Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı rayonunun Kavdadıq kəndi Qaralar kənd inzibati ərazi dairəsinə daxildir. Kənd Bərgüşad çayı ilə Həkəri çayının birləşdiyi yerdə, yazı düzündə yerləşir. Yerli əhali kəndin adını kovxalıq kimi izah edir. Oykonimin ilkin versiyasının Kavdoabdıq olduğunu iddia edən tədqiqatçılar qeyd edirlər ki, kav (farsca "dağ keçidi", aşırım) doab (iki çay) və dıq Azərbaycan dilindəki məkan bildirən -lıq şəkilçisinin variantıdır. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Qubadlı rayonunun Kavdadıq kəndi Ulaşlı kənd Sovetindən alınıb Qaralar kənd Sovetinin tərkibinə verilmişdir. Kənd 30 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
İsa MUSAYEV