Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Kəlbəcər rayonunun kəndlərindən biri də Ağcakənd kəndidir. Qarasu çayının sol sahilində, Qonqur silsiləsinin ətəyində yerləşən bu yaşayış məntəqəsi rayon mərkəzindən 55 km cənub-şərqdə yerləşir. Yaşlı adamların verdiyi məlumata görə kəndin adı kürd mənşəli Ağcanın adından götürülüb, lakin kürd mənşəli olmalarına baxmayaraq, onların adları türk mənşəlidir. Tədqiqatçılar kəndin adının müxtəlif versiyalarını da qeyd edirlər. Belə ki, digər məlumata görə Laçın rayonunun Ağcakəndinde yaşayan varlı adamlar mal-qoyun saxlamaq üçün kəndin yerləşdiyi ərazidən binə yeri kimi istifadə etmişlər. Kəndin digər adı burada əvvəllər məskunlaşmış nəslin adı ilə Kamyanlı adlandırılmışdır. 19-cu əsrin əvvəllərində kəndin adı dəyişdirilərək Ağcakənd qoyulmuşdur. Kəndin əsas iqtisadiyyatı heyvandarlıq və əkinçilik olub. Kənd məşhur yaylaqları (Kəkliyin yalı, Quzey yurdu, Sarıbulaq yurdu, Qazmalar yurdu və s.) bulaqları (Tələlər bulağı, Çınqıl bulağı, Novlu bulağı, İyli bulaq, Banı bulağı və s.), binə - qışlaqları (Ocaqqulunun binəsi, Sarıbulaq binəsi), məşhur yerləri (Sona qayası, Maraluçan qaya, Əvəlikli yal, Qənbər quzeyi və s.) ilə də məşhurdur. Ağcakənd kəndi Azerbaycan, Rusiya Prezidentləri İlham Əliyev, Vladimir Putin və Ermənistanın baş naziri Nikol Pasinyan tərəfindən imzalanmış üçtərəfli bəyanatdan sonra 25 noyabr 2020-ci ildə boşaldılmışdır.
İsa MUSAYEV