Şərqi Zəngəzur iqtisadi zonasına daxil olan Kəlbəcər rayonunun Lev kəndi Burovar silsiləsinin ətəyində salınmışdır. Kəndin adı oradakı Lev, yaxud Leh adlı qədim qalanın adından götürülmüşdür. Həmin qala Tərtər çayının sahilində, sıldırım qayanın üstündədir. Verilən məlumatlara görə, xalq arasında qala Lev, Ləkərqışlaq, Loktim də adlanır. Qalanın tarixi barədə tədqiqatçılar yazır ki, 12-ci əsrdən məlumdur. Söz "dağ çıxıntısı, irəli çıxmış qaya" kimi mənaları ifadə edir. Lev kəndi 25 noyabr 2020-ci ildə işğaldan azad edilmişdir. Təbii gözəlliyə, qədimliyə söykənən bu kənd Çınqıllı yurd, Əbildüşən yurd, Qumarxaç yurdu, Şiştəpə yurdu, Ağdaş yurdu kimi yaylaqları, Soyuq bulaq, Sarının suyu, Portport bulaq, Rus bulağı kimi bulaqları, Kamranbicən, Çəpərli, Zəli gölü, Şirşir bulaq, Şişqaya, Yekədas, Div biçənəyi kimi məşhur yerləri, Ağıl binəsi, Təkdam binəsi kimi qislaqlari ilə də seçilir. Bütün Azərbaycan xalqı kimi Lev kəndinin də igid övladları həm Birinci Qarabağ, həm də Vətən muharibəsində şəhidlik və qazilik zirvəsinə ucalmışlar.
İsa MUSAYEV