayıb və bildirib ki, vəziyyətin bu cür davam etməsi Ermənistan üçün böyük fəlakətə gətirib çıxaracaq: "Əgər ölkə iqtisadiyyatında real irəliləşlərə nail olunmasa, Ukraynada müharibəsinin başa çatması Ermənistanın çöküşünün başlanğıcı olacaq".

Keçmiş prezident bu açıqlaması ilə Avropa ölkələrinin sanksiyaları altından olan Rusiyanın xarici ticarət dövriyyəsinin çox böyük hissəsinin Ermənistan vasitəsilə həyata keçirdiyinə və İrəvanın bundan böyük qaznc əldə etdiyinə işarə edir.

Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra ABŞ və Avropa İttifaqı ölkələri Moskvaya qarşı iqtisadi sanksiyalar tətbiq edib. Həmin sanksiyalara əsasən xaricdən Rusiyayamal və  məhsul ixracı məhdudlaşdırılıb. Bundan sonra Ermənistan özünün xarici tərəfdaşlarından ixrac etdiyi məhsulları gizli şəkildə Rusiyaya ötürməyə başlayıb. Bu isə Ermənistan dövlət büdcəsinə külli miqdarda vəsait qazandırır. Lakin sirr deyil ki, bu, müvəqqəti haldır. Belə ki, Ukrayanaya qarşı hərbi əməliyyatlar dayandırıldıqdan və müharibəyə son qoyulduqdan sonra Rusiyaya yönəlik sanksiyalar da aradan qaldlırılacaq. Bundan sonra Rusiyanın Ermənistanın köməyinə ehtiyac qalmayacaq və gizli vasitəçi kimi Rusiyaya ötürürülən məhsullara görə əldə etdiyi gəlirlərdən məhrum olacaq. Belə olan halda Ermənistan iqtisadiyyatının hazırkı dayanıqlığı sabun köpüyü kimi əriyib itəcək. Keçmiş prezidenr Robert Köçəryan "Ukraynada müharibəsinin başa çatması Ermənistanın çöküşünün başlanğıcı olacaq" söyləyərkən məhz bunu nəzərdə tutub. 

Elxan SALAHOV

Oxşar xəbərlər