XIX əsrə aid yazılı mənbələrdə kəndin adı Hulaşlı şəklində qeydə alınmışdır. Tədqiqatçılara görə, oykonim erkən orta əsrlərdə Şimali Qafqazda yaşamış hulaşar tayfasının (Suriya mənbələrində Kulas) adı ilə bağlıdır. Ərəb mənbələrində onlardan xəzər tayfalarından biri kimi bəhs olunmuşdur. XII əsrədək Volqa çayının sahilində bulqarların Hulaş şəhəri olmuşdur. "Kitabi-Dədə Qorqud" dastanlarındakı Ulaş antroponimi də bu etnonimin variantı hesab edilir. Hulaşların bir qismi müxtəlif vaxtlarda xəzər, bulqar və suvarların tərkibində Azərbaycana gəlmişlər. Keçmiş Borçalı qəzasında (Gürcüstan) Hulaş (Kulaş), Dağıstanda Ulaşlı kəndi, Ermənistan (XVII əsr) və Qazaxıstan ərazilərində Kulaş yaşayış məntəqələrinin adları hulaşların adı ilə bağlı olmuşdur.
-Kahalı dərə - deyilən yer Ulaşlı kəndindədir. Dərədə kahaların olması ilə əlaqədardır.
-Köhnə qışlaq - Ulaşlı kəndində yurd yerləridir, köhnə damların qalıqları qalmaqdadır.
-Qaya qaşqa - deyilən yer Ulaşlı kəndinə, dağ massivi rəng dəyişkənliyinə görə adlandırılır.
-Ulaşlı dərəsi - deyilən yer isə (Hulaş) Tayfalarının adı ilə əlaqələnir. Hulaş Xəzər tayfalarının birinin adıdır. Yuxarıda qeyd olunduğu kimi, Volqa çayının sahilində Hulaş şəhəri olub. Ulaş təpə, Ulaş dərəsi kimi oronimlərə rast gəlinir. Respublikamızın Kəlbəcər rayonu, Xocavənd rayonu, Zəngilan rayonu, Masallı rayonlarında bu cür toponimlər qeydə alınmışdır.
“Kitabi Dədə Qorqud” dastanında Amud soyunun aslanı Ulaş oğlu salur Qazan Qaracuğun qaplanı kimi verilmişdir.
Ulaşlı kəndi 1993-cü ilin avqust ayında etməni terrorçuları tərəfindən işğal edilmişdir.
2020-ci il noyabrın 9-da Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Tahirə AĞAMİRZƏ