Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Taxtabaşı kəndi Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Başlıbel kənd Sovetindən ayrılaraq kənd mərkəz olmaqla Taxtabaşı kənd Soveti yaradılmışdır. Dağətəyi ərazidə yerləşən yaşayış məntəqəsini 1935-ci ildə Kəlbəcər rayonunun Xallanlı kəndindən çıxmış ailələr salmışlar. Kənd keçmiş Ağdərə rayonu ərazisindəki Taxta düzünün baş tərəfində yerləşdiyi üçün belə adlanır.
Taxta sözü burada düz yer mənasında işlənir. Kənd dağətəyi ərazidə olduğuna görə dağlıq yerdə, yüksəklikdə düz yer kimi qəbul edilməlidir. Kənd mənzərəli yerdə salındığından Sünbülü yurd, Buzxana yurdu, Çala yurd, Ləzgi yurdu kimi yaylaqları, Şırşır bulaq, Göy bulaq, Yağlı bulaq, Turşsu, Dam bulaq və s. kimi bulaqları, Mamo dərəsi, Abbasın quzeyi, Vişka, Qandallı, Paşanın yeri və s. kimi məşhur yerləri, binələri və qışlaqları ilə də seçilir. Taxtabaşı kəndi 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində azad olunmuşdur.
İsa MUSAYEV